Milli Məclis "Qida Təhlükəsizliyi haqqında" qanun layihəsini ilk oxunuşda qəbul edib.
Modern.az xəbər verir ki, bununla bağlı parlamentin bu gün keçirilən iclasında müzakirələr aparılıb.
Qanunda göstərilir ki, yerli qida və yem məhsullarının rəqabət qabiliyyətliliyinin və ixrac potensialının artırılması, onların ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası sahəsində sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması sahələri dövlət tərəfindən tənzimlənir.
Qanun layihəsində qida təhlükəsizliyi sahəsində dövlətin vəzifələri, əsas prinsipləri, istehlakçıların hüquqlarının müdafiəsi və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların hazırlanması və qəbulu ilə bağlı məsələlər öz əksini tapıb.
Sənəddə, eyni zamanda qida təhlükəsizliyi sahəsində tələblər, o cümlədən qida və yem məhsullarının, xüsusi təyinatlı qida məhsullarının və bioloji aktiv qida maddələrinin, həmçinin zənginləşdirilən qida məhsullarının təhlükəsizliyi və digər bir sıra məqamlara dair tələblər ehtiva olunub.
Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.