Modern.az

İlhamə Quliyeva titulları ilə bağlı AÇIQLAMA yayıb

İlhamə Quliyeva titulları ilə bağlı AÇIQLAMA yayıb

Mədəni̇yyət

6 Mart 2013, 17:19

Azərbaycanın və Dağıstanın xalq artisti, “Şöhrət” ordenli İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərov sənətçinin fikirlərinə istinadən açıqlama yayıb.

APA -ya təqdim olunan açıqlamada bildirilir: “İctimaiyyətə çatdırmaq istəyirik ki, Ümumdünya Sülh Federasiyasının mərkəzi qərargahı Amerika Birləşmiş Ştatlarında yerləşir. “Ümumdünya Sülh Səfiri” titulunun diplomu isə 2007-ci ildə Ümumdünya Sülh Federasiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Mişi Vake tərəfindən keçmiş millət vəkili Həvva Məmmədovaya, Dünya Azərbaycanlıları Konqresinin (DAK) vitse-prezidenti Xəzər Eminə və İlhamə xanım Quliyevaya təqdim edilib. Cənab Mişi Vake bu gün də ölkəmizdə Ümumdünya Sülh Federasiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərir”.

F.Ələkbərlinin görə, DAK-ın Mədəniyyət Akademiyası 2004-cü ildə Almaniyanın Köln şəhərində təsis olunub. Həmin Akademiyanın prezidenti Xəzər Emin seçilib, daha sonra isə Xəzər Emin DAK-ın vitse-prezidenti seçilərək Mədəniyyət Akademiyasının prezidenti vəzifəsini İlhamə Quliyevaya həvalə edib.

Mətbuat katibi bildirib ki, “Vətən” mükafatı haqqında məlumatı olmayanlar varsa, bilsinlər ki, bu mükafat 1998-ci ildə bir neçə ictimai xadimə, o cümlədən İlhamə xanıma təqdim olunub: “Əlimizdə təqdim etdiyimiz bütün titulların rəsmi diplomları var. Dəfələrlə Cenevrədə BMT-nin iclaslarında Azərbaycanın bir qrup ictimai xadimləri ilə bərabər İlhamə xanım da iştirak edib. Həmin iclaslarda nümayəndə heyəti tərəfindən ermənilərin torpaqlarımızı işğal etdiklərini dünyaya çatdırmaq üçün təbliğat aparılıb. Hətta bir dəfə İlhamə xanım spiker kürsüsündən bu mövzuda məruzə ilə çıxış edib. Həmin səfər zamanı İlhamə xanım bir neçə ictimai xadimlə BMT İdarə Heyətinin fəxri üzvü seçilib. Bu haqda rəsmi sənədlər və video yazılar var”.

F.Ələkbərli sonda qeyd edib ki, Nazpəri Dostəliyeva xalq artisti İlhamə Quliyevanın ünvanına söylədiyi şər və böhtanlara görə hüquq-mühafizə orqanlarına cavab verməli olacaq: “Görünür ki, ona İlhamə xanım haqqında bu yanlış informasiyaları çatdıran suflyorun özü tamamilə məlumatsız olub və onu cinayətə sövq edib. Bundan sonra İlhamə Quliyevanın ünvanına şər və böhtan xarakterli ifadələr səslənərsə, tərəfimizdən bu yazılara reaksiya verilməyəcək. Ədalətli hüquq öz sözünü deyəcək! Odur ki, İlhamə xanım onun nüfuzuna xələl gətirmək istəyən şəxslərin növbəti uğursuz cəhdlərini lazımınca cavablandırmağı hüquq-mühafizə orqanlarının öhdəsinə buraxıb. Onu da qeyd edim ki, İlhamə xanım həyatının ən sevincli günlərini yaşayır və oğlunun toy məclisinə hazırlaşır”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir