Modern.az

“Kuklalar” verilişinin ssenarisini biz yazırdıq, amma...” - “Space”nin teleaparıcısı ilə MÜSAHİBƏ

“Kuklalar” verilişinin ssenarisini biz yazırdıq, amma...” - “Space”nin teleaparıcısı ilə MÜSAHİBƏ

28 Fevral 2013, 10:17


Modern.az
saytının müsahibi “Space” telekanalındakı “Yalan-Doğru” verilişinin aparıcısı Vüqar Hüseynovdur. Veriliş bu yaxınlarda efir məkanındakı fəaliyyətini dayandırıb. Onunla müsahibəni təqdim edirik.

- Bildiyimizə görə gənc yaşlarından Şən və Hazırcavablar Klubunun sıralarında olmusan..

- Hələ məktəbdə oxuduğum zamanlardan  məktəb və rayondaxili çempionata bir-iki dəfə yazılıb,  iştirak eləmişdim. Həm dərslərimi oxuyurdum, həm də bu işlərə həvəs var idi. İqtisad Universitetində oxuduğum vaxtlar isə Şən və Hazırcavablar Klubu formalaşırdı. Eyni zamanda Azərbaycan çempionatı gedirdi. Universitetimizdə “Gənc Kommersantlar” komandası var idi. Belə çıxışlardan sonra özüm də başladım nələrsə yazmağa. Biz neçə dəfə çempion da olduq. İndi bəzən mənə yaxşı ssenarist tapa bilmədiklərini deyirlər. Həmişə deyirəm ki, “KVN”dən çıxmış adamlar bu işi daha yaxşı bilirlər. O məktəbi gördük deyə, bizdə bu alınır. “KVN”dən sonra bu da dayandı.

- O dövrdə Anar Məmmədxanovun komandası səni nə əcəb görmədi?

- Görməkdən əlavə, orada bir sıra başqa məqamlar da var.

- Yəni onların kriteriyaları yüksək idi, yoxsa necə?

- Bəli

- Heç özünün cəhdləri olmuşdumu, müraciət etmişdinmi?

- Biz gözləyirdik ki, özləri istəyib müraciətlər edərlər.

- Sizin uşaqlar arasından seçdikləri oldumu?

- Bəli, seçdikləri olurdu. Mən Fərda Xudaverdiyevlə bir komandada olmuşam. Yəni o dövrdən sonra bizi Həsən Əliyev yığmağa başladı. Elməddini Gəncədən çağırdı, Müşfiqi də biz özümüz kəşf etmişik. Beləcə “Tək səbir” komandası yarandı. Və bundan sonra biz özümüz də məktəbliləri komanda formasında hazırlaşdırmağa başladıq. Güclü iş rejimi qurmuşduq.

- Amma insanlar adlarını çəkdiyin aktyorları daha çox tanıdı...

- Komanda daxilində birinci arsenaldan sonra ikinci hissə gəlirdi. Təbii ki, biz gizlənən uşaqlar idik. Amma orada elə-belə adam yox idi. Sadəcə, orada üzdə görünənlər və çox az görünənlər var idi. Yəni bütün kollektiv bir yerdə işləyirdi, hamının monoloqlarında hər kəsin gücü olurdu.

- Bəs bu qədər zəhmətdən sonra komanda niyə dağıldı? Hərə öz bazarını tapdı, yoxsa?

- Təbii ki, orada bir sıra məqamlar, kontingent, “mən özüm tək də edə bilərəm” kimi fikirlər var idi. Sonra bəzi daxili söhbətlərdə oldu. Belə şeylərə görə dağılışdılar və hərə öz bazarını tapdı. Mənə elə gəlir ki, düz də elədilər. Ondan sonra da mən əsgərliyə getdim. Mən qayıdanda artıq “Toy” filmi çəkilmişdi. Yəni filmdə mənim çəkilişim nəzərdə tutulsa da, çata bilmədiyimə görə qaldı. Sonra bir sıra başqa verilişlərdə fəaliyyət göstərdim. “Lider” telekanalında yayımlanan “Kuklalar” verilişinə çox az müddətə, hardasa bir həftəliyə ssenarist kimi getdim. Amma məndən əvvəl Fərda, Anar orada iştirak edirdilər.


- Uşaqların yəqin ki, verilişin formatı haqqında məlumatları olurdu?

- Onlar yalnız ssenarinin yazılmasında iştirak ediblər. Özləri də bilmirdilər ki, söhbət nədən gedir. Fərdagilə demişdilər ki, bizə zarafatlar yazın. Onlar da heç kimin adını tutmadan bu zarafatları yazırdılar.

- Yəni yazılan zarafatlar anonim idi?

- Bəli. Amma sonra verilişi ekranda görəndə istəmədilər hər hansı intriqaların iştirakçısı olsunlar və bu səbəbdən də oradan çıxdılar.

- “SOY” prodakşna gəlişin necə olub?

- Mən daha sonra “M GROUP” prodakşnla işlədim. “Maşın Realiti Şou” zamanına təsadüf edirdi, redaktor kimi çalışdım.  
Həmin prodakşnla işimi bitirdikdən sonra MDB-də ən yaxşı qrafist olan Pan Tural bir yerdə  başqa işlər görməyə başladıq. Yeri gəlmişkən hazırda böyük holdinqlərin reklamları ilə məşğuluq. Bu mənim birbaşa işimdir. Sonra elə oldu ki, biz o reklamların birində Dilarə Əliyevanı çəkmək istədik. Yəni sifarişçi belə istəmişdi. Sən demə onlar da həmin dövrdə “Üç bacı” serialını çəkmək istəyirmişlər. Mənə dedilər ki, serialın ssenarisini yaza bilərsənmi. Mənə qədər səhv etmirəmsə, 18 ssenaristə müraciət etmişdilər. İstədiklərini ala bilmədikləri üçün imtina etmişdilər.
Mən də ssenari yazdım, xoşlarına gəldi, bununla da əlaqə yarandı. Dedilər ki, ssenariləri sən yaz. Həmin müddətdə də “Yalan-Doğru” verilişinin 4-5 buraxılışı çəkilmişdi. Onda verilişi aktyor Rüfət Nəzərli aparırdı. O verilişdən getdikdən sonra mənə təklif gəldi ki, bəlkə sən davam etdirəsən? Deyim ki, mənə bundan qabaq da aparıcılıq təklif olunub, sadəcə verilişi uyğun görməmişəm deyə, getməmişəm. Mən də nümunə üçün bir buraxılışa çəkildim və alındı. Birinci qonaqlarım Murad Ariflə Ülviyyə Əliyeva Şaxta baba və Qar qız rolunda çəkilmişdilər.

- Mənim kimi çoxlarını bir sual düşündürür, dedektor var idi, yoxsa..?

- Doğurdan da var idi, o balaca bir aparat idi. Sadəcə qoşulur monitora. Orada bir məqam var idi ki, indi də mənə müəmmalıdır. Bizə hər şeyi başa salmırdılar. Yalnız psixoloqlara hər şey xırdalığına qədər öyrədilirdi. Biz nə isə soruşanda üstüörtülü deyirdilər. Yəqin ki, lazım bilmirdilər. Deyim ki, mən özüm də məşq etmişdim. Bir dəfə dedim “mən zənciyəm”, dedektor  onu yalan çıxartdı.
Ola bilər ki, mənim də bilmədiyim bir şeylər var. Amma mən yoxladığım qədər hər şey düz çıxırdı. Tutaq ki, şou-biznesdən ovcumun içi kimi tanıdığım dostlarım var idi ki, dediklərini dedektor olduğu kimi çıxardırdı.

- Qonaqları verilişə çağıranda tərəddüd edənlər çox idimi?

- Aygün Kazımova və Faiq Ağayev rahatlıqla gəlmişdilər. Başqa gələnlər isə çox böyük qorxu və tərddüdlə gəlirdilər. .


- Sualların tərtibində iştirak etmirdin?

- Suallar mənim redaktəmdən mütləq keçməliydi. Ümumilikdə sizə deyim ki, yaşayış tərzimə və xarakterimə görə o verilişin adamı deyildim.

- Yəni bir insan kimi onu qəbul etmirdin?

