Modern.az

Türk dünyasında PUA faktoru

Türk dünyasında PUA faktoru

Dünya

1 Dekabr 2021, 21:35

Türkiyə tərəfindən istehsal edilən pilotsuz uçuş aparatlarının (PUA) soydaş ölkələrə ixracı Türk Dünyasının bu sahədə potensialının gücləndirilməsi üçün yeni imkanlar yaradır. Artıq məlum olduğu kimi, Türkiyə tərəfindən istehsal edilən “Bayraktar TB2” dronları İkinci Qarabağ müharibəsi vaxtı Azərbaycan ordusu tərəfindən çox uğurla istifadə edildi. Onların sayəsində Ermənistanın 30 ildir qurduğu istehkamlar dağıdıldı, demək olar ki, hamısı Rusiya istehsalı olan hərbi texnikalar məhv edildi. Qarabağ müharibəsindən sonra bu silahların xarici ölkələrə ixracı daha da artdı. Son yayılan rəsmi məlumata görə, Türkiyə 13 ölkəyə “Bayraktar TB” satıb.

 

Qarabağ müharibəsindən sonra dronların satıldığı ölkələr arasında Türk dövlətləri xüsusi diqqət çəkir. Son bir neçə ayda yayılan məlumatlara görə, Türk Dövlətləri Təşkilatına üzv olan Qırğızıstan Türkiyədən “Bayraktar TB2”, Qazaxıstan “Anka”, bu təşkilatda müşahidəçi olan Türlmənistan “Bayraktar TB2” PUA-ları alıb. Təşkilatın digər bir müşahidəçi üzvü olan Macarıstanın Türkiyədə istehsal edilən “Karayel” PUA-ları ilə yaxından maraqlandığı bildirilir.

 

Təbii ki, türk dövlətlərində sovet-rus silah sistemləri ilə doldurulmuş hərbi arsenalın bir gecədə dəyişdiyini və ya dəyişəcəyini söyləmək mümkün deyil. Sovet-Rusiya strateji mədəniyyətinin Mərkəzi Asiyanın təhlükəsizlik arxitekturasına təsiri bir gecədə yox olmayacaq. Digər tərəfdən Türkiyənin soydaşlarına Qarabağ daxil olmaqla dünyanın bir çox bölgəsində Rusiya sistemlərini məhv edilən PUA-lar, eləcə də digər silah və texnika satması bu təsiri azaltmaqda faydalı ola bilər.

 

Türkiyənin Mərkəzi Asiyada güclənməsi Rusiya, Qərb və Çin kimi böyük mərkəzlərin arasında manevr edən türk dövlətləri üçün yeni istiqamət formalaşdırır. Bu fonda bu yaxınlarda İstanbulda türk dövlətlərinin sammiti xüsusi diqqət çəkir. Sammit zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı Türk Dövlətləri Təşkilatı adlandırılıb. Şübhəsiz ki, platformaya təşkilat statusunun verilməsi onun önəmini daha da artıracaq.

 

Robot sistemləri, o cümlədən PUA-lar cari müdafiə texnologiyası tendensiyalarında diqqətəlayiq yer tutur. NATO-nun 2030-cu ilə dair strateji sənədində qeyd edilir ki, süni intellektə əsaslanan sistemlər gələcəyin əməliyyat mühitində əsas müəyyənedici amillərdən biri olacaq. Süni intellekt insansız sistemlərin, xüsusilə dronların gələcəyi üçün ən kritik faktordur. Yəni Türkiyə soydaşlarına təkcə müasir silahları deyil, həm də gələcəyin hərbi paradiqmasını ötürür.

 

İnsansız sistemlər onları satın alan ölkələri məğlubedilməz etmək üçün sehrli çubuq deyil. Onlar mahiyyətinə uyğun olaraq, eyni zamanda digər silah və texnikalarla birgə istifadə etdikdə dövlətlərə uğur qazandırır. Yəbu burada onu başa düşmək lazımdır ki, robot sistemləri almaqla yanaşı, robot müharibəsini də bilmək lazımdır.

 

Türkiyənin PUA-ları türk dövlətlərinin müdafiə və yüksək texnologiya əldə etmək imkanları üçün olduqca əlverişli silahlardır. Türkiyə-Azərbaycan strateji əməkdaşlığının 2010-cu il müqaviləsi və 2021-ci il Şuşa Bəyannaməsi ilə yaranan modeli bütün Mərkəzi Asiya üçün keçərli olmaya bilər. Ancaq Türk Dövlətləri Təşkilatının elan edilməsi bunun üçün uyğun şərait yaradıb.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır