Modern.az

Eks-nazir müavini Akif Rəfiyev: “7 nazir və 3 baş prokurorla işləmişəm” - SÖHBƏT

Eks-nazir müavini Akif Rəfiyev: “7 nazir və 3 baş prokurorla işləmişəm” - SÖHBƏT

3 Dekabr 2012, 13:21

Türkmənistana baş prokuror təyinatım zamanı Heydər Əliyevin razılığını istəmişdilər...”

Azərbaycan Respublikasının əməkdar hüquqşunası, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri (ədliyyə generalı) Akif Rəfiyev adlı-sanlı bir nəslə mənsubdur. Cümhuriyyətin yaradıcılarından biri olan Rəfibəylilər sovet dövründə təqiblərdən qurtulmaq üçün müxtəlif soyadlar daşımalı olublar. Buna görə də hətta doğma qardaşları Rəfizadə olduqları halda, müsahibimizin “Rəfiyev” soyadı daşıması təəccüblü deyil. Onun taleyinin böyük bir dövrü prokurorluq və Daxili İşlər Nazirliyindəki fəaliyyəti ilə bağlıdır. A.Rəfiyevin son iş yeri Ədliyyə Nazirliyi olub. Düz 11 il nazir müavini olmuş bu insanın üç bədii filmdə məsləhətçi olması da özü-özlüyündə maraqlı faktdır. Çingiz Abdullayevin məşhur əsəri əsasında “Dronqo” filminə məsləhətçiliyi A. Rəfiyev məhz Ədliyyə Nazirliyində işləyərkən edib. “O qızı tapın” və İ. Əfəndiyevin “Sarıköynək və Valehin nağılı” adlı əsəri əsasında çəkilən digər bir filmə isə o, Daxili İşlər Nazirliyində işləyərkən baş məsləhətçi kimi dəvət edilib.

Akif Rəfiyev Modern.az-a təşrif gətirdi və müsahibə verdi. Hazırda istefada olan təcrübəli məmur, istintaqçı və prokuror mənsub olduğu məşhur Rəfibəylilər nəslindən başqa, işlədiyi dövrdə qarşılaşdığı və şahidi olduğu olayları nəql etdi. Modern.az-ın “Sabiqlər” rubrikasında Akif Rəfiyevlə söhbəti təqdim edirik...

Məni Türkmənistana baş prokuror təyin edirdilər

– Daxili İşlər Nazirliyində Cəfər Vəliyev, Aydin Məmmədov, Məhəmməd Əsədov, Ədliyyə Nazirliyində Əlisaab Orucov, İlyas İsmayılov, Südabə Həsənova və Fikrət Məmmədov, prokurorluq sistemində Seyfulla Əkbərov, Qamboy Məmmədov və Abbas Zamanovla işləmişəm. Ümumilikdə 7 nazir və 3 baş prokuror. Sumqayıt şəhərinin prokuroru olduğum zaman mən Moskvadakı kursa göndərildim. Bu təxminən 80-ci illərə təsadüf edir. Bu, SSRİ –də iri şəhərlər üzrə təkmilləşdirmə ilk kurs idi. Ora 50 mülki prokuror, 25 hərbi prokuror dəvət olunmuşdu. Azərbaycandan o siyahıya 3 şəhər düşmüşdü, Bakı, Sumqayıt və Gəncə. Mən kursa göndərilməyim baş prokuror Abbas Zamanovun təşəbbüsü idi.

Moskvadakı kursda qrup başçısı seçildim. Qrupda çex və bolqarlar var idi. Praqa və Varna şəhərlərinin prokuroru da bizim qrupda təkmilləşdirmə keçirdi. SSRİ-nin baş prokuroru Rekunkov  bizə mühazirə deyirdi.

Bu ərəfədə Türkmənistanın baş prokurorunu rüşvət üstündə həbs elədilər. Milliyyətcə rus olan bu adamı Rekunkov birinci katiblə əvvəlcədən razılaşdırmadan təyin elədiyinə görə bu hadisə böyük qalmaqal doğurmuşdu. Həmin dövrdə kursun rəhbəri general Baskov idi. O, mənimlə xüsusi maraqlanırdı. Daha sonra o, mənim Türkmənistana baş prokuror göndərilməyimə təşəbbüs etdi. Çünki müsəlman respublikasına milliyyətcə rus olan bir şəxsin göndərilməsi və sonda onun rüşvətxor kimi ifşa olunması Moskvada Rekunkova qarşı MK–da  müəyyən narazılıqlar doğurmuşdu. Odur ki, məni müsəlman olduğum üçün kadrlar idarəsinə çağırdılar və bildirdilər ki, “fikrimiz var ki, sizi Türkmənistana baş prokuror göndərək”. Əlbəttə, mən etiraz etdim, dedim ki, yerli dili bilmirəm. Amma mənim etirazıma əhəmiyyət verilmədi. Kadrlar idarəsi Moskvada öz fikirlərində qalırdılar.

Bir az sonra mənə zəng edildi, dedilər ki, Bakıya, Daxili İşlər Nazirliyinə çağırılırsınız. Bu baradə Abbas Zamanova zəng vurdum və çağırış barədə onu məlumatlandırdım. O da mənə bilet alıb Bakıya gəlməyi məsləhət bildi. Bunu general Baskova bildirdim və təcili geri döndüm. Zamanovla görüşdüm, amma Moskvadakı söhbəti ona deməyə hardasa çəkinirdim, çünki mən onun kadrı idim, onun xəbəri olmadan hansısa təyinata razılaşa bilməzdim. Baş prokuror dedi ki, “sabah səni Mərkəzi Komitədə qəbul edəcəklər. Heydər Əliyevin sənə deyəsi sözü var. Get ora, gələrsən danışarıq”.
Nə qədər özümü toplasam da, deyə bilmədim ki, SSRİ prokurorunun müavini artıq məni qəbul edib və mənə deyib ki, prinsip etibarilə Türkmənistana baş prokuror təyinatım artıq həll edilmiş məsələdir.

Heydər Əliyev mənə dedi ki...


- Uzun sözün qısası, Mərkəzi Komitəyə getdim. Heydər Əliyevin qəbulunda oldum. Mənə dedi ki, “başqa rayonlarla müqayisədə Sumqayıtda çox yaxşı işləyibsiniz. Belə qərara gəlmişik ki, sizi prokurorluq sistemindən daxili işlər sisteminə keçirək. DİN-də İstintaq İdarəsinin rəisi vəzifəsində çalışacaqsınız”.
Məndən etirazımın olub-olmadığını soruşdu, dedim ki, necə məsləhət bilirsinizsə, elə də olsun.

Mərkəzi Komitədən çıxıb A. Zamanovun yanına gəldim. Məni təbrik elədi, eyni zamanda Rekunkovun məsələsini mənə başa saldı. Dedi ki, Türkmənistana təyinat təşəbbüsü ondan gəlib və o, birinci katib kimi Heydər Əliyevin razılığını istəyib. Heydər Əliyev də sənin işini bəyəndiyi üçün Azərbaycanda qalmanı məsləhət bilib.

Beləliklə, o vaxtın qaydalarına uyğun olaraq Mərkəzi Komitənin Bürosuna gəldim və büroda məni DİN-in İstintaq İdarəsinin rəisi vəzifəsinə təsdiq elədilər. Sonra yenidən Moskvaya qayıtdım. SSRİ daxili işlər naziri Şelokov xaricdə olduğuna görə məni nazir müavini Çurbanov qəbul etdi. O, L.Brejnevin kürəkəni idi və kabinetində tərcümeyi-halımın oxunuşunu azca dinləyib yeni təyinatıma imza atdı.

Moskva məndən narazı idi

– Sovet dövründə ümumən ittifaqda SSRİ DİN üzrə 3 milyon yarıma qədər cinayət işi istintaq  olunurdu. Azərbaycanda təxminən 15 min cinayət işinə baxılırdı ki, bunun böyük hissəsi, hardasa 85%-i Daxili İşlər Nazirliyində istintaq edilirdi. Mürəkkəb və ağır işlər də olurdu. Məsələn, bir atanın arvadını və 3 qız övladını qətlə yetirməsi kimi çox ağır cinayət işləri vardı. Əlbəttə, o vaxtlar dövlət əmlakının mənimsənilməsi üstünlük təşkil edən cinayət növü idi. Bu sayaq cinayətlərlə bağlı böyük istintaq qrupları işləyir, çoxlu sayda təftişlər edilirdi. Moskvanın nəzarəti daim Azərbaycanın üzərində idi. Xüsusən Şamxorda (Şəmkirdə – red.) pambıq tədarükü ilə bağlı bir cinayət işini xatırlamağa dəyər. Bu işlə bağlı 9 nəfər Gürcüstanda həbs edilmişdi. Onlar Gürcüstandakı müəssisəyə pambığı təhvil verməməkdə ittiham olunurdular. İlkin istintaq zamanı azərbaycanlıları çox incitmişdilər. Moskvaya gedib cinayət işinin Azərbaycana verilməsinə razılıq aldım. Bu işin istintaqına 30 nəfər müstəntiq ayırdım və istintaq zamanı sübut olundu ki, bu hadisələr əslində gürcülərin dediyi kimi deyil, pambıq həqiqətən yığılıb, amma ayrı-ayrı ailə üzvlərinin yerinə bir adamın, ailə başçısının adına rəsmiləşdirilib. Həqiqəti ortaya çıxarsaq da, Moskva işi öz icraatına götürdü və əks yöndə iş başladı. Bütün incəlikləri bildiyimə görə, məsələnin Azərbaycanın əleyhinə istifadəsinə imkan vermədim. Moskvadan gəlmiş qrup düz 5 il bu işin üzərində işlədi. Azərbaycanın digər pambıq istehsal edən rayonlarına keçə bilmədilər. Nəticədə ancaq Şamxor işi ilə işlərini başa vurmağa məcbur oldular. Məni DİN nazir muavini vəzifəsindən azad etdilər. Amma o vaxtki rəhbərlik, məni çox yaxşı müdafiə etdi. Hətta məni pensiyaya getsəm belə, ədliyyə nazirinin müavini təyin elədilər.

Birinci katib “Sumqayıtda yaxşı işləmisən” deyərkən...

– Keçmişdə Azərbaycana qarşı qərəzli münasibətin varlığını heç cür danmaq olmaz. Bunun dəfələrlə şahidi olmuşam. 220 minlik əhalisi olan Sumqayıt  şəhərində Xalq Nəzarəti Komitəsinə Popov adlı bir nəfər rəhbərlik edirdi. Popovun müəssisə direktorlarına qarşı həddən artıq amansız münasibət daim hiss edilirdi. Ona qarşı şəhərdə mənfi fikir formalaşmışdır. Onun çirkin əməlləri və rüşfətxorluğu baradə prokrorluğa məlumatlar daxil olurdu. Onun rüşvət alması haqda məlumat aldım. Amma az sonra Popov Moskvadakı hamisinin köməyi ilə vəzifədə böyüdü. İndi vəkil kimi tanıdığınız Adil İsmayılov o vaxtlar gənc müstəntiq idi. Adil İsmayılovu məsələni aydınlaşdırmaq üçün Moskvaya ezamiyətə göndərdim. Bütün zəruri istintaq hərəkətlərini başa vurduqdan sonra Papovu Sumqayıta dəvət etdim. Burada istintaqı davam etdirdik və nəticədə onun haqqında həbs-qəti imkanı seçdik. Popovun işinə Azərbaycan Respublikasının Ali Məhkəməsində baxıldı və o 10 il müddətinə azadlıqdan  məhrum etmə cəzasına məhküm olundu.

Heydər Əliyevlə Mərkəzi Komitədə görüşümüz zamanı mənə dediyi sözləri xatırladım: “Əvvəllər işlədiyin rayonlarda qüsurların olub, amma Sumqayıtda yaxşı işləmisən”.
O bu sözləri deyərkən şübhəsiz, məhz Popovun məsələsinidə nəzərdə tuturdu.

Birgə işlədiyim şəxslər arasında İlyas İsmayılov yeganə rəhbərdi ki...


– Birgə işlədiyim Şəxslərin hamısını hörmətlə anıram. Xüsusən Abbas Zamanovu. Mən Azərbaycanda hüquq-mühafizə orqanlarında rəhbər vəzifədə işləyən şəxs kimi İlyas İsmayılovun adını çəkə bilərəm. Onu daim öz üzərində işləyən, güclü mütaliə edən, ədəbiyyatı və tarixi sevən insan kimi tanıyram. Mən rayon və şəhər prokuroru işlədiyim zaman o, respublika prokurorunun müavini işləyirdi. Onunla münasibətlərimiz hər zaman yaxşı olub. Mənim Ədliyyə Nazirliyində müavin işlədiyim dövrlərdə isə o, nazir vəzifəsinə təyin olundu. Xeyli müddət bigə işlədik.

14 yaşından maşın sürürəm

– Mən yazıçı deyiləm. Ara bir boş vaxtlarımda xırda detektiv hekayələr yazıram. Bir neçə hekayəm “525-ci qəzet”də dərc edilib. 14 yaşımdan avtomobil idarə edirəm.
Bir oğlum, bir qızım var. Hər ikisi ixtisasca həkimdir. Qızım həkim işləyir. Oğlumun ali hüquq təhsili də vardır.  MTN-in mayorudur, o, bir neşə ildir iş yerini dəyişib, indi müstəqil fəaliyyət göstərir. Özüm də Azerbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında pedağoji fəaliyyətlə məşğulam.

Nəslimiz 29 il repressiya olunub

- Gəncəliyik, nəslimizin 400 ildən artıq tarixi var. Ümumiyətlə, Rəfibəylilər 16 soyadı daşıyır: Rəfibəyli, Rəfili, Rəfizadə, Rəfibəyov, Rəfiyev. Türkiyədə isə 3 soyad – Arran, Sayqın, Əsgəran. Orta Asiyada da nəslimizin davamçıları var. 1920-ci ildən 1949-cu ilə qədər nəslimiz 9 dəfə sürgün olunub. Hələ mən güllənənləri, öldürülənləri demirəm. Ona görə də bizim nəsildə hətta Kərimov, Kərimli, Rəcəbov, Babayev kimi soyadlar daşıyanlar da az deyil.
Atamın Cəmil adlı əmisi oğlu var idi, çox cəngavər insan idi. 1926-cı ildən 1956-cı ilədək sürgündə olmuşdu. O, 500 süvarinin rəhbəri imiş Gəncə quberniyası general-qubernatorunun əmriylə Qarabağa göndərilib. Ağdamla Əsgəran arasında 3 bolşeviki azad eləyib.

Gəncədən göstəriş alıb geri dönərkən, Yevlax stansiyasına Cümhuriyyət hökumətinin devrildiyini bilib. Onu yaxalayıb yeni hökumət nümayəndəsinin yanına aparıblar. Zirzəmidə üz-üzə gələrkən bolşevik komandir Cəmil bəyi tanıyıb. Deyib ki, Əsgəranda “erməni deyillərsə, əl-qollarını açıb buraxın” deyən sən idin. Cəmil bəy soruşub ki, bəs sən kimsən. Deyib ki, mən Mircəfər Bağırovam. “Gəl biz tərəfə keç!” O razılaşmayıb, “Gəncəyə qayıdacam”, deyib.

Bax belə, biz Rəfibəylilər həyatın hər cür çətinliyilə üz-üzə gəlmiş və hazırda dünyanın bir neçə olkəsində müxtəlif soyadlarla yaşayırlar.


Pərvin ARZUQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir