Modern.az

Əkrəm Əylislinin “çörək verdiyi adam”: “O özü camaatı üstünə saldırdı!”

Əkrəm Əylislinin “çörək verdiyi adam”: “O özü camaatı üstünə saldırdı!”

12 Fevral 2013, 15:39

Bir neçə gün öncə yazıçı Əkrəm Əylisli Modern.az-a açıqlamasında vaxtı ikən Mövlud Süleymanlını, Afaq Məsudu, Eldar Baxışı, Ramiz Rövşəni, Vaqif Bəhmənlini, Səfər Alışarlını ədəbiyyata gətirdiyini, amma onların əlinə fürsət düşən kimi onu daş-qalaq etdiyini demişdi.

Mövlud Süleymanlı Əkrəm Əylisinin onun haqqında dediklərinə münasibət bildirib. Yazıçı Modern.az-a açıqlamasında deyib ki, Əkrəm Əylisli bütün münasibətləri qırıb: “Kim nə edirsə, özünə edir. O bütün münasibətləri qırıb. Dostla da, xalqla da. Yazdığı o “yaxşı” əsərlə də özünü, keçmişini, gələcəyini də məhv edib. Arada nə qalıb ki, mən onun haqqında danışım”.

Vaxtilə Mərkəzi Komitədə ideologiya şöbəsinə başçılıq eləmiş şair Vahid Əziz Əkrəm Əylislinin dediyi sözlərə belə münasibət bildirib: “İnsanı ədəbiyyata Allah gətirir, yazıçı gətirmir. Sadəcə yazıçı şərait yarada bilər. Həm “Gənclik” Nəşriyyatının baş redaktoru olanda, həm də “Azərbaycan” jurnalının baş redaktoru olanda əməlli-başlı adam idi. Doğurdan qayğıyla, diqqətlə yanaşırdı. Bir də görürdün ki, heç mənim xəbərim olmadan kitabımı plana salırdı ki, sonra da deyridi “kitabın çap olunub, gəl götür”. “Azərbaycan” jurnalında işləyəndə qısqanclıq etməzdi, xəsislik etməzdi. Nə varsa, çap edirdi. O vaxtlar isə bir də görürdün ki, 23 yaşlı cavan oğlanın şerini çap etdirir. Normal adam idi. Sonra onu kim korladı, necə korlandı, başa düşə bilmirəm”.

Şairin sözlərinə görə, Əkrəm Əylislini ona görə daşlamırlar ki, onun başının tükü azdı, ya burnu yekədir.
“Ona görə daşlayırlar ki, Azərbaycana xəyanət edib, o əsəri yazanda onun gözünün qabağına Xocalıda başının dərisi soyulmuş uşaqlar, Ermənistanda boruların içində yandırılan insanlar gəlməyib. Tarixən orda-burda qırğınlar yadından çıxıb. Belinə qaynayan samovar bağlayıb od vurduqları hamilə qadınlar gözünün qabağına gəlməyib. Ermənistandan gələnlərə “yeraz” deyirlər, guya, özləri gəliblər? Onlar özbaşına gəlməyiblər ki, ermənilər qovublar. Dövlətlərin şovinist siyasəti milləti öz yerindən, yurdundan didərgin salıb. Adam bir şeyi edəndə hamısını gözünün qabağına gətirər. Hələ heç bir yazıçı öz xalqının əleyhinə belə şeylər deməyib. Əslində onun nazıyla oynadılar. 1988-ci ildə “Drujba Norodov” jurnalında sözlə dediyi fikirləri bu dəfə sazla deyib. Hətta Bəxtiyar Vahabzadə ona şeir həsr etdi. İndi heç kim onun üstünə düşməyib. Özü camaatı öz üstünə saldırıb. Hər şeyin bir əndazəsi olmalıdır”.

Gültəkin ƏLƏSGƏR  

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir