Modern.az

Sabahına da alnıaçıq gedən siyasətçi - İlyas İsmayılov-75: FOTOLAR

Sabahına da alnıaçıq gedən siyasətçi - İlyas İsmayılov-75: FOTOLAR

Aktual

19 Mart 2013, 15:33


Modern.az
saytının məlumatına görə, sabah Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılovun 75 yaşı tamam olur.

İlyas Abbas oğlu İsmayılov 1938-ci il martın 20-də Tovuz şəhərində anadan olub.

1962-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1963-cü ildə Leninqrad Dövlət Universiteti cinayət-hüquq kafedrasının aspiranturasına daxil olub, 1966-cı ildə orada dissertasiya müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi alıb.

1966-cı ildən 1970-ci ilədək Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun kiçik və baş elmi əməkdaşı, sonra 2 il respublika prokurorunun köməkçisi işləyib.

1972-ci ildən 1978-ci ilədək Azərbaycan KP MK-nın İnzibati orqanlar şöbəsinin təlimatçısı olub. 1978-ci ildən 1985-ci ilədək respublika prokurorunun müavini, həmin vaxtdan 1990-cı ilin sentyabrına kimi Azərbaycan Respublikasının prokuroru işləyib.

1990-cı ilin sentyabrından 1992-ci ilin yanvarınadək SSRİ Prokurorluğunda şöbə rəisi vəzifəsində çalışıb.

1992-1994-cü illərdə Azərbaycan Respublikasının ədliyyə naziri olub. Hüquq elmləri doktorudur.

1997-ci ildə rəhbərlik etdiyi Ədalət Partiyası Azərbaycan Demokrat Partiyası ilə birləşib, İ.İsmayılov həmin partiyanın sədri seçilib. 2000-ci ildə Ədalət Partiyası yenidən müstəqil fəaliyyət göstərir.

İ.İsmayılov 2003-cü ildə keçirilən Azərbaycan Respublikası prezidenti seçkilərində prezidentliyə namizəd olub.

Son iki çağırışda 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilib.

Ailəlidir. İki oğlu, üç nəvəsi var.

İlyas İsmayılovla görüşüb söhbət etmək, bu uzun və mənalı ömrün müəyyən mərhələlərinə və məqamlarına birgə nəzər salmaq istəyimiz təəssüf ki, baş tutmadı. Həmişə təmtəraqdan uzaq olan, ad günü, yubiley keçirməyi xoşlamayan yubilyar bu təklifimizdən qəti şəkildə imtina etdi.

Ədalət Partiyasının mətbuat xidməti müxtəlif insanların İ.İsmayılovun intellektual potensialı, şəxsiyyəti və fəaliyyətinin müəyyən cəhətləri barədə qeydlərni təqdim edib. Beləliklə, İlyas müəllimi yubileyi münasibətilə təbrik edir və onun haqqında yazılanlardan bəzi seçmələri sizin də diqqətinizə çatdırırıq.

 “İlyas İsmayılovun prinsipial və obyektiv bir prokuror, nüfuzlu bir rəhbər kimi ədalətlə işləməsi çox da böyük olmayan prokurorluq ordusunda və onu tanıyanlarda heç vaxt zərrə qədər şübhə doğurmamışdır. Elə indi də belədir.

Bir respublika prokuroru kimi, İlyas müəllimi səciyyələndirən hansı cəhətləri müşahidə etmişəm? Hər şeydən əvvəl, özünü aparmaq bacarığı, qarşısında olan şəxsi dinləmək və ona lazım olan tərzdə cavab vermək səriştəsi, konkretlik və soyuqqanlılıq. Mən onun, bir dəfə də olsun, həyəcana və emosiyaya yol verdiyinin şahidi olmadım. Ən gərgin anlarında belə, təmkinini qoruyub saxlayır... 

İ. İsmayılov vəzifə borcunu ləyaqətlə yerinə yetirməsinə baxmayaraq, bəziləri kimi bunu indi dəbdə olan qəhrəmanlıq səviyyəsinə qaldırmır. Mən sözlə əməl arasındakı fərqin hiss edilməməsi nisbətini, hələlik ki, yalnız İlyas müəllimdə müşahidə etmişəm. O, həmişə düz addımlar atmış və məğrur yetirmişdir. Nəhayət, onu qeyd etmək istəyirəm ki, öz əxlaqında və dünya görüşündə prinsipial olan İlyas müəllim heç bir “rejimə” qulluq göstərməmişdir. Onun sədaqət andı-qanundur”.

Mobil İsmayılov, Azərbaycan Respublikası Prokurorluğu Məhkəmələrə nəzarət şöbəsinin baş prokuroru, ədliyyə müşaviri (“Femida” qəzeti, 26.08.1992).

**

“İ.İsmayılovu tanıyanlar yaxşı bilirlər ki, o, təmiz, alicənab, xalqımızın adət-ənənələrini özündə cəmləşdirən, savadlı və müstəsna iş qabiliyyətinə malik olan bir şəxsdir. Onun əsas keyfiyyətlərindən biri keçmişdə də, indi də, əksər rəhbər işçilərdən fərqli olaraq yerlibazlıq və qohumbazlıq “azarından” uzaq olması, heç kimə fərq qoymaması və pul hərisi olmamasıdır”.    

Mirqəni Cavadov, Azərbaycan Respublikası Nəqliyyat Prokurorluğunun bölmə rəisi, ədliyyə müşaviri (“Femida” qəzeti, 05.02.1994).

 **

“O, həqiqətən, ədalət mücəssəməsi idi. İnsan, qanun və ədalət anlamları onun üçün, mən deyərdim, müqəddəs idi. İnsanlara qanunun ədalətli tətbiqi onun prokurorluq fəaliyyətinin ana xəttini təşkil edirdi. Çoxillik prokurorluq fəaliyyətimin bir hissəsini mən İ.İsmayılovla işləmişəm. Bütün gördüklərimi götür-qoy edərək qətiyyətlə bildirirəm ki, İ.İsmayılovun respublika prokuroru vəzifəsinə təyin edilməsi xalq üçün bir tapıntı, həmin vəzifədən çıxarılması isə böyük itki idi. Çünki o, əsl prokuror idi”.

İdris Əsgərov, respublikanın Əməkdar hüquqşünası (“Demokratik Azərbaycan” qəzeti, 12.10.1996).

**

“İlyas müəllim Azərbaycanın yeni və ən yeni tarixində qabarıq surətdə fərqlənən hüquqşünas-siyasətçidir, çünki uzun illər boyu həm elmi-nəzəri, həm də praktiki cəbhədə qeyd etdiyim istiqamətdə yorulmadan çalışıb, fədakarlıq göstərib. Və çəkdiyi zəhmətin müqabilində nə kimlərdənsə maddi ödəniş, qrantlar umub, nə də hansısa xarici “güc mərkəzi”nin dəstəyinə göz dikib”.

Əbülhəsən Abbasov, fəlsəfə elmləri doktoru, AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun şöbə müdiri, Rusiya Pyotr Akademiyasının müxbir üzvü (“Siyasət xalqın taleyidir” kitabı, səh. 6).

**

“Bu, həmin İlyas İsmayılovdur ki, Qarabağ hadisələrinin ilk günlərində Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin millətçi rəhbərliyinin şiddətli müqavimətinə baxmayaraq, bu işdə düzgün mövqe tutmayan vilayət prokuroru Babayanın vəzifəsindən çıxarılmasına, vilayətin tarixində ilk dəfə olaraq bu vəzifəyə qeyri-erməni millətindən olan rus Vasilenkonun, azərbaycanlı Bayramovun isə onun müavini təyin olunmasına nail oldu.

Bu, həmin İsmayılovdur ki, Ermənistanda azərbaycanlılara divan tutularkən, bu fitnəkarlığın qarşısının alınmasına kömək göstərmək məqsədilə şəxsi həyatını təhlükə qarşısında qoyaraq Yerevana-Ermənistan Prokurorluğu ilə danışıqlara getdi.

Bu, həmin İsmayılovdur ki, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Ermənistan Ali Sovetinin qərarının SSRİ Ali Soveti tərəfindən ləğv edilməsi üçün qanunçuluq üzərində ali nəzarət orqanı olan SSRİ Baş Prokurorluğuna rəsmi təqdimat verdi. SSRİ Prokurorluğu kollegiyasının geniş iclasında SSRİ Baş prokurorunun bu sahədə fəaliyyətsizliyini kəskin tənqid etdi.

Bu, həmin İsmayılovdur ki, güclü təzyiqlərə baxmayaraq, xalq azadlıq hərəkatı nümayəndələrinin həbsinə icazə vermədi. Bütün bunlar Sovet imperiyası dövründə edilirdi və İsmayılovun respublika prokuroru vəzifəsini itirməsində əsas rol oynadılar”.

Aslan İsmayılov   (“Demokratik Azərbaycan” qəzeti, 21.05.1997).

**

“Bizlər bu məmləkətdə həmişə xəyanətlərin şahidi olmuşuq. Seçkilər öncəsi isə siyasət adamlarının bu cür hərəkətləri daha çox nəzərə çarpdı. Xəyanətlərin baş alıb getdiyi bu günlərdə hansı siyahı ilə getmək məsələsi dartışılırkən, seçki öncəsi müxalifət partiyasını zəiflətməmək üçün siyahıda ilk yer uğrunda mübarizədən imtina edən, ümumiyyətlə, ADP-nin siyahısında təmsil olunmaq istəməyən bu partiyanın (artıq keçmiş) həmsədri İlyas İsmayılov bütün siyasətçilərə örnək ola biləcək bir hərəkət etdi. Seçkinin son gününə qədər səbrini basaraq, “ADP seçkiyə gedir, mən seçkiyə qədər bu partiyanın əleyhinə bir kəlmə belə, işlətməyəcəyəm. Bu partiyadan gedəcəyəm, amma seçkilərdən sonra” – dedi. Dedi və belə də etdi...    

Bütün dözülməz məqamlara, cığallıq elementlərinə, savadsız mülahizələrə, yersiz ittihamlara, söyüş tipli tənqidlərə baxmayaraq, İlyas İsmayılov səbr, dözüm nümayiş etdirdi. O, seçkiqabağı kampaniyada bir dəfə də olsun Rəsul Quliyev və onun arxasınca gözüyumulu gedən adamların əleyhinə fikir söyləmədi. Daha doğrusu, antitəbliğat aparmadı. Seçkidən cəmi bir gün sonra isə siyasi həyatda bərabər addımlaya bilməyəcəyi insanları tərk edərək tərəfdarları ilə birlikdə yenidən “Ədalət”ə üz tutdu...”.

Ülkər İsmayılqızı (“Üç nöqtə” qəzeti, 07.11.2000)      

**

“İlyas İsmayılov başqa partiyaların siyasi maraqlarına – hətta bu, onun maraqlarına uyğun olmasa belə, - anlaşıqlı yanaşmaqla maksimum siyasi dözüm nümayiş etdirə, özünü tolerant tərəfdaş kimi göstərə bilir...

İ.İsmayılova Azərbaycanda marağı olan xarici dövlətlərlə münasibətlər qurulmasında da fəallığını artırır. İndi o, intensiv şəkildə Rusiya, Türkiyə və İranın özünə loyal münasibətini təmin etməyə çalışır...

Belə məlumatlar var ki, Türkiyənin millətçi və hərbi dairələri İ.İsmayılovun Azərbaycanda aparıcı fiqurlardan olmasına müsbət yanaşırlar”.

İbrahim Məmmədov (“”Azadlıq” qəzeti, 22.12.2000).

**

“İlyas İsmayılov yeganə Azərbaycan siyasətçisidir ki, heç vaxt öz siyasi və şəxsi mənafeyi naminə xalqına yalan deməyib!

İlyas İsmayılov yeganə Azərbaycan siyasətçisidir ki, özünün hüquqlarının tapdalanmasına görə tərəfdarlarının qanunsuz piket, yürüş, mitinq və digər bu tipli aksiyalar keçirməsinə razılıq verməyib!

İlyas İsmayılov yeganə Azərbaycan siyasətçisidir ki, dünənindən bugününə təmiz və saf keçmişiylə gəlib, sabahına da alnıaçıq, üzüağ gedir!

İlyas İsmayılov yeganə Azərbaycan siyasətçisidir ki, siyasi intriqalardan uzaq olub, siyasi opponentlərini təhqir, hətta tənqid etməyib, fikir plüralizminə hörmətlə yanaşıb, hər bir partiyanın özünün siyasi xətt yeritmək hüququnu tanıyıb!

İlyas İsmayılov yeganə Azərbaycan siyasətçisidir ki, Azərbaycan dövlətini və Azərbaycan xalqının mənafeyini aşağılayan tədbir, aksiya, missiya və s. bu tipli cəhdlər olanda, millətin və dövlətin mənafeyindən çıxış edib  - baxmayaraq ki, bu çıxışlar onun siyasətçi imicinə və mövqeyinə zərər gətirib!

İlyas İsmayılov yeganə Azərbaycan siyasətçisidir ki, partiya, blok halında birləşmə və ayrılmanın əxlaqlı modelini nümayiş etdirib!

İlyas İsmayılov yeganə Azərbaycan siyasətçisidir ki, yalnız və yalnız Azərbaycan xalqının dəstəyinə bel bağlayıb – halbuki Azərbaycan siyasətçiləri İranda, Türkiyədə, Rusiyada, Amerikada və Avropa ölkələrində voyajlarda olarkən xarici təşkilatların nümayəndələrinin və dövlət rəsmilərinin onun şəxsiyyətinə necə simpatiya ilə yanaşdıqlarına şahid olublar!

İlyas İsmayılov yeganə Azərbaycan siyasətçisidir ki, Azərbaycan xalqına söz verir!!! – heç bir ölkəyə, xarici donorlara, institutlara yox!!!

İlyas İsmayılov yeganə Azərbaycan siyasətçisidir ki, mərhum Əbülfəz Elçibəy onun haqqında “prezidentliyə layiq yeganə şəxsiyyət İlyas İsmayılovdur” fikrini söyləyib.

İlyas İsmayılov yeganə Azərbaycan siyasətçisidir ki, daim öz üzərində işləyir, tarixin ibrət dərslərini öyrənir və... xalqın nəzərinə çatdırır!

İlyas İsmayılov yeganə Azərbaycan siyasətçisi və dövlət xadimidir ki, SSRİ rəhbərliyi səviyyəsində təmsil olunanda səhvə yol verməyib!

İlyas İsmayılov Heydər Əliyev tərəfindən qəbul edilən və iki saatlıq açıq söhbətdən sonra təmiz adla istefaya göndərilən yeganə nazirdir!”  

Aydın (“Geopolitika XXI əsr” qəzeti, 08.10.2005).

**

“Bölgədə - ölkədə maraqlı dövlətlərin ayrı-ayrı düşərgələrdə oynadıqları ayrı-ayrı rolları araya gətirsək, bizi çox böyük çətinliklərin gözlədiyini görərik. Buna görə bizə yalnız iç güclərin deyil, dış güclərin də uzlaşdırılması gərək  olacaq. Deməli, istəsək də, istəməsək də sonda QIZIL ORTA yolunu tutmalı olacağıq. Nə sağa, nə sola: sondan sona olsa da, durum özü bizi orta yola yönəldəcək; orta-orta liderdən başlayan ORTA YOLA!

Bunu bəri başdan bilib anlasaq, işimizi də bəri başdan bərk tutar, özümüzü çox böyük çətinliyə salmarıq. Rusiyada çaxnaşma yaratmağa çalışanlara Stolıpin demişdi: “Sizi böyük sarsıntılar maraqlandırır, bizi böyük Rusiya”. Bugünkü sosial-siyasi gerçəklikdən çıxış eləsək, Azərbaycanı böyük sarsıntılar gözləyir: ölkəmizi bu sarsıntılardan sovuşdurmağın başlıca yolu bəri başdan seçiləsi uzlaşma-konsensus yoludur.

Yoxsul, üstəlik dağınıq müxalifətin zəngin, əli haralara desən, çatan siyasi elitaya üstün gəlməyinin bircə yolu var: indidən ortaya, hamı üçün olmasa da (beləsi onsuz da yoxdur), çoxları üçün normal sayılacaq, - indiki konfiqurasiyada, eləcə də indiki sosial-siyasi durumda bundan artığını istəmək aşırı maksimalizm olardı, - bir lideri qabağa çıxarmaq, bəri başdan yetərincə uzlaşmaq, gərəksə, kəsmət kəsməklə onun prezidentliyinə qol qoymaq. Müxalifət arasında belə bir adam varmı? Var!

Bu, Ədalət Partiyasının sədri İlyas İsmayılovdur. Hüquqçudur. Respublika prokuroru işləyib. Korrupsiyaya bulaşmış ölkədə özünü korrupsiyadan uzaq adam kimi tanıdıb. Klançı, regionçu deyil. Geniş hüquq biliklərinə, qanunçuluq düşüncəsinə yiyələnmiş adamdır.

İntriqalıqdan uzaq, naturaca təmiz, xaraktercə güclü, prinsiplərində dönməz, sözübütövdür. Yüksək intellekti, eləcə də yüksək hüquq mədəniyyəti ilə seçilən bu adamın bizim bir çox tanınmış siyasi liderlərdə olmayan üstünlüklərindən biri də budur: onun sözü ilə işi bütünlüklə üst-üstə düşür. O, indiyədək çoxlarının qatıldığı partiyalar – liderlərarası didişmələrə, intriqalara qatılmayıb – sözdə yox, işdə qanunçuluğu, hüquq normalarını gözlədiyinə görə. Belə bir demokratik hüquq prinsipi var: “Mənim hüquqlarım qurtaran yerdə sənin hüquqların başlayır”. Bir çox siyasi liderlərdə olduğu kimi, bu, onun üçün hansısa kitabdan, qəzetdən oxuyub adamları aldatmaqdan ötrü dilində bitirdiyi söz deyil, işdir, prinsipdir, yoldur. Düzgünlüyünə inanıb seçdiyi prinsipə, yola bağlı qaldığından da o, dayanıqlı olaraq, partiyalararası, liderlərarası intriqalardan uzaq durur...

O, təkcə iç faktorlar baxımından deyil, dış faktorlar baxımından da başqalarından üstündür, şanslıdır. Onun hansısa dövlətə ayrıca bağlılığı yoxdur. Eləcə də onun hansısa dövlətə antipatiyası sezilmir.

Bu isə, istər-istəməz, qarşılıqlı anlaşmaya gətirir. Onun seçimi orta yoldur. Bu yol indiki geopolitik durumda Azərbaycan üçün ən düzgün yol sayıla bilər...

Bizə belə çətin çağlarda başını itirməyəcək, qorxub-çəkinməyəcək, situasiyanı gərəyincə dəyərləndirə biləcək ağıllı, yiyələndiyi dövlət sükanını prezidentliyinin axırınadək əlində bərk-bərk saxlayacaq güclü, sarsılmaz başçı gərəkdir. İndilikdə bu adam İlyas İsmayılov ola bilər. İndilikdə bu olduqca ağır işin öhdəsindən o gələ bilər. Sağdan, soldan güclü dalğaların döyəclədiyi, sualtı qayaların hər an dağıda biləcəyi Azərbaycan gəmisini ilk beş ilin çətin sınaqlarından o, uğurla çıxara bilər...           

O bu gün hamıdan yüksəkdədir: nə hakimiyyətin oyunlarına qatılır, nə müxalifətin. O bu gün hakimiyyətlə müxalifətin arasındadır, ancaq nə müxalifət boyundadır, nə hakimiyyət boyunda – onların hər ikisindən hündürdə - yüksəkdədir. O durub gözləyir. Xalq da durub gözləyir”.  

Xaliq Bahadır (“Azadlıq” qəzeti, 08.02.2001).

**

İlyas İsmayılov ömrü fotolorda


İlyas İ.- 01 – Respublika prokurorunun müavini kimi Xankəndində iclas keçirərkən...


İlyas İ.- 02 – Sovetlər dövrü... Baş prokurorlar Tbilisiyə toplaşıblar...



İlyas İ.- 03 – Respublika prokuroru işlədiyi gurultulu  illər...  O dövrün ən populyar mətbu orqanlarından olan “Azərbaycan gəncləri”  qəzetinin redaksiyasında birbaşa telefon bağlantısı ilə vətəndaşların suallarına cavab verir...


İlyas İ.- 04 – 1994-cü ilin 22 noyabrında BMT-nin İtalyanın Neapol şəhərində təşkil etdiyi beynəlxalq konfransda  Azərbaycanın ədliyyə naziri kimi çıxış edir

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir