Modern.az

Çingiz Hüseynov: “Bədii əsər canlı varlıqdır, yandırsan dirçələcək” - MÜSAHİBƏ

Çingiz Hüseynov: “Bədii əsər canlı varlıqdır, yandırsan dirçələcək” - MÜSAHİBƏ

Müsahibə

12 Fevral 2013, 12:09

Moskvada yaşayan yazıçı: “Elə bil Rusiyada deyil, Azərbaycandayam...”

Moskvada yaşayan ünlü Azərbaycan yazıçısı Çingiz Hüseynov Modern.az saytına müsahibə verib. “Ailə gizlinləri” əsəri ilə sovet hakimiyyəti dövründə rəsmi Bakının qəzəbinə tuş gəlmiş yazıçı ilə Azərbaycanda ifadə azadlığının bugünkü durumu, Əkrəm Əylisinin “Daş yuxular” romanı və s. haqqında söhbətləşdik. Müsahibəni oxuculara təqdim edirik

– Moskvadan Azərbaycan necə görünür?

– Son illərdə elə bilirəm ruhən, duyğu-düşuncələrimlə Rusiyada deyil, Azərbaycanın özündəyəm: eyni narahatçılıq, eynilə satılmış TV, bahalıq, eyni yalan, korrupsiya, bir-birinə məntiqsiz hərəkətləri ilə oxşar iqtidarlar, nadan və rüşvətxor məmurlar, nə qanun – qanundur, nə də məhkəmə – məhkəmə. Duma, yaxud Məclis – heç bir fərqi yoxdur. Hər ölkənin də bircə qatı düşməni: Rusiyanınkı – Amerika Birləşmiş Ştatları, bizimki – Ermənistan. Rusiya da böyük dövlətini itirdiyinə görə gündən-günə qəzəblənir, biz də öz əlimizlə torpaqlarımızı satqınlıq ucundanmı, bəzilərinin karyerası naminəmi itirmişik, indi də bizdən qətiyyən qorxmayan düşmənimizi hədələyirik, mənasızdır bizim bu hədəmiz. Çünki Ermənistanın arxasında Rusiya durub.

– Prezidentin sərəncamı ilə Əkrəm Əylisli “Xalq yazıçısı” adından və fərdi təqaüddən məhrum edildi. Buna münasibətiniz necədir?

– Konkretlikdən çıxaraq (əsl sənətkara ağır yük olan bu adlar-nişanlar lazımdırmı?) deməliyəm ki, bir daha Azərbaycanın adı dünya qarşısına ləkələndi, dövlət quruluşumuzun mahiyyətini bir daha təsdiqlədik, sivilizasiyadan çox-çox uzaq olduğumuzu, geriliyimizi göstərdik, nümayiş etdik.

– Necə düşünürsünüz, Əkrəm Əylisliylə bu qədər sərt olmaq lazım idimi?

– Nişanları deyirsinizsə – bu sərtlik deyil, yaradıcı azadlıqdır... Yazıçı onu ağrıdan mövzunu özü bildiyi, duyduğu kimi qələmə aldı, öz yanlış və yaxud doğru sözünü dedi. Kiminin xoşuna gələ bilər, kiminin qəzəbinə, qoy hər kəs öz münasibətini bildirsin, sözlə, mətbuat vasitəsilə. Vəssalam! 

– Qeyd edim ki, bu cür hal ölkədə ilk dəfə idi ki, baş verirdi. 

– Dünyada sözdən qorxmaq halları son yüzillikdə çox olub, özü də əksəriyyətcə mədəniyyət cəhətdən zay olan ölkələrdə: İranda – Salman Rüşdi, Sovet Rusiyasında – Pasternak, Soljenitsın, Brodski, üçü də Nobel aldı… İlk dəfə olaraq biz də bu cərgədə özümüzü göstərdik, afərin bizə!..

– Azərbaycanın ilk Xalq yazıçısı erməni olub – Aleksandr Şirvanzadə. Onun titulu niyə ləğv edilmir?

– Sirvanzadə sadəlövh zamanlarda üç respublikanın – Gürcüstan, Ermənistan və Azərbaycanın Xalq yazıçısı olmuşdu. İndi “xalqlar dostluğu” “xalqlar düşmənçiliyi” ilə əvəz olunub, bu da Əkrəmi bir növ narahat edirdi, onun bədii niyyətlərindən idi. Əlbəttə, bu niyyətin həllində əsərdə sosial-siyasət baxımından qüsurlar ola bilərdi və bəlkə də var, amma...

– “Daş yuxular” əsərini oxumusunuzmu? Yazıçı kimi düşüncələriniz nədir?

– Təbii ki, oxumuşam və bir daha onu bədii baxımdan (süjet – konflikt – qəhrəmanlar sistemi və s.) yüksək qiymətləndirirəm. Təbii ki, hər bir deyilən söz – siyasətdir, bu cəhətdən, yəni siyasi, sosial, tarixi baxımından əsərə iradlar tutmaq olardı. Bu haqda təkcə mən yox, başqa qələm yoldaşlarım da mətbuatda (Elçin Şıxlı, Emil Ağayev, Azər Mustafayev… və d.) çox yazıblar, təkrar etmək istəmirəm. Tam şəkildə əsərin “erməni” tarix süjetinə aid münasibətimi, fikirlərimi mən ikicildlik “Doktor N” romanımda demişəm.

– Sizin “Ailə gizlinləri” romanı ilə sovet hakimiyyəti dövründə Əkrəm Əylisli kimi rəsmi Bakının qəzəbinə tuş gəldiyiniz söylənilir.

– Yüz faizli gerçəkdir, haqlısınız. Roman Sovet dövründə maraqlı təsadüflər nəticəsində Moskvada iki yüz min tirajla çıxdı, Azərbaycana, Bakıya çatar-çatmaz satışdan götürüldü, yasaqlandı, uzun müddət Bakıya gələ bilmədim… Bu haqda 2011-ci ildə “Açıqlanmış sətiraltı” kitabımda ətraflı yazmışam.

– Azərbaycan ədəbiyyatı tarixində kifayət qədər erməni-xristian obrazları var. “Əsli və Kərəm”, “Şeyx Sənan”, “1905-ci il”, habelə“Hacı Qara”da iki nəfər Tuğ kəndlisindən tutmuş “Bahadur və Sona”ya qədər. Biz bu mirasla necə davranmalıyıq? Bu əsərləri neyləməliyik? Yandırmalıyıq?

– Bəlkə də adlarını çəkdiyiniz əsərlər bədii niyyət cəhətdən “Daş yuxular”a yaxındır, amma bu əsər adlarını çəkdiyiniz o birilərindən həm mövzuca, həm konsepsiya baxımından, sosial-ictimai nəticə etibarı ilə… çox-çox fərqlidir. Yaranan əsər canlı bir varlıqdır, yandırsan dirçələcək, qapıdan qovsan pəncərədən girəcək… Əsərin məhkəməsi tarixə bağlıdır.  

– Ümumiyyətlə, sizin üçün ifadə azadlığı nədir?

– Keçən il deyirdim ki, yox, mənim “Qələmin yuxuları” adlı 37 yuxudan ibarət yazım heç vaxt işıq üzü görməyəcək, amma gördü! Axı, inanılası deyil, bizdə get-gedə geniş yayılan qudurğanlıq. Murdarlaşan mühit. Yalan və ucuz yaltaqlıq. Gophagop. Adi insanı alçaldan yaşadığımız bu qeyri-təbii aləm. Bəzən gerçəyi yuxu donuna geyindirməyə məcbursan. Amma, amma… barmaqla göstərilən şəxslərin heç vecinə deyil, kim nə yazır-yazsın. Onlar özlərini karvan sanır, həqiqəti söyləyənləri isə… yox, belə bir “karvanın” yolu uçurumdur. Peyğəmbərlikdən uzağam – tarixə arxalanıb bunu deyirəm.

Sevinc İltifatqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir