Modern.az

“Son hadisələr Qarabağın ermənilərə verilməsinə yönələn addımlardır”

“Son hadisələr Qarabağın ermənilərə verilməsinə yönələn addımlardır”

Müsahibə

8 Mart 2010, 12:35

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Gültəkin Hacıbəyli ABŞ Konqresində qondarma erməni soyqırımı ilə bağlı qəbul edilən sənəd, Türkiyədə daxili vəziyyət və bu kimi məsələlərlə bağlı Modern.az saytına müsahibə verib.

 

 

- Gültəkin xanım, ABŞ Konqresində qondarma erməni soyqırımı” ilə bağlı qəbul edilən sənədi Türkiyədə daxili vəziyyətlə bağlayanlar var. Siz necə düşünürsünüz?

- Düşünmürəm ki, Türkiyənin xaricində baş verənlərin daxilində baş verənlərlə birbaşa əlaqəsi var. Baş verənləri daha çox dünya birliyinin Türkiyə və Azərbaycana qarşı ədalətsiz mövqeyindən qaynaqlanan bir srtateqiyanın tərkib hissəsi kimi qiymətləndirirəm. Əslində bu gün baş verənlər Qarabağın ermənilərə verilməsinin  mənəvi-siyasi əsasını hazırlamağa yönələn addımlardır. ABŞ-ın Nümayəndələr Palatasının xarici əlaqələr komitəsi qondarma “erməni soyqırımı”nı tanıyır. Bilirsiniz, insanlar ümidlərini ifadə etdilər ki, Nümayəndələr Palatası belə qərar qəbul etməyəcək. Amma məsələnin mahiyyəti belədir: bu il olmasa, gələn il, ya da o biri il qəbul ediləcək. Bu məsələ ABŞ-ın ictimai-siyasi gündəmindədir. Bu uydurma məsələnin yaxın gələcəkdə həmin ölkənin gündəmindən çıxarılmasına  hər hansı ümid yoxdur. Çünki bu ciddi bir siyasətin tərkib hissəsidir. Ona görə hesab edirəm ki, bizim məsələyə yanşmamız köklü, fundamental olmalıdır. Prosesləri dəridən təhlil etmədən “nə üçün?” və “nə etməliyik?” suallarına cavab verə bilmərik. Bu hadisələr haradan qaynaqlanır? Hələ 1915-ci ildə dünyanın Osmanlını parçalamaq,  bölmək istəyində olduğu tarıxdən hər birimizə bəllidir. O zaman İngiltərə, Fransa, Yunanıstan, İtaliya və Rusiya tərəfindən Osmanlı İmperiyası artıq bölüşdürülmüşdü. Onun əraziləri işğal edilmişdi. Yalnız Orta Anadoluda-Konya və onun ətrafında türklərin yaşaması üçün kiçik bir ərazi saxlanılmışdı. Bu oyunda ermənilər Avropaya yardımçı idilər. Ermənilər arxadan türk ordusuna zərbə vurmalı, bunun nəticəsində ordu pərən-pərən düşməli,  dövlət süqut etməli və paylaşdırılmalı idi. 

Ancaq türk millətinin və bu  millətinin atası Atatürkün dəmir iradəsi və yenilməz əzmi hesabına dövlətin süqutunun qarşısı alındı. Qərbin ermənilərə vəd etdiyi Van, Muş, Bitlis və Qars bölgələrini əhatə edən Ermənistan dövləti yaranmadı. Amma bu dəfə Rusiya erməniləri himayəyə götürdü, Azərbaycan torpaqları hesabına Cənubi Qafqazda Ermənistan dövləti yaradıldı. Buna görədir ki, Qərbin Ermənistana çağırışlarına baxmayaraq Ermənistan Rusiyanın yanındadır. Vaxtilə  Rusiya ermənilərə dövlət verdi və onları öz maraqlarına tabe etdirdi. Ona görə də bütün şirnikləndirici təkliflərə baxmayaraq, Ermənistan Qərbə meyl etmir, Rusiyanın himayəsi altındadır. Tarixə diqqət edək, ermənilər ötən əsrin əvvəllərində Qərbin sifarişi ilə oynadı, amma Kiçik Asiyada vəd olunan əraziyə sahib ola bilmədilər. Ermənistanın bu gün Türkiyəyə ərazi iddiasının arxasında da məhz bu məsələlər durur. Hadisələrin gedişi həm də onu göstərir ki, o zaman ermənilərə bu vədləri verən qüvvələr indi mənəvi və siyasi borclarından çıxmağa çalışırlar. Dıgər tərəfdən Türkiyə ərazisindən ermənilərə vəd edilən torpaqların əvəzinə Qarabağı vermək istəyirlər. Belə olmasaydı, Minsk qrupunun həmsədrləri bölgədə barışdırıcılıq missiyasını yerinə yetirdiklərini nəzərə alaraq soyqırımla bağlı qərarların, heç olmasa, münaqişə həll edilənədək təxirə salınması siyasətini yürüdərdilər. Əllərundə belə bir əsas da var idi ki, vasitəçilər kimi tərəfsiz və qərəzsiz olmalıdırlar. Lakin onlar soyqırımı avantürasına çox həvəslə girişdilər. 1997-ci ildə Rusiyada, 2001-ci ildə Fransada, bu il isə Amerikada belə bir qərar qəbul edildi. Hər şeydən göründüyü kimi beynəlxalq birliyin  Qarabağ üzərində  Azərbaycanın suveren hüquqlarının bərpası ilə  bağlı ciddi siyasi iradəsi və ümumiyyətlə, niyyəti yoxdur. Belə olmasaydı,  bu gün işğalçı Ermənistana  təzyiqlər edilərdi. Amma biz bunun əksini görürük. Beynəlxalq hüququn prinsiplərini müdafiə edən Türkiyəyə qarşı təzyiqlər edilir. Burada Türkiyənin suçu nədən ibarətdir? İşğala etiraz olaraq sərhədləri bağlamaqmı? Türkiyə işğal faktının aradan qaldırılacağı halda dərhal sərhədlərin açılacağını bəyan edib. Lakin bunun müqabilində Qərb Ermənistana təzyiqlər etmir. Ermənistan isə beynəlxalq hüquqa tam zidd olan addımlar atır. Protokolların iki ölkə arasında gərgin sürən müzakirələr sonucunda razılaşdırılaraq imzalanmasına baxmayaraq, Ermənistan Konstitusiya Məhkəməsi dəyişiklik edərək onların mahiyyətini dəyişir. Bu beynəlxalq hüquqda presedenti olmayan kobud və yolverilməz davranışdır. Belə olduğu halda Qərb, Amerika, Rusiya Ermənistana yerini göstərmək əvəzinə, Türkiyəyə təzyiq edir. Bu isə onu sübut edir ki, məqsəd sərhədləri açdırmaqdan ibarətdir. Sərhədlər açılacağı təqdirdə isə danışıqlarda Azərbaycanın mövqeyi zəifləyəcək, yeganə güclü müttəfiqimiz olan Türkiyə Azərbaycanla üz-üzə qoyulacaq və nəticədə Azərbaycan Qarabağın itkisilə barışmalı olacaq. Digər tərəfdən isə Azərbaycan ilə Türkiyə arasında dərin bir uçurum yaranacaq. Hiss olunur ki, ssenari belədir. Əslində o protokolu gündəmə gətirən insanların əsas məqsədlərindən biri Azərbaycanla Türkiyə arasında ziddiyət yaratmaqdır. Danılmazdır ki, bu protokollar gündəmə gəldiyi gündən münasibətlərdə müəyyən mənada soyuqluq yarandı. Bu bir daha sübut edir ki, bu protokollar ilk növbədə Türk birliyinə qarşı yönəlib.

ABŞ Konqresində qəbul edilən qərarın sağlam düşüncə və məntiqlə heç bir əlaqəsi yoxdur. Konqresmenlər yüz il öncə baş verən hadisələrlə bağlı qərar qəbul edirlər, bu zaman bir tarixçi dinlənilmir, bir arxiv materialına istinad edilmir, bir tarixi sənəd araşdırılmır. Bu zaman konqresmenlərin rəhbər tutduqları yeganə prinsip “mən belə istəyirəm”, metod isə “olub-olmayıb” və ya başqa sözlə desək, falçılıq metodu idi. Qəbul edilən qərarın isə siyasi riyakarlıqdan başqa adı yoxdur.

- Amma Türkiyənin daxili siyasəti ilə əlaqələndirilir...

- İstəməzdim ki, Türkiyənin daxili siyasətini birbaşa qondarma “soyqırımın” təsdiqlənməsinə bağlayaq. Burada ən az suçlanmalı olan elə Türkiyədir. Hadisələr sübut etdi ki, protokollar bölgədə sülhün bərqərar edilməsinə yönəlməyib, əksinə daha ciddi problemlərin yaranmasına gətirdi. Türkiyədə baş verən hadisələrə birmənalı qiymət vermək çətindir. Bunun üçün daha çox bilgilərə ehtiyac var. Ancaq bir narahatlığımı bölüşmək istərdim. Bu gün Türkiyə Ordusunun nüfuzuna böyük zərbə dəyib. Türkiyənin varlığına görə, ilk öncə, Böyük Atatürkə, sonra isə Türkiyəni qoruyan və yaşadan Ordusuna börcluyuq. Türkiyənin əldə etdiyi bütün zəfərlər türkün gücünə,  qəhrəman mehmetciyə bağlıdır. Atatürk Ordusu türk tarixinə şanlı səhifələr yazıb. Cəmiyyətdə ordunun aşağılanması ilə bağlı yaranmış ab-hava bizi narahat etməyə bilməz. Qəhrəman Türk Ordusunun Türkiyə tarixindəki xidmətlərini danmaq Atatürkü danmaq deməkdir. Atatürkün xidmətlərini danmaq isə türk millətini, onun tarixini və gerçəkliyini danmaqdır. Düşünürəm ki, bütün, hətta ən zəruri siyasi qərarların qəbulu zamanı bu gerçəyi nəzərə almaq və türk ordusunun nüfuzunu maksimum qorumaq lazımdır.  

- Amerika Konqresində baş verənlərin yəhidi lobbisi ilə bağlı olduğunu söyləyənlər də var.

- Nümayəndələr Palatasında məlum qərarın qəbul edilməsində bu lobbinin rolu danılmazdır. Düzdür, müzakirələrdə bu iştirak gözlə görünmədi, ancaq hər birimiz üçün aydındır ki, Amerika Konqresində yəhudi icması həlledici sözə malikdir. Onun iştirakı olmadan belə bir qərar qəbul edilə bilməzdi.

- Bu məslədə Türkiyə - İsrail münasibətlərinin də təsiri ola bilərdimi?

- Sözsüz, ancaq birmənalı olaraq bu münasibətlərdə “Türkiyə yanlış addım atıb” fikrini söyləyən insanları təqdir etmirəm. Çünki İsrailin Türkiyəyə qarşı davranışı aşağılayıcı olub.  Bu, nə beynəlxalq hüquqa, nə də dövlətlərarası münasibətlərə uyğun gəlməyən bir davranışdır. Ona görə də İsrailə münasibətdə Türkiyəni qınamaq haqsızlıqdır. Müzakirələrdə İsrailin Türkiyəni dəstəkləməməsi yəhudilərə şərəf gətirmir. Onlar unutmamalıdırlar ki, bütün dünya yəhudilərin məhvinə imza atdığı bir vaxtda, Osmanlı onlara qucaq açıb, sığınacaq verıb və bir millət olaraq məhvdən xilas edib. Bunu unutmaq keçmişini unutmaq deməkdir. Keçmişini unudanların isə gələcəyi olmur.

 

Modern.az

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər