Modern.az

Faiq Ağayev: “Yalnız 3 həmkarımı və Çingiz Abdullayevi konsertə dəvət etdim”

Faiq Ağayev: “Yalnız 3 həmkarımı və Çingiz Abdullayevi konsertə dəvət etdim”

21 Dekabr 2012, 16:15

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində xalq artisti Faiq Ağayev “VİDA” adlı xüsusi solo konsertindən öncə mətbuat nümayəndələrini başına yığıb. Modern.az-ın məlumatına görə, 4 gün canlı ifa edəcək müğənni konserti ilə bağlı jurnalistlərə açıqlamalar verib və mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Xalq artistinin sözlərinə görə, “F.A Vida” 4 hissədən ibarət olacaq və konsert zamanı 21 mahnı, 4 Meqamiksa olmaqla, ümumilikdə 25 mahnı ifa olunacaq. 56 nəfərdən ibarət işçi qrupunun çalışacağı konsertlərin ümumi büdcəsi 250.000 manat təşkil edib. Faiq Ağayev konsertin təşkilində kömək göstərdiyi üçün Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Sarayı və “Bakı Metropoliteni”nə xüsusi təşəkkür edib. O, qeyd edib ki, konsert afişalarını “Bakı Metropoliteni” təmənnasız yerləşdirib.

Bilet satış ilə bağlı sualı cavablandıran Faiq Ağayev bildirib ki, bu gün üçün biletlərin 64-65% satılıb. Əvvəlki konsertlərindən fərqli olaraq, bu dəfə xalq artisti həmkarlarını konsertinə dəvət etməyib. “Mən heç kimi dəvət etməmişəm. Amma özləri müraciət edənləri konsertə dəvət edirəm. 3 həmkarımı və Çingiz Abdullayevi konsertə dəvət etdim”.

Müğənni mətbuat konfransı zamanı jest edərək, konfransa iştirak edən jurnalistləri konsertin ilk gününə – 27 dekabr tarixində keçirilən konsertə dəvət edib. Vəzifəli şəxslərdən kimləri dəvət etməsi sualını cavablandıran müğənni bildirib ki, insanları vəzifəsinə görə deyil, dostluq münasibətlərinə görə konsertə dəvət edir. “Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə konsert üçün təşəkkür edəndə, o bildirdi ki, konsertdə iştirak edəcək. Bu məni çox sevindirir”. Konsertin adı ilə bağlı sualı cavablandıran xalq artisti qeyd edib ki, bunu konsertin sonunda 25-ci mahnıdan əvvəl 30 saniyəlik video çarxla cavablandıracaq. Eyni zamanda F. Ağayev bildirib ki, konsert qeyri-adi başlayacaq. Mətbuat konfransının sonunda Faiq Ağayev musiqisi Nailə Mirməmədliyə, sözləri Xuraman Vəfaya aid olan “Əlvida” mahnısına çəkilmiş klipi təqdim edib.  

Xalq artistinin “VİDA” adlı xüsusi solo konsert proqramıyla 27, 28, 29 və 30 dekabr tarixlərində Heydər Əliyev Sarayında çıxış edəcək. Konsert müğənnin 25 illik səhnə fəaliyyətini əks etdirəcək.

 

 

 

 

 

  Sevinc İltifatqızı  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir