Modern.az

Gözəllik, ismət, ləyaqət rəmzi - Azərbaycanda Kəlağayı günüdü

Gözəllik, ismət, ləyaqət rəmzi - Azərbaycanda Kəlağayı günüdü

Mədəni̇yyət

26 Noyabr 2021, 14:14

Bu gün-26 noyabr Azərbaycanda Kəlağayı günü kimi qeyd olunur.  Kəlağayı – Azərbaycanda qadınlara məxsus, ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyüdür. Ölkəmizin Qərb zonasında buna “çarqat” da deyilir. Bu örtük gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olmaqla yanaşı, özündə Odlar Yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadır. Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

 

Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin mətbuat katibi Fərəh Sabirqızı Modern.az-a Azərbaycanda kəlağayıların məskəni kimi qədim Şəki şəhəri və İsmayıllının Basqal qəsəbəsi sayıldığını söyləyib:

“Yəqin bilirsiniz ki, hələ 1862-ci ildə  Londonda keçirilən Ümumdünya ipəkçilik sərgisində basqallı toxucu Nəsir Abduləzizoğlu özünün hazırladığı nəfis kəlağayı və Qanovuz parçaya görə gümüş metal və xüsusi diplomla mükafatlandırılıb.  Dövlət Turizm Agentliyinin tabeliyində olan “Basqal” Dövlət Mədəniyyət-Tarix qoruğu və Şəkinin “Yuxarı Baş” Milli Tarix-Memarlıq qoruğunda kəlağayı sənətinin yaşadılması və təbliği üçün müxtəlif tədbirlər həyata keçirilir. Ölkə daxilində turizm şirkətləri tərəfindən “Kəlağayı turları” təşkil olunur. Hər iki qoruğa gələn turistlər mütləq ipəkçiliyin inkişafı, kəlağayının hazırlanması haqqında məlumat alırlar, örtüyü hazırlayan sənətkarların işini şəxsən müşahidə edirlər. Hazırda Basqalda qoruq binasının özündə kəlağayı sərgisi fəaliyyət göstərir. Burada Basqalda istehsal olunan kəlağayı növlərinin təxminən 90 faizi nümayiş etdirilir. Basqalda həmçinin İpək mərkəzinin nəzdində də Kəlağayı muzeyi var. Bu məkan da turistlərin  marağını cəlb edir. Muzeydə kəlağayının hazırlanması, qəlibləmə, boyama proseslərini izləmək mümkündür. Hər il Kəlağayı günündə Şəki və Basqaldakı ipək mərkəzlərində sənətkarların müxtəlif təqdimatları baş tutur. Kəlağayı sənətinin yaşadılması, bu sənət növünün yeniyetmə və gənclər arasında təbliğatını aparmaq məqsədilə Şəki muzeyləri tərəfindən tez-tez gənclər üçün təlimlər təşkil olunur. Müşahidələrimiz əsasında deyə bilərik ki, kəlağayı hələ də aktuallığını itirməyib. İndini özündə də qadınlarımız çox həvəslə kəlağayı taxırlar. Bu gözəl, rəngarəng baş örtüyü gənclərin də sevimli geyim aksessuarına çevrilib”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi