Modern.az

Rusiyanın Suriyada kürd HƏMLƏSİ

Rusiyanın Suriyada kürd HƏMLƏSİ

4 Dekabr 2021, 21:01

Bir neçə həftə əvvəl müxtəlif mənbələr Türkiyənin Suriyada terror ünsürlərini məhv etmək üçün yeni əməliyyata başlayacağı barədə məlumatlar yaymışdılar. Bundan narahat olan kürd silahlıları həm Rusiya, həm də ABŞ-la danışıqlar aparmağa başladı.

 

Faktiki olaraq Suriyanın şimalında bir çox əraziyə nəzarət edən kürd silahlıları (YPG) Türkiyənin hərbi əməliyyatının olmayacağını müşahidə etdikdən sonra danışıqları intensivləşdirib.

 

Sentyabrda əvvəlcə Moskvada, sonra isə Vaşinqtonda danışıqlar aparan İlham Əhmədin başçılıq etdiyi kürd nümayəndələri ötən ayın 23-də yenidən Moskvaya getdilər. Orada Rusiya xarici işlər naziri Sergey Lavrov nümayəndə heyəti ilə şəxsən görüşüb.

 

Amerikanın bölgədəki hərbi mövcudluğunu təminat kimi görən, lakin həll yolu üçün Rusiyaya arxalanan kürd qüvvələrinin bu səfərlərdə maraqları Ukrayna və Krım məsələsində rusları sıxışdıran Ankaraya cavab vermək üçün fürsət axtaran Moskva ilə üst-üstə düşür.

 

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, görüşdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının 2254 saylı Qətnaməsinə əsaslanan siyasi həll yolunun dəstəklənməsi, Suriya iqtisadiyyatının və sosial sferasının bərpası, qaçqın və məcburi köçkünlərin geri qayıtması və humanitar məsələlər müzakirə edilib.

 

Rusiya tərəfi Suriyanın suverenliyi və ərazi bütövlüyünün sürətlə bərpası, bütün etnik və məzhəb qruplarının qanuni hüquqlarının təmin edilməsi məqsədilə suriyalılar arasında müxtəlif formatlarda sazişlərin bağlanmasına hərtərəfli yardım etməyə hazır olduğunu bəyan edib.

 

Nümayəndə heyəti daha sonra ikinci görüşdə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla təfərrüatları müzakirə edib.

 

Kürd nümayəndələrrinin Rusiya ilə əlaqələrdən məsul üzvü Sihanuk Dibonun sözlərinə görə, Lavrov kürdlərlə Dəməşq administrasiyası arasında dialoqu dəstəklədiklərini vurğulayıb və Rusiyanın kürd nümayəndələrini (kürdlər orada de-fakto muxtariyyət elan edib) Cenevrə prosesinə daxil edilməsində ciddiliyini nümayiş etdirib.

 

Nümayəndə heyəti Moskvadan sonra Cenevrəyə gedib və orada bəzi görüşlər keçirib.

 

Bu arada BMT-nin xüsusi nümayəndəsi Geir Pedersen Konstitusiya Komitəsinin yeni turu üçün Dəməşqə getməyə hazırlaşır. Bu təşəbbüs ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putin arasında iyunun 16-da keçirilən sammitdən sonra baş vermiş Rusiya-Amerika dialoqu fonunda formalaşır.

 

Liderlər sərhəd keçidinin humanitar yardım üçün açıq qalması ilə bağlı razılaşıb və dialoqun davam etdirilməsi vəzifəsini xüsusi nümayəndələrə həvalə ediblər.

 

ABŞ Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk noyabrın 10-da Cenevrədə Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin və Suriyanın xüsusi nümayəndəsi Aleksandr Lavrentyevlə ikinci görüşü keçirib.

 

Dialoqa paralel olaraq İlham Əhməd Vaşinqtonda 10 günlük təmaslardan sonra bildirib ki, onlar Suriya hökuməti ilə birbaşa danışıqlar istəyirlər: "Biz tərəfdaşlarımızın (ABŞ) Suriya hökuməti ilə həll yolu tapmaqda müsbət rol oynamasını istəyirik" 

 

Daha sonra ABŞ-ın belə bir dialoqa yol açdığına dair məlumatlar paylaşılıb.

 

Artıq qeyd etdik ki, Türkiyə Suriyada yeni hərbi əməliyyata hazırlaşırdı. Mənbələr bildirir ki, Ankara Fəratın şərqindəki M-4 marşrutunda status-kvonu dəyişdirəcək Kobani, Eyn İsa və Tel Temir, Fəratın qərbində Tel Rıfat və Münbici hədəf almışdı. M-4 üzərində nəzarəti genişləndirmək, Qamışlı, Kobani və Münbic arasındakı əlaqəni kəsmək və Rəsul Ayn və Tel Abyadın daxil olduğu Barış Pınarı və Fərat Qalxanı bölgəsini birləşdirmək üçün Kobaniyə daxil olmaq nəzərdə tutulurdu. Plana görə, 910 kilometrlik sərhədin üçdə ikisi bağlanmalı idi.

 

Sentyabrın 29-da Soçidə Ərdoğan-Putin görüşündə Moskva və Soçi razılaşmalarının yerinə yetirilməsi ilə bağlı fikir ayrılığını həll edə bilməyən Türkiyənin əməliyyat planı oktyabrın son günündə Romada Bayden-Ərdoğan görüşündən sonra təxirə salındı.

 

Bayden administrasiyası bölgəyə hərbi və mülki heyətlər göndərərək kürd qüvvələrinə (Suriya Demokratik Qüvvələri) dəstəyin davam edəcəyi mesajını verib, ABŞ Əfqanıstandan sonra Suriyadan çəkiləcəkləri ilə bağlı proqnozları puça çıxarsa da, Ankaraya yeni əməliyyat üçün gözlədiyi yaşıl işığı yandırmadı.

 

İdlib üçün Kobani ilə bazarlıq etdiyi iddia edilən Rusiya kürd qüvvələrini Türkiyə ilə heç bir razılaşmanın olmadığına inandırıb.Bununla kifayətlənməyən Rusiya oktyabrın 28-də döyüş təyyarəsini Kamışlı hava limanına endirib və təmas xəttində Suriya ordusu ilə hərbi təlimlər keçirib.

 

Suriya ordusu Hələbin şimalındakı Tel Madik, Tel Zıvayan, Tel Cican, Tel Rıfat və Menaq hərbi bazasına qüvvələr göndərib.

 

Rusiya Türkiyənin hərbi əməliyyatının qarşısını almaq üçün kürdlərə nəzarətin hökumət qüvvələrinə həvalə edilməli olduğunu deyirdi.

 

Lakin səhnənin davamında ABŞ-ın geri çəkilməyəcəyini və Türkiyənin hərbi əməliyyatının təxirə salındığını görən kürdlər təslim olaraq Dəməşqlə danışıqlara sürüklənməkdənsə, Rusiya və Amerika arasında balans siyasətinə qayıtdılar.

 

Bu arada kürdlər noyabrın əvvəlində ruslar vasitəsilə Dəməşqə danışıqlar parametrlərini ehtiva edən sənəd göndəriblər. İlham Əhmədin noyabrın 23-də Moskvaya səfəri də məhz bu şəraitdə baş tutub.

 

Kürd mənbələrinin bildirdiyinə görə, Moskvada keçirilən son görüşdə özünüidarəetmə və Suriya Demokratik Qüvvələrinin gələcəyi kimi çətin məsələləri əhatə edən konkret yol xəritəsi masaya qoyulmayıb.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı