Modern.az

Elmira Axundova: "Həmkarlarıma qarşı "onlar üçün parlamentdə yer yoxdur" ifadəsi işlətmərəm"

Elmira Axundova: "Həmkarlarıma qarşı "onlar üçün parlamentdə yer yoxdur" ifadəsi işlətmərəm"

22 Fevral 2010, 19:28

“Azadlıq” radiosunun “Kontekst” verilişində aparıcının Milli Məclisin üzvü Elmira Axundovaya istinadən səsləndirdiyi fikirlər deputatın narazılığı ilə qarşılanıb. Qeyd edək ki, radionun saytında da yerləşdirilən həmin fikirlərdə E.Axundovanın adından bildirilib ki, “YAP parlamentdə keyfiyyət dəyişikliyi etməlidir. Artıq parlamentdə Zeynəb Xanlarovalara, Əhəd Abıyevlərə yer yoxdur”.

 

Modern.az-a açıqlamaında deputat Elmira Axundova onun adından belə fikirlərin yanlış olaraq səsləndirilməsindən ciddi narahat olduğunu və təəssüfləndiyini bildirib: “Əvvala onu deyim ki, mən Yeni Azərbaycan Partiyasının üzvü deyiləm. İndi baxın, belə olan halda mən hansı səlahiyyətlə bu partiyanın seçki taktikasına, kadr məsələsinə, ümumən isə keyfiyyət dəyişikliyinə toxuna bilərəm”.

 

E.Axundova daha sonra deyib: “Düzdür, ötən ilin dekabrının əvvəllərində mən “Azadlıq” radiosuna müsahibə vermişdim. Orada deputatların etik qaydaları necə yerinə yerirmələri barədə mənə sual etdilər, hətta sitat kimi Əhəd Abıyevin, Hüseyn Abdullayevin adını çəkdilər. Mən isə dedim ki, bu məsələ yaxsılığa doğru gedir. Artıq belə çıxışların vaxtı keçib. Ancaq fikirlərim tam olaraq kontekstdən çıxarılmaqla dediklərimi tam təhrif ediblər. Heç vaxt hər hansı həmkarıma qarşı belə ifadə işlətmərəm ki, onlar üçün parlamentdə yer yoxdur. Çünki bu məsələni seçicilər müəyyənləşdirir”.

O ki, qaldı Zeynəb Xanlarova ilə bağlı fikirlərə, millət vəkili deyib ki, həmin müsahibədə Zeynəb Xanlarovadan ümumiyyətlə danışılmayıb: “Mənim bu xanıma çox böyük sevgim var. Zeynəb Xanlarova bizim musiqi  mədəniyyətimizin əfsanələrindəndir. Zeynəb xanımla bir yerdə işləməkdən, onunla həmkar olmaqdan fəxr duyuram. Hesab edirəm ki, Zeynəb Xanlarova kimi insanlar Milli Məclisin mənəviyyat səviyyəsini qaldırırlar. Bizim belə insanlara böyük ehtiyacımız var”.

 

Sonda deputat onu da deyib ki, vaxtilə o da “Azadlıq” radiosunda çalışıb: “Təəssüf edirəm ki, bu radioda işləyənlər indi ya qeyri-peşəkarlardır, ya da qəsdən yalanlar,  dezinformasiyalar yayırlar. Təəssüf ki, bunu mənə qarşı keçmiş iş yoldaşlarım edir”. Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir