Birinci Qarabağ müharibəsində xəsarət almış şəxslərə birdəfəlik yardımın verilməsi ilə bağlı siyahılar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilib.
Modern.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Zəka Mirzəyev məlumat verib.
Onun sözlərinə görə, siyahılar emal ediləndən sonra proaktiv qaydada ödənişlər veriləcək:
“Bu məsələdə vətəndaşların xüsusi müraciəti vacib deyil. Onların əlillikləri ilə bağlı məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsistemlərində var. Biz məlumatları həmin dövrdə xidmət etdikləri qurumlardan alırıq".
Xatırladaq ki, birdəfəlik ödəmə 17-20 min şəxsi əhatə edəcək və həmin ödəmələr üçün 2021-ci ilin dövlət büdcəsindən ilkin olaraq 50 milyon manat vəsait ayrılıb.
1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onlardan vəfat edənlərin ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı sərəncama əsasən I dərəcə əlilliyə görə 8 800 manat, II dərəcə əlilliyə görə 6 600 manat, III dərəcə əlilliyə görə 4 400 manat vəsait ödəniləcək.