- Qətiyyən qəbul etmirəm. Hansısa xanım oturub, mən onu ağlatmaq məcburiyyətindəyəm və s. Televiziya qanunları var. Sən psixoloji təsir etməlisən, ağlatmalısan və s. Bunlar reytinqdir. Mən bunları bacarmıram, amma məcburiyyət qarşısında etməli idim. Rəhbərlik özü də bilirdi ki, mən bu verilişin adamı deyiləm.

- Sən özün də bir növ o verilişdə tamaşaçı idin. Kimlərin cavabına heç inanmadın. Hətta monitorda düz göstərilən cavablara belə?

- Veriliş bir neçə dəfə efirə gedəndən sonra heç dedektora ehtiyac yox idi. Artıq yalan cavabı çıxmazdan öncə mən də ona inanmırdım.

 - Manaf Ağayevdən başqa da kimlərləsə konfliktli sitiuasiyalar olmuşdu?

- Manafla bizim indi çox gözəl münasibətimiz var. Açığı verilişdə tanış olmuşduq. Sadəcə efirdə əsəbini cilovlaya bilməyib, özündən çıxdı. Amma iki dəqiqə keçmədi qarşılıqlı üzr istədik. Hər şey həll olundu. Onu qınamalı deyilik. Sual birbaşa idi. Nə bilmək olardı ki, bir və ya beş gün əvvəl onun ailəsində nə baş vermişdi. Sual yazılmamışdı, mən özümdən vermişdim. Yəni elə suallar olurdu ki, situasiyadan asılı olaraq da verirdim.
Bəzən də elə suallar olurdu ki, mən  hansısa sözü demək və ya işlətmək istəmirdim. Məsələn, “abort” sözünü demək istəmirdim .Bircə dəfə məcburən işlətdim. Söyüş söymək o sözü işlətməkdən mənim üçün yaxşıdır.

- Efirdə baxanda komplekssiz görünürsən. Amma hazırda çox kompleksli insan olduğunu görürəm. Efirlə gerçək həyatda tamam fərqlənirsən..

- Mən orada obrazda idim. Kostyumdan tutmuş eynəyə qədər hər şey obrazın bir hissəsidir və rejissorun ideyasıdır. Mən daha çox xarakterimə uyğun olaraq dinamik, satirik şou verilişi apara bilərdim. Mənim “Yalan-Doğru” verilişini aparmağıma rəhbərlik 3 kriteriyanı nəzərə alıb, dəvət etmişdi: intelektual səviyyə, danışıq qabiliyyəti və dünyagörüşü. Faiq Ağayevi mən natiq sayıram. Onun düşünmə qabiliyyəti güclüdür. O bizim verilişə gələndə sanki onunla mənim aramda bir “bətl” gedirdi. Yəni bunları nəzərə alaraq məni dəvət etmişdilər. Amma mənim ampluam bu deyildi.

- Bəs sənə hansı sualı təklif etsəydilər, onu verməkdən imtina edərdin?

- Çox sualı, Azərbaycan kişisinə xas olan bir xüsusiyyətdir ki, ailə haqqında olan nələrisə işıqlandırmaq istəmir. Və ya intriqa xarakterli nələrdənsə imtina edərdim, necə ki, siz mənə belə suallar verirsiniz.

- Şoumen Murad Dadaşovun və rejissor Siyavuşun məktəbini keçmisən. Bunların təcrübəsindən bəhrələnib yeni bir proyekt təklif edə bilərsən?

- Tutaq ki, mən bir sifariş alıb onu işləyib verirəmsə, bu artıq mənim deyil. Mən yüzlərlə reklam, 10 proyekt adı çəkə bilərəm ki, mən də içində olduğum kollektivin məhsuldur. Biz onu hazırlayıb təhvil veririk, müqabilində nə isə alırıq, artıq bu bizim olmur. Hazırda əldə yanan 3 ciddi proyekt var ki, başqa bir ölkəyə satıla bilən layihələrdir. Sadəcə, böyük büdcə tələb edir. Yəni ondan aşağı da istəmirik olsun. Ya olmasın, ya da mükəmməl olsun. Tutaq ki, başlanğıc üçün 30 min manat civarında pul lazımdır. Amma dedektor da verlişin bir hissəsi olmaq şərti ilə yeni proyekt olacaq.



Şahanə RƏHİMLİ

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub