Modern.az

Özbəkistanda Azərbaycan ədəbiyyatının təbliği və tərcüməsi...

Özbəkistanda Azərbaycan ədəbiyyatının təbliği və tərcüməsi...

27 Noyabr 2021, 13:39

Qulu Kəngərli
AZƏRTAC-ın Orta Asiya ölkələri üzrə müxbiri 


Qədim dövr
 

    
Özbəkistanda Azərbaycan ədəbiyyatına və mədəniyyətinə həmişə böyük maraq olub, keçmişdə də, indi də...

   
Azərbaycanın klassik ədəbiyyatına maraq isə hədsiz dərəcədədir. Özbəklər Nizami Gəncəvini, Məhəmməd Füzulini, İmadəddin Nəsimini az qala özbək ədəbiyyatınıın nümayəndələri hesab edirlər. Özbək ədəbiyyatşünaslarının yazdığına  görə, öz dövründə Türküstanda Nizamini də, Füzulini də, Nəsimini də tanıyıb və oxuyublar. 1882-ci ildən başlayaraq Füzulinin əsərləri Özbəkistan nəşriyyatlarında böyük tirajla-60 dəfədən çox çap olunub.

   
Özbək muğam ustaları qədimdə də, indi də Füzulinin, Nizaminin qəzəlləri üstündə bəlkə də Azərbaycanda oxunan qədər muğam ifa edirlər. Özbəkistanda ədəbiyyatşünaslar, şairlər, yazıçılar bu şairləri, həmçinin Mirzə Ələkbər Sabiri, Seyid Əzim Şirvanini orijinaldan oxumağa üstünlük verirlər. Özbəkistanda çalışdığım müddətdə neçə-neçə ədəbiyyatşünas, şair və yazıçı mənə Bakıdan Nizaminin, Füzulinin, Nəsiminin, Sabirin, Şirvaninin və digər şairlərimizin kitablarını Azərbaycan dilində gətirməyi xahiş edib.

XIV əsrdə Xarəzmdə yaşamış Heydər Xarəzmi böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsərini oxuduqdan sonra poemanı “Maxzan ul-Asror” adı ilə tərcümə edib. XIX əsrdə Aqahi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasını tərcümə edib. Bu əsərlərin özü köçürülərək yayılıb. Lütfi, Əl-Xarəzmi, Durbek, Qodoyi, Atoyi və digər ədiblərin əsərlərində də Nizami Gəncəvinin təsiri duyulmaqdadır.

    
Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının dövrümüzə qədər çatan ən qədim tərcümələrindən biri XIV əsrin ortalarında yaşamış Xarəzm şairi Qütb Xarəzminin cığatay dilinə tərcüməsidir.

   
Qütb Xarəzmi təxminən 1341-1342-ci illərdə Nizaminin “Xosrov və Şirin” əsərini Xarəzm  terkcəsinə çevirən ilk türk şairi olub. Qütb tərcümədən sonra öz müasiri, dövrünün hökmdarı şahzadə Tini bəyi və onun arvadı Məleykə xanımı mədh edib, sonra da kitabın ana dilinə tərcüməsinin səbəbini yazıb. Qütb bu işi Tini bəy və onun arvadı Məleykənin xahişi ilə yerinə yetirdiyini bildirib. Qütb poemanın əvvəlində dahi Nizami Gəncəvinin əsərlərini mütaliə etdiyini, bu poemalardan ilham aldığını vurğulayır.

    
Qütb yazır: ”Mən Nizami kimi sözləri sıraya düzdüm, qazan kimi qaynadaraq bu tərcüməni başa çatdırdım. Mən Nizaminin balı ilə halva bişirdim”.

    
Filologiya elmləri doktoru Almaz Ülvi “Özbək ədəbiyyatında və əbəbiyyatşünaslığında Nizami, Nəsimi və Füzuli ənənələri” məqaləsində yazır: “Qütb tərcümə zamanı poemaya təzə hadisələr daxil etmişdir və buna görə də Nizami əsərinin özbək variantı bir növ orijinal kimi səslənir". Beşcildlik "Özbək ədəbiyyatı tarixi" kitabında da Nizaminin özbək ədəbiyyatının inkişafındakı müsbət təsiri xüsusi qeyd edilmişdir.

    
Qütbün tərcüməsi haqqında 1921-ci ildə fransız alimi Jan Deni “Grammaire de la lanque turque” adlı əsərində ilk dəfə məlumat verib fikir söyləmişdir. Jan Deni əsərin fars dilində yazıldığından,  Qütb Xarəzmi tərəfindən “şərq türkcəsinə” (cığatay dilinə) çevrilməsindən söhbət açıb, əsər haqqında yığcam məlumat verib.

    
1958-ci ildə Polşa alimi prof. A. Zayançkovski 238 səhifədən ibarət Paris nüsxəsinin foto surətini Varşavada nəşr etdirib.


Məşhur özbək yazıçısı Kamil Yaşen yazır ki, Orta Asiyanın monqollar tərəfindən işğal olunduğu dövrdə Xarəzmdə naməlum şair Nizaminin "Şah və iki bayquş" hekayəti əsasında "Müftah ül-ədl" adlı  bədii əsər yazıb. Özbək nizamişünasları iddia edirlər ki, özbək ədəbiyyatına Nizami Gəncəvinin təsiri belə başlayıb.

    
Özbək ədəbi və mədəni irsinin təsirində və formalaşmasında Nizaminin, Füzulinin və Nəsiminin böyük rolu olub və bu danılmazdır. Biz bunu böyük özbək şairlərinin əsərlərində də görürük. Belə ki,  böyük özbək şairi Əlişir Nəvai Nizaminin əsərlərini bədii söz sənətinin zirvəsi hesab edib. Özbək yazıçısı Aybək isə belə deyib:”Dünyada adları Nizami qədər məşhur olan şairlər çox deyil. Nizami Şərq xalqlarının mədəniyyətində müstəsna yer tutur. Böyük Niizaminin əsərləri müsəlman Şərqində ədəbiyyatın inkişafına çox böyük təsir göstərib. Bir çox özbək şairi Nizami ideyalarının tərəfdarı olmuş, şair kimi ustalığı ondan öyrənmişlər. Nizami bizim böyük şairimiz Əlişir Nəvai üçün şair kamilliyiniin zirvəsi idi”. (Qulamhüseyn Əliyev, həmin məqalə) Elm aləminə bu da məlumdur ki, Əlişir Nəvai dövründə Xarəzm şairi Heydər Xarəzmi ustadı saydığı Nizami Gəncəvinin "Sirlər xəzinəsi" poemasını tərcümə edib və özü də "Məxzən ül-əsrar" adlı əsər yazıb.

    
Özbək şairi Seyfi Sərai isə Azərbaycan şairi Həsənoğlunun yeganə qəzəlini özbək dilinə çevirib. Akademik Həmid Araslı yazır: “Bütöv yaradıcılığı gəlib bizə çatmayan Azərbaycan şairi Həsənoğlunun öz ana dilində yazdığı yeganə qəzəlinə özbək şairi Seyfi Sərainın tərcümələr məcmuəsində təsadüf olunmuşdur. Müəllif bu kitabda həm Həsənoğluna yazdığı nəzirəni, həm də şairin öz qəzəlini vermişdir. Bu fakt elm aləminə məlum olsa da şairin "Süheyl və Güldürsün" poeması ilk dəfə "Özbək ədəbiyyatının tarixi" (I cild) kitabında geniş şərh olunmuşdur".

   
 Almaz Ülvi adı çəkilən məqaləsində yazır: “Yazıçı- dramaturq Kamil Yaşen qeyd edir ki, “Azərbaycan - özbək ədəbi münasibətləri Nizami Gəncəvinin yaşadığı dövrdən qol-budaq atmaqdadır. Minillik tarixi olan Nizaminin "Xəmsə"si Özbəkistanın da qiymətli ədəbi xəzinəsi sayılır. Böyük şairin vəfatından on illər sonra Orta Asiyanın monqollar tərəfindən işğal olunduğu dövrdə Xarəzmdə naməlum özbək müəllif  "Müftah ül-ədl" adlı bədii əsər yaratmışdır. Bu əsərin əsasını Nizaminin şah və iki bayquş haqqında hekayəti təşkil edirdi. Özbək ədəbiyyatına Nizaminin təsiri belə başlamışdı. XIV əsrdə özbəklər Nizamini ana dilində oxuyurdular”.

 


Sovet dövrü

 

   
Sovet  dövründə Azərbaycan ədəbiyyatının özbək dilinə tərcüməsi təxminən 1930-cu illərdən başlayıb. Müxtəlif illərdə Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir və digər şairlərin əsərləri Daşkənddə və Səmərqənddə çap olunub. 

    
1947-ci ildə Özbəkistan Dövlət Nəşriyyatı Nizaminin poemalarından parçaları «Güldəstə» adı ilə ayrıca kitab kimi çap edib. O dövrdə Özbəkistan mətbuatında da Nizaminin qəzəlləri, «Yeddi gözəl», «Leyli və Məcnun», «İsgəndər və çoban» və digər əsərləri çap olunub.

    
Böyük özbək şairi Məhəmməd Rza Agahi Xivə xanı Firuzun sifarişi ilə Nizaminin "Yeddi gözəl" poemasını nəsrlə tərcümə edib və həmin əsər Agahinin 1980-ci illərin sonlarında yeni çap olunan dördcildlik külliyyatına daxil edilib.

   
1983-cü ildə Daşkənddə Nizaminin özbək dilində böyük tirajla "Seçilmiş əsərləri" kitabı nəfis tərtibatda çap edilib. Toplunun tərtibçisi, “Ön söz”ün müəllifi və tərcüməçisi professor Şahislam Şahməhəmmədovdur. Kitabda böyük şairin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verilir. Topluda  Nizami Gəncəvinin qəzəlləri, rübailəri, qəsidələri, qitələri, hikmətli sözləri, həmçinin "Sirlər xəzinəsi", "Yeddi gözəl" poemalarından parçalar verilib. 

    
Keçmiş SSRİ dövründə Özbəkistanda Azərbaycan ədəbiyyatı nümunələrinə geniş yer verilib. Şairlərimizin və yazıçılarımızın yaxından dostluğu da bu işə böyük təkan verib. Belə ki, Azərbaycan ədəbiyyatı Özbəkistanda, özbək ədəbiyyatı isə Azərbaycanda böyük tirajla çap olunub. Bununla bağlı mənbələrdə kifayət qədər material olduğunu nəzərə alaraq bu haqda geniş yazmağı lazım bilmirəm.

     
Məşhur şair, dramaturq, ədəbiyyatşünas və tərcüməçi Maqsud Şeyxzadə 1928-ci ildə Özbəkistana gəlib, ömrünün sonunadək burada yaşayıb, Nizami Gəncəvi adına Daşkənd Pedaqoji İnstitutunun müəllimi olub. Şairin “Cəlaləddin Manquberdi”, “Mirzə Uluqbəy” faciələri, “Daşkəndnamə”, “Ağsaqqal” əsərləri Özbəkistanda çox populyardır. Daşkənddə onun altı cildlik seçilmiş əsərləri çap olunub. Maqsud Şeyxzadə Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Mirzə Fətəli Axundovun, Hüseyn Cavidin, Səməd Vurğunun, Rəsul Rzanın əsərlərini özbək dilinə tərcümə edib.

Sovet dövründə Maqsud Şeyxzadədən başqa Mirəziz Əzəm, Razzak Əbdürrəşid, Cumaniyaz Cabbarov, İbrahim Qafurov, Usman Kuçkar, Feyzi Şahismayıl, Tahir Qəhhar, Kərim Bəhriyev, Mamatkul Hazratkulov və başqaları Azərbaycan ədəbiyyatını özbək dilinə çeviriblər.

    
Razzak Əbdürrəşid 1968-1988-ci illərdə Səməd Vurğunun şeir və poemalarını, “Vaqif” dramının daxil olduğu bir neçə kitabı o zamankı “Gənc qvardiya” nəşriyyatında çap etdirib. O həmçinin Molla Pənah Vaqif, Rəsul Rza, Nəbi Xəzri və Cabir Novruzun əsərlərini özbək dilinə çevirib.

   
 İbrahim Qafurov Mirzə İbrahimovun “Pərvanə” romanını (Mirəziz Əzəmlə birgə), Süleyman Rəhimovun “Məhtəban” povestini və bu yazıçıların digər əsərlərini tərcümə edib və çap olunub.

   
 Mirəziz Əzəm 1980-1990-cı illərdə Nizami Gəncəvinin, Bəxtiyar Vahabzadənin, Nəriman Həsənzadənin, Mirvarid Dilbazinin, Məmməd İsmayılın, Zəlimxan Yaqubun, Vaqif İbrahimin, Firuzə Məmmədlinin şeirlərini “Jaxon adabiyyati”,  Şarq yulduzi” və digər ədəbi jurnallarda çap etdirib.

    
Mamatkul Hazratkulovun tərcüməsində Anarın “Dantenin yubileyi” əsəri və “Gürcü familiyası”, “Ötən ilin son gecəsi”,”Zəncir” hekayələri özbək dilində çap olunub.

    
1967-1970-ci illərdə Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı Daşkənddə özbək dilində iki cilddə çap edilib. Birinci cildi Nəzirə Əliyeva, Muxsin Xamidov və Rüstəm Kamilov,  ikinci cildi isə Nəzirə Əliyeva, Muxsin Xamidov çevirib.

    
Camal Kamal 1980-ci illərdə Bəxtiyar Vahabzadənin “Şəbi-hicran” poemasını və “Fəryad” dramını, Xəlil Rzanın “Səmərqəndim” şerini orijinaldan özbək dilinə tərcümə edib.

    
Anarın “Ağ liman” povesti 1978-ci ildə Daşkənddəki “Qafur Qulam” nəşriyyatında İbadulla Cahangirov və Bəxtiyar Eraneşin tərcüməsində çap olunub.

    
1986-cı ildə Məsumə Əhmədovanın tərcüməsində Çingiz Hüseynovun “Məhəmməd, Məmməd, Məmiş” romanı “Qafur Qulam” nəşriyyatında işıq üzü  görüb.

    
O illərdə Mirzə Ələkbər Sabirin, Molla Pənah Vaqifin, Xurşidbanu Natəvanın, Səmər Vurğunun, Süleyman Rüstəmin, Mirvarid Dilbazinin kitabları çap olunub. 

    
1920-ci ildən başlayaraq 1980-ci ilədək Özbəkistanda özbək və qismən də qaraqalpaq dilində çap olunan Azərbaycan ədəbiyyatı nümunələrinin uzun bir siyahısı var. Siyahıda Daşkənd, Səmərqənd və Nukusda çap edilən kitablar yer alıb.


Müstəqillik illəri
 


Müstəqilliyin ilk illərində də şair və yazıçılar, ədəbiyyatşünaslar Azərbaycan ədəbiyyatına böyük maraq göstərib. Şair və tərcüməçi Usman Kuçkar, Feyzi Şahismayıl, Tahir Qəhhar, İbrahim Qafurov, Mirəziz Əzəm, Razzak Əbdürrəşid, Cumaniyaz Cabbarov, Mamatkul Hazratkulov, Babaxan Şərif, Erqaş Oçilov, Rüstəm Cabbarov, Şəhla Qasımova və başqaları Azərbaycan yazarlarının və şairlərinin əsərlərini özbək dilinə çevirib.

    
Mirzə İbrahimovun “Güləbətin” povesti Feyzi Şahismayılın tərcüməsində “Jaxon ədabiyyatı” jurnalının 2004-cü il 4-cü sayında çap olunub.

    
2005-ci ildə isə Daşkənddə Nizami Gəncəvinin "Leyli və Məcnun", "Xosrov və Şirin" poemaları Olimcon Buriyevin farscadan özbək dilinə tərcüməsində Özbəkistandakı diaspor təşkilatı olan Azərbaycan Milli Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə ayrıca kitab halında çap olunub.

    
2007-ci ildə isə Feyzi Şahismayıl Yusif Vəzir Çəmənzəminlinin  “Qızlar bulağı” romanını “Jaxon ədabiyyaati” jurnalının 12-ci sayında çap etdirib.

    
2010-cu ildə Azərbaycanın Özbəkistandakı səfirliyinin təşəbbüsü ilə Viktor Andriyanov və Hüseynbala Mirələmovun “Görkəmli adamların həyatı” seriyasından “Heydər Əliyev” kitabı Daşkənddəki “Özbəkistan” nəşriyyatında özbək dilində çap olunub. Kitabı rus dilindən Numon Raximjanov tərcümə edib.

   
 Erqaş Oçilov 2009-cu ildə “Sharq” nəşriyyatında Füzulinin “Qəmzəsin sevdin könül” kitabını Azərbaycan türkcəsində, həmin il “Rübailər” kitabını “Özbəkistan” nəşriyyatında özbək dilində çap etdirib. Topluya Nizaminin, Füzulinin, Nəsiminin, Xaqani Şirvaninin rübailərinin bir hissəsi toplanıb. Erqaş Oçilov Usman Kuçkarla birgə Nəsiminin qəzəllərini də özbək dilinə çevirib və 2012-ci ildə “Özbəkistan” nəşriyyatında çap etdirib. E.Oçilov Füzulinin fars və türkmən dillərindən “Kalb qavxari” kitabını özbək dilinə tərcümə edib və 2014-cü ildə  “Hilol-nashr” nəşriyyatında çap olunub.

    
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ədəbi əlaqələr sahəsində böyük iş görür, şair və yazıçılarımızın əsərlərinin özbək dilinə tərüməsi işini həyata keçirir. Mədəniyyət  Mərkəzinin layihəsi ilə son illərdə böyük Azərbaycan şairi Niizami Gəncəvinin “Xəmsə”si iki variantda çap edilib. Olimcon Buriyevin tərcüməsində “Xəmsə” bir kitabda işıq üzü görüb. 2017-2019-cu illərdə isə AMM bu istiqamətdə daha bir layihəyə imza atıb. Özbəkistanın Xalq şairi Camal Kamalın tərcüməsində “Xəmsə” ayrı-ayrı kitab şəklində Daşkənddə nəfis tərtibatla çap olunub. 2019-cu ilin Azərbaycanda  “Nəsimi ili” elan olunması ilə əlaqədar Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə böyük şairimiz İmadəddin Nəsiminin “Janoni sevarman” adlı kitabı çap ediliib. Qəzəlləri orijinaldan tanınmış şair Tahir Qəhhar çevirib.

    
Şair  Xasiyyət Rüstəm 2019-cu ildə Qənirə Paşayevanın “Qapını aç” adlı toplusunu, 2020-ci ildə isə şəhid-şair Ülvi Bünyadzadənin “Əlvida” ,  Eluca Atalının “Gecikən oyuncaq” kitablarını tərcümə edib və çap olunub.

    
Xasiyyət Rüstəm baş redaktoru olduğu “Kitob dunyasi” qəzetində müntəzəm olaraq Azərbaycan şair və yazıçılarının əsərlərini  çap edir.

 

 Ədəbiyyatımızın yaxın dostu, tanınmış özbək şairi və tərcüməçisi mərhum Usman Kuçkarın Daşkənddə “Həyəcana qərq olan dunya” (1982), “Əks-sədası olmayan sədalar”(1986), “Yuxulu minarə” (1987), “Ağır karvan” (1991), «Çəməngul» (1996), “Şirq” şeirlər kitabları, “Qovulma” dastanı, “Imam Buxari” dramı və digər əsərləri çap olunub.

    
Usman Kuçkar tərcüməçilik fəaliyyətinə şair və yazıçılarımızın hekayə və şeirlərini çevirməklə başlayıb. Xalq yazıçısı Yusif Səmədoğlunun “Qətl günü” əsərini, Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanını, “Mən, sən, o və telefon” kitabını, Elçinin “Baladadaşın ilk məhəbbəti”, “Baladadaşın toy hamamı”, “Toyuğun diri qalması” povestlərini özbək dilində çap etdirib. Anarın “Dədə Qorqud” kinopovesti və adı çəkilən əsərlərin əksəriyyəti “Cahon adabiyotı” jurnalında çap olunub.

    
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə yazıçı-publisist, Əməkdar Jurnalist Elmira Axundovanın Daşkənddəki “Mashhur press” nəşriyyatında özbək dilində çap olunan “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” (“İlhom Aliyev. “Ozgarishlar jarayonidagi Prezident tasviri”) kitabının tərcüməçiləri         Usman Kuçkar və özbək alimi Şokir Dolimovdır.

    
U.Kuçkar vəfat edən günəcən (20 sentyabr 2017-ci il) tərcümələrin əksəriyyətini bu yazının müəllifi müəyyənləşdirib. Bu haqda məqalənin sonunda məlumat veriləcək.

   
Jurnalist, yazıçı və tərcüməçi Rüstəm Cabbarov orta yaşlı yazarlar və tərcüməçilər arasında ən istedadlı qələm sahibidir. O, bir çox Azərbaycan yazıçılarının povest, hekayə və romanlarını çevirib. Tərcümələrinin bir hissəsini baş redaktoru olduğu “Darakçi” qəzetində,  həmçinin ölkənin ədəbi qəzet və jurnallarında çap etdirib, sonra isə kitab halında buraxdırıb. R. Cabbarovın tərcüməsində  Azərbaycan yazıçılarının “Ömürdən uzun gecə” hekayələr toplusu, İlqar Fəhminin “Aktrisa” romanı, Vaqif Sultanlının “Ölüm yuxusu” povest və hekayələr kitabı, Yunus Oğuzun “Atabəy Eldəniz” romanı, Varisin “Sənə inanıram” romanı özbək dilində işıq  üzü görüb.

    
Şəhla Qasımova Azərbaycan ədəbiyyatını özbək və rus dilinə aktiv tərcümə edən şairdir, fəaliyyətinə görə Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilib. Şəhla Qasımova Azərbaycan şairlərini özbək və rus, özbək şairlərini isə rus dilinə  tərcümə edən şairdir. Onun özbək və rus dilində 10-dan artıq tərcümə kitabı Daşkənd, Bakı və Sumqayıt şəhərlərində çap edilib.

   
 Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Şəhla Qasımovanın tərcüməsində Leyla Əliyevanın “Dünya yuxutək əriyir” kitabı özbək dilində (Daşkənd, 2018) çap olunub.

Şəhla Qasımova həmçinin Firuz Mustafanın  “Dəniz köçü” kitabı özbək dilində (Daşkənd, 2017),  “Ağ rəqs” kitabı rus dilində ( Bakı, 2019), “At günü” kitabı rus dilində ( Bakı, 2019), Süleyman Hüseynovun “And” romanı (rus dilində), “Özbək şeir çələngi”-(Azərbaycan və özbək dillərində, AMM-nin layihəsi, Daşkənd, 2018) kitablarının tərcüməçisidir.

    
Bundan başqa onun tərcümələri Özbəkistanın “Звезда Востока”, Шарк Юлдузи”, “Гулистан”, “Саодат”, “Жахон адабйати” jurnallarında, Azərbaycanın “Литературный Азербайджан”, “Зеркало”, “Вышка” və digər nəşrlərində çap olunub. 

   
 Özbəkistanda Azərbaycan ədəbiyyatını tərcümə edən gənc tərcüməçilər nəsli də yetişməkdədir. Belə ki, Rəhmət Babacan, Mirzahid Müzəffər, Abidcan Şəfiyev, Gülbahar Səttarova, Şahsənəm Soppiyeva və başqaları Azərbaycan şair və yazıçılarının şeir və hekayələrini özbək dilinə çevirirlər. Şahsənəm Soppiyeva Anarın “Ağ qoç, qara qoç” povestini özbək dilinə çevirib və bu ilin ikinci yarısında kitab halında çap olunacaq.

 

                                       *        *        *

Özbəkistanda yaşadığım ilk günlərdən azərbaycanlıların Orta Asiya və Qazaxıstana sürgün edilməsi ilə əlaqədar materiallar yazmışam və Daşkənddə ssenarim əsasında “Sürgün” sənədli filmi çəkilib. Orta Asiyada yaşayan tanınmış azərbaycanlıların həyatı və fəaliyyəti ilə bağlı kitab isə hazırdır və çapını gözləyir. Hazırda “Sürgün” kitabı üzərində işləyirəm.

Son 10 ildə Azərbaycan yazıçı və şairlərinin, alimlərin kitablarını özbək dilinə tərcümə etdirmişəm və çap olunub.

 

Müəllif haqqında

Qulu Kəngərli 1990-cı il 20 yanvar faciəsindən sonra “Şəhidlər”,”Şəhidlər-2” bukletlərini hazırlayıb və çap etdirib. 1991-ci ildə Azərbaycan və rus dillərində “Qara yanvar şəhidləri” kitabı çap edilib və böyük populyarlıq qazanıb.

Bundan sonra “Erməni lobbisi:Azərbaycan faciəsi”, “Qanlı şənbəyə gedən yol” kitabları çap olunub. 1991-ci ildə onun ssenarisi əsasında 20 yanvar faciəsindən bəhs edən “Bakıda insan ovu” sənədli filmi çəkilib.

Özbəkistanda yaşadığı ilk günlərdən azərbaycanlıların Orta Asiya və Qazaxıstana sürgün edilməsi ilə əlaqədar materiallar yazıb və Daşkənddə onun ssenarisi ilə “Sürgün” sənədli filmi çəkilib. Orta Asiyada yaşayan tanınmış azərbaycanlıların həyatı və fəaliyyəti ilə bağlı kitab hazırdır və çapını gözləyir.

Daşkəndəki “Jahon adabiyyati” jurnalında və digər ədəbi toplu və qəzetlərdə müntəzəm olaraq Azərbaycanın şair və yazıçılarının əsərlərini çap etdirib.

Qulu Kəngərli Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatı haqqında Orta Asiya ölkələrinin mətbuatında müntəzəm olaraq çıxış edir.

2010-cu ildə Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Özbəkistanın jurnalistika sahəsində “Altın qalam” Beynəlxalq mükafatını alıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir