Modern.az

Azərbaycan qanunları bütün Qarabağ torpağında tətbiq olunacaq

Azərbaycan qanunları bütün Qarabağ torpağında tətbiq olunacaq

Aktual

29 Mart 2022, 09:13

“Azərbaycan Ordusu Qarabağda güc tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini həyata keçirir. Bu proses çərçivəsində ordumuz Fərrux kəndinə və eyni adlı dağa nəzarəti tam təmin edib. Həmin ərazi hərbi nöqteyi-nəzərdən böyük əhəmiyyət daşıyır”.

 

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib. Deputat bildirib ki, Vətənimizin hər qarışı müqəddəsdir. Dövlətimizin ərazi bütövlüyünün, suverenliyinin təmin olunması bizim üçün ən əsas vəzifədir və 44 günlük müharibə nəticəsində torpaqlarımız erməni işğalından azad olunub:

 

"Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları Qarabağda erməni  təxribatlarının qarşısını almalıdır. Heç kim unutmamalıdır ki, həmin ərazilər də Azrbaycana məxsusdur. Bu ərazilərdə hər bir fəaliyyət barədə dövlətimiz qərar verir.

 

Ermənistan hakimiyyəti mövcud vəziyyətlə bağlı dünya ölkələrinə yanlış məlumatlar çatdırır. Amma onların bu cəhdi heç bir nəticə vermir və bundan sonra da verməyəcək. Azərbaycan öz ərazisində qanunları çərçivəsində müvafiq addımlar atır. Heç kim ölkəmizin daxili işlərinə qarışa bilməz. Ermənistan 2020-ci ilin 10 noyabr bəyanatına zidd olaraq silahlı qüvvələrini Azərbaycandan tam çıxarmayıb. Bundan başqa Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinin tərksilah olunması vacibdir. Odur ki, Azərbaycan ordusu bu məsələlərin həlli ilə məşğuldur və bu məsələlərin həllində bizə heç bir dövlət və beynəlxalq təşkilat mane ola bilməz, mane olmamalıdır. Dövlətlər və beynəlxalq təşkilatlar Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyırlar. Kimin nə deməsindən asılı olmayaraq milli maraqlarımızın qorunması istiqamətində bundan sonra da lazımi addımlar atılacaq. Biz çox qürurluyuq ki, bu gün Fərrux kəndində və Fərrux dağında üçrəngli bayrağımız dalğalanır. Bu ərazinin hərbi cəhətdən də önəmi böyükdür. Belə ki, Fərrux zirvəsindən çox böyük əraziyə nəzarət etmək imkanı var. Qəhrəman ordumuz da bu missiyanı şərəflə yerinə yetirəcək. Bütün proseslər ona aparır ki, Azərbaycan qanunları bütün Qarabağ torpağında tətbiq olunacaq”. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır