Modern.az

“Qalib xalqın deputatları kimi Yerevana səfər qürurvericidir” - Elçin Quliyev

“Qalib xalqın deputatları kimi Yerevana səfər qürurvericidir” - Elçin Quliyev

Aktual

24 Fevral 2022, 18:12

“30 ilə yaxın davam edən münaqişənin ardından Azərbaycan və Ermənistan arasında münasibətlər hələ də normallaşmayıb. Azərbaycan öz ərazi bütövlüyünün qorunub saxlanılması üçün lazımi tədbirlər görüb və nəticə olaraq erməni silahlı birləşmələrini öz torpaqlarımızdan qovub. 8 Noyabr Zəfər Günü artıq tarixə qızıl hərflərlə yazılıb. Bütün bu nailiyyətlərin memarı isə Azərbaycan Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevdir. Məhz Prezidentimizin qətiyyətli addımları nəticəsində bu gün Azərbaycan qalib ölkədir”.

 

Bu sözləri Modern.az-a deputatlar – Tahir Mirkişili və Soltan Məmmədovun Ermənistana səfəri haqqında danışarkən iqtisadçı-politoloq Elçin Quliyev deyib. O bildirib ki, Azərbaycan daim qonşuları ilə normal münasibətlər qurub, münasibətlərin daha yaxşı müstəvidə davam etdirilməsi üçün lazımi tədbirlər görüb:

 

“Ermənistan dövləti tərəfindən isə bu sahədə heç bir irəliləyiş nümayiş olunmadığını görürük. Buna nümunə olaraq, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin erməni jurnalisti ilə dialoquna nəzər salsaq görərik ki, Prezident bütün bu məsələlərə faktlarla aydınlıq gətirib.

 

Münasibətləri normallaşdıraq üçün məğlub ölkəyə səfər edən Azərbaycan millət vəkilləri Tahir Mirkişili və Soltan Məmmədovun AVRONEST PA-da iştirakı dövlətimizin bundan sonrakı dövrdə münasibətlərin normallaşması üçün lazımi addımlar atmağa hazır olduğunu göstərir. Təbii ki, Ermənistan regionda sabitlik içərisində yaşamağı üstün tutursa və qonşu ölkələrlə əlaqələrinin yaxşılaşmasını istəyirsə, Azərbaycan tərəfinin bütün şərtlərini qeyri-şərtsiz qəbul etməlidir.

 

İkinci Qarabağ müharibəsindən sonra ilk dəfə Azərbaycan təmsilçiləri Ermənistanda olan tədbirə qatılıblar. Bundan əvvəl komitələrin Yerevanda keçirilən iclasına Azərbaycan tərəfi nümayəndə göndərməmişdi, amma Ermənistan tərəfindən deputatlar AVRONEST-in Bakıda keçirilən iclasında iştirak etmişdilər.

 

AVRONEST Parlament Assambleyasında təmsil olunan Azərbaycan, Gürcüstan, Ukrayna nümayəndələri və Avropa Birliyi tərəfindən həmsədr nümayəndə ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş olub. Görüşdə Avropa Birliyi - Ermənistan, Azərbaycan-Ermənistan münasibətləri, Ukrayna ətrafında baş verən hadisələr müzakirə olunub".

 

"Nikol Paşinyan Azərbaycanla münasibətlərdən danışarkən çətin də olsa, artıq müəyyən bir yolun qət edildiyini, bir çox məsələlər, xüsusilə də dəmir yolunun açılması ilə bağlı razılıqların olduğunu qeyd edərək, bunun regionda kommunikasiyaların açılması yönündə əhəmiyyətli olacağını söyləyib. Daha sonra mina xəritələrinin təhvil verilməsindən, sərhədlərin demilitasiya və demarkasiyasından, UNESCO-nun regiona səfər edəcəyindən, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin qalıqlarının təhvil verilməsi prosesindən, Ermənistan-Türkiyə münasibətlərinin inkişafından məlumat verərək, Prezident İlham Əliyevlə Brüsseldə, daha sonra isə 4 fevralda video konfrans formatında keçirdiyi görüşə də toxunub. O bu görüşləri müsbət qiymətləndirib.

 

Millət vəkili Tahir Mirkişili, Azərbaycan nümayəndə heyəti adından çıxış edərək Azərbaycanın gündəliyində dayanıqlı sülh, regional inkişaf, kommunikasiyaların açılması, bərpa və quruculuq işlərinin olduğunu qeyd edib. Bunun üçün ölkəmizin enerji təhlükəsizliyi, postpandemiya dövründə iqtisadi inkişaf, texnologiyaların geniş tətbiqi istiqamətində region ölkələri və Avropa Birliyi ilə əməkdaşlıqda geniş imkanlarının olmasını vurğulayan Tahir Mirkişili bir daha Azərbaycanın sülh tərəfdarı olduğunu, qonşularla daha mehriban şəraitdə yaşamalarını, İrəvanda ilk dəfə olduğunu və Azərbaycan nümayəndə heyətinin bu səfərinin ölkəmizin dayanıqlı sülhdə xoş niyyətinin növbəti bir göstəricisi kimi qəbul edilməli olduğunu bildirib.

 

Tahir Mirkişilinin Ermənistana səfəri və səfər çərçivəsində işğalçı dövlətin baş naziri ilə görüşü və bu görüşdə Azərbaycanın qətiyyətli olduğunu qeyd etmək məni bir Azərbaycanlı kimi fərəhləndirdi. Təsəvvür edin, işğalçı dövlətin rəhbərinə Azərbaycan dövlətinin nə qədər düzgün siyasət yürütdüyünü qeyd etmək və Yerevanda qalib xalqın qalib vətəndaşı kimi olmaq nə qədər qürurvericidir.

 

Millət vəkillərimiz Tahir Mirkişili və Soltan Məmmədovun Yerevandan xalqımızı su çərşənbəsi münasibətilə təbriki də tam yerinə düşdü. Bu bir daha bizdə fəxarət hissi oyatdı. Tarixi dədə-baba torpaqlarımızdan bayram təbriki almaq fəxr hiss etdirir. Buna görə, hər iki millət vəkilimizə dərin təşəkkürümü bildirirəm.

 

Daha bir maraqlı məqam da diqqətimi çəkdi. Enerji komitəsinin iclasına sədrliyi Azərbaycan edirdi. Burada iclasa sədrlik edən Tahir müəllim Ermənistan deputatına yersiz danışdığı üçün söz vermədi. Həmin gün ermənilər bir daha gördülər ki, Yerevanda iclasa sədrlik edən Azərbaycan millət vəkili təxribatçı erməni deputata söz vermədi.

 

Hər iki millət vəkilimizin Yerevanda qətiyyətli çıxışları və orada qalib ölkənin qalib nümayəndələri kimi çıxışı mən fərəhləndirir, Tahir Mirkişiliyə və Soltan Məmmədova dərin minnətdarlığımızı bildirirəm”, - deyə iqtisadçı-politoloq Elçin Quliyev vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!