Modern.az

Ermənistanın suverenliyi ilə alver etməsi sülhə təhlükədir

Ermənistanın suverenliyi ilə alver etməsi sülhə təhlükədir

Aktual

6 Aprel 2022, 10:52

"Azərbaycana məğlubiyyətindən və müharibədən sonrakı siyasi böhrandan çıxmaq üçün Ermənistan rəhbərliyi seçim etməli idi. Birinci və ən məntiqli yol, Ermənistanın sülh yolunu seçməsi idi. Bunun üçün o, qonşularına qarşı ərazi iddialarından və ən əsası, böyük dövlətlərin nəzarəti ilə bölgədə gərginlik yaratmaq üçün cəlb olunan "vasitəçi" kimi ənənəvi rolundan əl çəkməli idi. Belə bir seçimin edilməsi Ermənistandan, ilk növbədə, qonşularına qarşı ərazi iddialarını təsbit edən konstitusiyada dəyişikliyin edilməsini və erməni siyasətinin ana xətti olan “soyqırımı” ideyasından əl çəkməsinə qədər dərin siyasi islahatlar tələb edərdi".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Arpadarai deyib. Deputat qeyd edib ki, Azərbaycan və Türkiyə ilə ticarət, nəqliyyat və sosial əlaqələrin açılması Ermənistanın təhlükəsiz və sürətli inkişafı üçün ən yaxşı təminat, mövcud böhrandan çıxış yolu olardı. Amma üçtərəfli bəyanatdan bir ildən çox vaxt keçsə belə, görünür ki, Ermənistan bu yolu seçməyə tələsmir:

 

 

"Əvəzində Ermənistan vərdiş etdiyi kimi, suverenliyinin alveri yolunu seçir. Bu gün Ermənistanın bütün planları güclü dövlət qurmaq üzərində deyil, xarici siyasət avantüraları üçün sponsor tapmaq üzərində qurulub. İstər Fransanın Ermənistandan istifadə edərək Türkiyəyə qarşı regional yarı-gizli blok yaratmaq cəhdləri, istərsə də Ermənistanın suverenliyini hissə-hissə Rusiyaya satması, əvəzində isə "10%" səmərəlilik göstərən silahsız təyyarələr və raketləri alması buna hesablanıb.

 

Bu davranış modelinin artıq Ermənistanı yarımçıq dövlət vəziyyətinə saldığını xatırlatmağa ehtiyac yoxdur. Ermənistan hökuməti bu gün o qədər acınacaqlı durumdadır ki, Ukrayna böhranı ilə bağlı öz fikrini bildirmək imkanı belə yoxdur. Əminəm ki, erməni diplomatları Moskvadakı görüşlərdə bir şeyi, Qərbdəki görüşlərdə isə əksini deyirlər.

 

Bu gün Ermənistanın real gələcəyə baxışı mövcud deyil. Paşinyan, strateji addım atmağı bacarmadığını dəfələrlə nümayiş etdirib. O, ölkə üçün nəticələrini düşünmədən, sadəcə bu gün ayaqda qalmaq üçün istənilən yalana getməyə hazırdır. Təəcüblüsü odur ki, təkcə Paşinyan deyil, bütün Ermənistan siyasəti və diplomatiyası bu prinsiplə işləyir. Dünyanın “ən qədim” xalqının öz tarixinin son “19 min ilindən” təcrübə və müdriklik qazanmamaları və ağlasığmaz pafosla eyni düşünülməmiş addım atmaları qəribədir.

 

Ermənistanın cari siyasəti istər-istəməz onun dövlətçiliyinin daha da zəifləməsinə gətirib çıxaracaq. Nəzəri cəhətdən biz azərbaycanlıları bu məsələ bir o qədər maraqlandırmır. Bununla belə, regionda suverenliklə alver edən qeyri-sabit qonşunun olması ciddi risk mənbəyidir".

 

Deputat düşünür ki, erməni siyasətçiləri çıxış yolu olaraq aşağıdakı siyasəti seçiblər: 

 

"Azərbaycanı Rusiya və Qərblə çəkişdirmək. Bunun arxasında Ermənistanın heç bir real səbəb olmadan sehrli şəkildə yenidən hərbi siyasi qüvvəyə çevrilməsi ideyası var. Ermənistanın bunun üçün nə iqtisadi, nə də hərbi resursa malik deyil.

 

Bunun üçün erməni siyasətinin ənənəvi alətlərindən - yalan və lobbiçilikdən istifadə olunur ki, media, “əlaltı” siyasətçilər, deputatlar, qeyri-hökumət təşkilatları və siyasi partiyalar, xırda silahlı təxribatlar, rüşvət və s yollara əl atırlar. Avropada erməni lobbisi son illərdə əsasən sağçı qüvvələr vasitəsilə, səlib yürüşü və islamofob gündəmdən istifadə edərək işləyir. ABŞ-da onlar diaspora və onun seçkilərdəki rolu vasitəsilə fəaliyyət göstərirlər. Rusiyada nüfuzlu jurnalistlər, diplomatlar və generallar şəbəkəsindən istifadə edirlər.

 

Çox vaxt özlərinə uyğun olan yalnış məlumat təbliğ olunaraq, məlumat fonu yaradılır. Lazım olan zaman xristian elementi ortaya atılır. Ermənilərin acınacaqlı siyasi ənənəsi belədir. Təəssüf ki, bu, sözügedən məkrli yanaşma tarixən ermənilərin qonşularına, eləcə də özlərinə dəfələrlə ölüm və iztirab gətirmişdir.

 

Bunun fonunda biz Azərbaycanda soyuqqanlı olmalıyıq. 2020-ci ildə də qələbənin əsasında məhz Azərbaycan Prezidentinin soyuqqanlılığı və strateji təfəkkürünün durduğunun şahidi olduq.

 

Yadda saxlamalıyıq ki, nə Qərbdə, nə də Rusiyada ermənipərəst ictimai konsensus yoxdur, çünki ümumiyyətlə baxanda Azərbaycanla Ermənistan arasında münasibətlər mütləq əksəriyyətə maraqlı deyil. Sadəcə olaraq, erməni səsləri çox ucadır və ona görə də eşidilir. Bu tip piarın bariz nümunəsi deputat Delyaqinin Azərbaycanın neft sənayesinin bombalanması ilə bağlı fikirləridir. Məqsədə nail olduğu üçün sonrakı üzrxaqlığın az əhəmiyyətli olduğunu başa düşmək lazımdır. Hər iki ölkədə ictimaiyyətə mənfi təsir göstərən səs-küylü sözlər deyilib. Onların arxasında heç nə olmasa belə...

 

Qonşu ölkədə və bölgədə cərayən edən proseslər fonunda Azərbaycan heç bir halda baş verənlərə laqeyd qalmamalıdır. İnformasiya və diplomatik imkanlarımızı ciddi şəkildə genişləndirməliyik. Bunun üçün xalq diplomatiyası, diaspora, beyin mərkəzləri və mədəniyyətin təbliğindən istifadə etməliyik. Diqqət müxtəlif erməni informasiya təxribatlarına reaksiya verməkdən daha çox, dünyada Azərbaycan haqqında düzgün təsəvvürün qurulması olmalıdır. Bu cür fundamental məsələlərdə təkcə dövlət diplomatiyası kifayət etmir. Bunu, ilk növbədə dövlətimiz üçün ən böyük risklərin olduğu ölkələrdə etmək lazımdır".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır