Modern.az

Vitse-spiker: “Ramiz Mehdiyev, portfelini qoltuğuna vurub getməlisən”

Vitse-spiker: “Ramiz Mehdiyev, portfelini qoltuğuna vurub getməlisən”

Aktual

11 Fevral 2022, 18:06

“Ramiz Mehdiyev haqqında deyilənlər və onun cavab reaksiyası müxtəlif mənalarda yozula bilər. Ramiz Mehdiyev məgər bu qədər güclüdür ki, ona AMEA Rəyasət Heyətinin gücü çatmır? Rəyasət Heyəti yığılıb, öz mövqeyini ortaya qoya bilər”.

 

Bu sözləri Modern.az-a Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli deyib:

 

“Ramiz Mehdiyev haqqında yazıları oxuyanda yadıma “Ulduz” filmindən bir fraqment düşür. Məhəmmədlə Züleyxa toyuq fermasında çox xoşbəxt dolanırlar. Birdən Naza gəlib çıxır. Onu görən kimi Məhəmməd pencəyinə əl atır. Züleyxa, “Məhəmməd, bu kimdir” deyə soruşanda, Məhəmməd "bu mənim keçmiş günahlarımdır, qadın cildinə girib, qarabaqara düşüb dalımca” cavabını verir.

 

Bu gün millət, xalq, fərdlər eyni mövqedən çıxış edirsə, Ramiz Mehdiyev düşünməlidir, niyə belə oldu? Nə üçün hadisələr onun əleyhinə cərəyan edir? Ömrünün son dövrlərində Ramiz Mehdiyev düşünməlidir, hansı günahın sahibi olub ki, tanrı bunları yaşadır.

 

Ramiz Mehdiyev, kollektiv səni istəmirsə, insanlar səni sevmirsə, portfelini də qoltuğuna vurub, çıxıb getməlisən”.

 

Fəzail İbrahimli AMEA rəhbərinin fəaliyyətinə dönüb baxmalı, düşünməli olduğu məqamların hələ çox olduğunu qeyd edib:

 

“Uzun müddət hakimiyyətdə “qılıncının dalı-qabağı kəsən”, istədiyi vaxt “Demokl qılıncı” kimi hər kəsin çiyninə bata bilən adam dost qazanmayıb ki, indi çıxıb Mehdiyevin müdafiəsində dursun? Maraqlıdır, niyə susur onun dostları? Deməli, Ramiz Mehdiyev münasibətlərini qurarkən həyatının əvvəlindən buraxdığı səhvlərin bəlasını çəkir. Görünür, özünə hörmət qoyan, şəxsiyyətini uca tutan, millətə, dövlətə bağlı adamları sevməyib. O ancaq rəngini dəyişənləri, xamelyonları, cilddən-cildə düşən insanları sevib. Çünki onları idarə etmək asandır. Ömür boyu ətrafına dəyişkən insanları yığıb. Ramiz Mehdiyevin indiki halı çoxlarına dərs olmalıdır. Ətrafınıza kişi xasiyyətli adamları, xarakteri möhkəm adamları yığın, materialı plastmasdan yox, dəmirdən olan adamları toplayın ki, dar məqamda arxanızda dura bilsinlər. 

 

İnsan ətrafına baxmalı, mövcud ictimai siyasi proseslərdən, ona olan münasibətlərdən dərin dərs almalıdır və həyatının qalan hissəsini sakit formada yaşamağa çalışmalıdır. Mənə elə gəlir ki, Ramiz Mehdiyev evdə oturub, xatirələr yazsa, gələcək nəsil maraqla oxuyar. Amma heç olmasa, onu yazanda gərək səmimi olsun”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!