Modern.az

“Ümid edirik ki, müharibə dayandırılacaq” - DEPUTATLAR

“Ümid edirik ki, müharibə dayandırılacaq” - DEPUTATLAR

Aktual

24 Fevral 2022, 16:44

Rusiya və Ukrayna arasında hərbi əməliyyatların başlaması dünyanın gündəmini dəyişdi. Hazırda bütün ölkələrin diqqəti Ukraynanın şərq bölgəsində davam edən qızğın müharibəyə yönəlib. Artıq hər iki tərəfdən itkilərin olduğu bildirilir. Təmas xəttində yaşanan qanlı olaylar Azərbaycanda da həyəcanla izlənilir. 

 

Dünya dövlətləri, beynəlxalq təşkilatlar müharibənin tezliklə dayandırılması ilə bağlı çağırışlar etsələr də, hələ də sülhdən danışmaq qeyri-mümkün görünür. Hadisələrin necə cərəyan edəcəyi ukraynalıları düşündürən ən vacib məsələdir. 

 

Rusiya-Ukrayna müharibəsi barədə Modern.az-a danışan Milli Məclis üzvləri döyüşlərin tezliklə dayandırılacağına ümid etdiklərini bildiriblər.

 

 

Müharibənin dünyada ən dəhşətli olay kimi qiymətləndirildiyini deyən deputat Məlahət İbrahimqızı Azərbaycan xalqının da bu anları yaşadığını diqqətə çatdırıb:

 

“30 il təcavüzkar Ermənistan tərəfindən məcburi cəlb edildiyimiz silahlı münaqişəni, Birinci və İkinci Qarabağ müharibələrini yaşamışıq. Başımıza müsibətlər, Xocalı faciəsi kimi soyqırımları gətirilib. 44 günlük Vətən Müharibəsində isə nəhayət, möhtəşəm Zəfər qazanmışıq. Yenə də şəhidlərimiz və qazilərimiz oldu. Allah heç bir millətə bu qədər dəhşətli müsibətləri göstərməsin.

 

Bu gün xalqımız və dövlətimiz üçün iki önəmli ölkə olan Rusiya və Ukrayna arasında savaş bizi çox üzür. Arzu edirik ki, hərbi əməliyyatlar ən qısa zamanda dayandırılsın, münaqişənin həlli beynəlxalq hüquq normaları çərçivəsinə qaytarılsın”.

 

 

Deputat Rasim Musabəyovun fikrincə, hazırda Rusiya və Ukrayna müharibəsinin nə vaxta qədər davam edəcəyini proqnozlaşdırmaq qeyri mümkündür:

 

“Hadisələrə siyasi analizlə, məntiqlə yanaşası olsaq, bu müharibə heç vaxt olmamalı idi. Ona görə, məntiqə söykənən hansısa fikir bildirmək çətindir. Hər bir halda ümid edirəm ki, qısa zamanda müharibə dayanacaq. Uzunmüddətli hərbi əməliyyatlar heç bir müsbət nəticə vəd etmir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!