Tikinti obyektinin istismarına icazə verilməsi qaydası təkmilləşdirilir.
Modern.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Şəhərsalma və Tikinti Məcəlləsinə yeni - 102.4-3-cü maddənin əlavə edilməsi təklif olunur. Təklif olunan redaksiya Məcəllənin qüvvədə olan redaksiyasının 102.4-2-ci maddəsinin natamam olduğundan irəli gəlir və təkmilləşdirmə xarakteri daşıyır. 102.4-2-ci maddəyə əsasən, sifarişçi tərəfindən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edildikdən sonra tikinti obyektinin istismarına icazə 2 iş günündən gec olmayaraq sifarişçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən icazə ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətində sifarişçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.