Yaxın 2 gün ərzində havanın temperaturunda mühüm dəyişiklik gözlənilmir.
Bununla bağlı Modern.az-a Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
O bildirib ki, 30-31 mart tarixlərində Bakıda və Abşeron yarımadasında dəyişkən, əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu 10-15 dərəcəyədək isti olacaq.
Bölgələrdə də əsasən yağmursuz hava şəraiti gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu bəzi yerlərdə 19, dağlarda isə 10 dərəcəyə qədər isti olacaq.

Gülşad Məmmədova mart ayının soyuq keçməsi ilə bağlı fikirlərə də münasibət bildirib. O qeyd edib ki, bu il həqiqətən də mart əvvəlki illərlə müqayisədə soyuq keçdi.
Qurum rəsmisi onu da diqqətə çatdırıb ki, aprel ayında havanın neçə keçəcəyi haqqında ümumi aylıq proqnoz martın 31-də açıqlanacaq.