Modern.az

Partlayıcı “Molotov kokteyli”ni azərbaycanlı alim kəşf edib - MARAQLI

Partlayıcı “Molotov kokteyli”ni azərbaycanlı alim kəşf edib - MARAQLI

9 Mart 2013, 15:20

Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun dünən yaydığı birgə məlumatda N!DA Vətəndaş Hərəkatının 3 üzvünün mənzillərindən şüşə butulkaların içərisində tez alışan «Molotov kokteyli» adlı partlayıcı vasitələrin aşkarlandığı xəbər verilib.
Hüquq mühafizə orqanlarının məlumatına görə, gənclər insanlar arasında vahimə yaratmaq effekti verən “Molotov kokteyli”ndən martın 10-da saat 16.00-da paytaxtın Fəvvarələr meydanında keçirilməsi planlaşdırılan “Əsgər ölümlərinə son!” adlı etiraz aksiyası zamanı istifadə etməyi planlaşdırıblarmış.

Dünənki rəsmi məlumatdan sonra sosial şəbəkələrdə, mətbuatda “Molotov kokteyli” ilə bağlı çoxsaylı müzakirələr açılıb.

Maraqlıdır, dünyanın əksər ölkələrindəki etiraz aksiyalarında nümayişçilərin istifadə etdiyi və adətən belə tədbirləri dağıtmağa cəhd göstərən polislərə atılan “Molotov kokteyli”  nədir, onu ilk dəfə kim hazırlayıb, necə olub ki, rus Molotovun şərəfinə adlandırılıb?

Modern.az-a məlum olub ki, şüşə butulkaların içərisində tez alışan «Molotov kokteyli» adlı partlayıcı vasitə adını rus siyasətçi və diplomat Vyaçeslav Molotovdan alsa da, onun kəşfi azərbaycanlı alimin əməyinin nəticəsidir.

"Molotov kokteyli"nin içərisinə tökülən qarşışıq toluol maddəsini azərbaycanlı alim kəşf edib. Söhbət dünya şöhrətli alim, kimya elmləri doktoru, mərhum akademik Yusif Məmmədəliyevdən gedir.

Ötən əsrin ortalarında Yusif Məmmədəliyevin ilk sırada olduğu kimyaçı alimlərin əzmkar əməyi sayəsində yüksək oktanlı təhlükəsiz yanacaqların bütün növlərinin sintezi üzrə yarımsənaye və onların aviamotorlarda sınaqdan çıxarılması üzrə eksperimentlər aparılıb. Bunun nəticəsində sovet təyyarəçiləri 1941-45-ci illərdə davam edən Böyük Vətən Müharibəsi cəbhələrində uğurla döyüşürdülər.

Faşist orduları üzərində Sovet İttifaqının qələbəsində tank əleyhinə qarışığın - Molotov kokteyli»nin yaradılmasının da böyük əhəmiyyəti oldu. Onun tərkibi Y.Məmmədəliyev tərəfindən toluolun – partlayıcı maddələr üçün xammalın – əldə edilməsi əsasında işlənib-hazırlanmışdı.
O zaman, müharibə vaxtı və elə indi də az adam bilir ki, sonralar  “Molotov kokteyli” kimi məşhurlaşacaq qarışığın müəllifi Azərbaycan alimidir.

Bu partlayıcı-yandırıcı qarışığa “Molotov kokteyli» adını isə İngiltərə baş naziri U.Çörçill verib. Belə ki, 1941-ci ildə keçirilən görüşdə bu kəşf barədə SSRİ xarici işlər naziri Vyaçeslav Molotov Çörçillə məlumat verib. Bildirib ki, partlayıcı-yandırıcı vasitə əl bombası kimi yaxşı silah növüdür.  Elə həmin görüşdəcə Çörçill SSRİ xarici işlər nazirinə deyib ki, “bu partlayıcı vasitənin adını sənin şərəfinə Molotov kokteyli” qoyuram”.
Bu, Y.Məmmədəliyevlə bağlı çoxlarına məlum olmayan tarixi sənədlərdə də öz əksini tapıb.

A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir