Modern.az

Qanun cinayətkarların şəklini çəkməyi qadağan edəcək (debat)

Qanun cinayətkarların şəklini çəkməyi qadağan edəcək (debat)

Media

19 Fevral 2010, 18:23

 

 

Məlum olduğu kimi, “KİV haqqında” qanunun 60-cı maddəsinə edilən düzəlişə görə, KİV nümayəndələri şəxsin razılığı olmadan onun foto və video çəkilişini apara bilməz, izləyə və səsini yaza bilməz. Fevralın 19-da Azərbaycan Media Mərkəzində bu məsələyə həsr olunmuş debat keçirilib. Debata çıxanların hər ikisi – Azəri Press İnformasiya Agentliyinin (APA) baş direktoru Vüsalə Mahirqızı və Ümid Partiyasının sədri İqbal Ağazadə bu düzəlişin jurnalistlərin hüquqlarını məhdudlaşdırdığını bildiriblər. Lakin V.Mahirqızı indi qanuna belə bir düzəlişin edilməsini həm də normal qarşılayır: “Çünki ötən ilin mart ayında referendumda Konstitusiyaya dəyişiklik edildi. İndi həmin dəyişikliyə əsasən qanunlara da düzəliş olunmalıdır”. APA direktoru hesab edir ki, jurnalistlər onları gözləyən təhlükə ilə bağlı vaxtında – bir il əvvəl səs-küy qaldırmalıydılar: “Sadəcə həmin vaxt həm media, həm də siyasətçiləri referenduma çıxarılan digər maddələr daha çox maraqlandırırdı. Bu dəyişikliyin üstündənsə çox səssiz keçdilər”.

 

Vüsalə Mahirqızı hesab edir ki, bu düzəlişə baxmayaraq, jurnalistlər hansısa araşdırma apararkən kimlərinsə şəkillərini icazəsiz çəkə bilərlər. Çünki KİV haqqında qanuna əsasən, jurnalistlərin müstəqil təhqiqat aparmaq hüququ var: “Hələ bu maddə dəyişdirilməyib. Əgər şəxs ictimai əhəmiyyət daşıyırsa, biz onun hər yerdə çəklini çəkə bilərik, yalnız şəxsi həyata müdaxilə etmədən”. Xanım direktor hesab edir ki, bu düzəliş jurnalistlərin işinə problem yaradacaq. Amma hələ qanun təbiq edilməzdən əvvəl belə pessimist olmaq və indidən “bizə heç nəyə icazə verməyəcəklər” kimi fikirlər səsləndirmək düzgün deyil.

 

Millət vəkili İqbal Ağazadə sözügedən düzəlişin  Konstitusiyaya olunan əlavə ilə ziddiyyət təşkil etdiyini israr edir. Onun dediyinə görə, Konstitusiyanın 32-ci maddəsində “qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla” sözləri yazılıb. Deputat hesab edir ki, bu hallar məhz Konstitusiya ilə bizə verilən ifadə almaq, məlumat toplamaq azadlığıdır: “Sadəcə hakimiyyət nümayəndələri qanunsuz olaraq Konstitusiyanın adı altında öz əməllərini pərdələyirlər. Sabahısı gün bu düzəliş əməliyyat-axtarış proseslərində də problemlər yaranacaq, hakimiyyət hələ bu düzəlişin ağrısını çəkəcək, böyük bir cinayətin üstü qapadılmış olacaq”.

 

Ümid Partiyasının sədri deyir ki, bu dəyişikliklər cinayətkarların xeyrinə qiymətləndirilə bilər: “Qanun birmənalı olaraq onu diqtə edir ki, hətta cinayətkarın belə cinayət işlətdiyi yerdə şəklini çəkmək  olmaz. Əməliyyat-axtarış tədbirlərini həyata keçirmək üçünsə ya prokurorluğun, ya məhkəmənin qərarı olmalıdır. əgər jurnalist haqsız olduğunu bilərək şəxsn şəklini şəkəcəksə, iş məhkəməyə gəlincə, hakimlər onlara sərf edən formada qərar verəcəklər”.

 

Millət vəkilinin iddiasına görə, bu qanun ticarət mərkəzlərində, mağazalarında təhlükəsizlik xidmətlərinin apardığı video çəkilişlərdən istifadəni də qadağan edəcək. O, fikirləşir ki, bu qanun hakimiyyətin maraqlarını ifadə edən hallarda tətbiq olunacaq: “Adi hallarda heç kimin arxasınca düşməyəcəklər. Məgər indi hər gün qəzetlərdə böhtan, təhqirlər yazılmır? Kimə lazımdırsa, dalınca gedir, lazım olanda CM-nin 147 və 148-ci maddələrini tətbiq edirlər. Referendumda qəbul edilən hər bir dəyişikliyin  nəyə, necə və kimə tətbiq ediləcəyi bəllidir”.

 

Media Hüququ İnstitutunun sədri Rəşid Hacılı Konstitusiyaya edilən dəyişikliyi məntiqsiz sayır: “Burda söhbət şəxsi həyatla bağlı məlumatların toplanmasından getməliydi. Bəlkə də bu məsələ ilə bağlı məhkəmə işlərində Avropa Məhkəməsi bunu 10-cu maddənin pozuntusu kimi tanıyacaq. Amma bu, 5 ildən sonra baş verəcək. Biz bir neçə il ciddi tənqidlərlə üzləşəcəyik. O vaxta qədər ki, hamı ayağa qalxacaq. Özü də təki jurnalisti məhkəməyə versinlər, ona yumruq vurmasınlar”.

 

Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli isə hələ də gec olmadığını, qanuna dəyişiklik prezident tərəfindən təsdiqlənən kimi onun dəyişdkirilməsi üçün fəlaiyytə başlamağın lazım olduunu vurğuladı: “Ən azından bu əlavənin şəxsi həyatla əlqədar olduğu yazılsın”.

 

Tədbir iştirakçıları tezliklə Azərbaycanda “Diffomasiya haqqında” qanunun qəbulunu vacib saydıqlarını da bildirdilər. Qeyd edək ki, bu tədbir “Yeni Nəsil” Jurnalistlər Birliyinin Azərbaycan Media Mərkəzi ilə birlikdə reallaşdırdığı “Azərbaycanda debat mədəniyyəti” layihəsi çərçivəsində təşkil olunmuşdu. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu