Modern.az

Əkrəm Abdullayev: “Gənclər və İdman Nazirliyinin fəaliyyəti qısqanclıqla qarşılanır” - MÜSAHİBƏ

Əkrəm Abdullayev: “Gənclər və İdman Nazirliyinin fəaliyyəti qısqanclıqla qarşılanır” - MÜSAHİBƏ

27 Mart 2013, 16:58

Dünya Türk Gənclər Birliyinin sədri, sabiq millət vəkili Əkrəm Abdullayev Modern.az saytına müsahibə verib.

- Əkrəm müəllim, uzun illər gənclər təşkilatlarına rəhbərlik etmisiniz.Hazırda Azərbaycanda gənclərlə bağlı aparılan siyasəti necə qiymətləndirisiniz?

 - Mənim demək olar ki, bütün fəaliyyətim ancaq gənclərlə bağlıdır. 1991-ci ildə universitetin tarix fakültəsinə daxil oldum. Bir aydan sonra xəbər etdilər ki, universitetin akt zalında “21 Azər” Cənubi Azərbaycanda Pişəvəri hərəkatı ilə bağlı konfrans keçiriləcək. Tələbələrin orada çıxış etməsi planlaşdırılır. Fikirləşdim ki, burada çıxış etməliyəm. İştirakım müəllimlərim tərəfindən müsbət qarşılandı.

O zaman bizim tarix fakültəsinin tələbələrindən olan, hazırda Dini İşlər üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov mənə yaxınlaşdı və dedi ki, onların da bir ideyaları var və məni bir yerdə işləməyə dəvət etdi. O zaman müstəqilliyi yeni qazanmışdıq və universitetlərdə tələbələrlə bağlı hər hansı təşkilat fəaliyyət göstərmirdi. Mənim Qeyri Hökümət Təşkilatına, gənclər siyasətinə atılmağım belə başladı. O gündən indiyə qədər bu işlərlə məşğulam. Biz tələbə olarkən, 1994-cü ildə Ulu öndər tərəfindən Gənclər və İdman Nazirliyinin yaradılması barədə fərman verildi. 1995-ci ildə Gənclər Təşkilatlarının Milli Şurası yaradıldı. 1996-cı ildə universiteti bitirdim. Elə oldu ki, Gənclər və İdman nazirliyindən mənə iş təklifi gəldi və mən bu təklifi qəbul etdim. Təşkilatdan da ayrılmadım və dövlət işini də fəaliyyətimi paralel olaraq davam etdirdim. O zamanlar çətin zaman idi, ölkə yenicə müstəqillik əldə etmişdi. O zaman gərgin siyasi proseslər baş verirdi. Demək olar ki, ölkədə stabillik yox idi. Hakimiyyət uğrunda mübarizə gedirdi. Təsəvvür edin ki, ölkə bir sistemdən çıxıb digər sistemə qədəm qoyub və biz nə edəcəyimizi bilmirdik. Gənc olaraq həyatda mövqelərimizi o dərəcədə möhkəmləndirməmişdik. Belə hadisələrlə rastalaşanda çətin vəziyyətdə qalırdıq. Ulu öndərin qayıdışından sonra zamanla problemlər həllini tapdı. Mənim yadımdadır ki, Gənclər və İdman Nazirliyindəki fəaliyyətimiz o qədər də asan deyildi. Müharibə şəraitində idik. O vaxtı indi ilə müqayisə edəndə görürük ki, indi hər şey daha asandır. Bu gün həm maddi, həm də digər imkanlar baxımından vəziyyət daha qənaətbəxşdir. O vaxt xariclə də əlaqələrimiz yox dərəcəsində idi. Hətta əcnəbi gənclər təşkilatları ilə əlaqə qurmağımız üçün çox vaxt sərf edirdik. O zaman Azərbaycan dünyada o qədər çox tanınmırdı. Bizə ehtiyatla yanaşılırdı. Artıq biz çətin dövrlərdən keçərək bu günki şəraitə gəlib çıxmışıq. Gənclər siyasəti üçün o zamanlar çox çətin dövr idi. Gənclər siyasəti uzun müddətə planlaşdırılmış fəaliyyətdir. İdmanda belədir ki, müəyyən idman növü ilə məşğul olan idmançı rayon, ölkə, dünya çempionatında qabiliyyət qazanmaq üçün bir neçə illər öz üzərində işləyir, yarışlarda iştirak edir, nəticə göstərir və medal alır. Gənclər siyasətində isə bunu demək olmaz. Burada hədəf seçilən gənclərin üzərində azı 5-10 il işləyirsən, onları oxumağa göndərirsən, müəyyən nəticələr 10 ildən sonra əldə edilir. Buna görə də gənclər siyasəti uzun müddətli fəaliyyətdir. Ulu öndər hakimiyyətə gəldikdən sonra ilk olaraq Gənclər və İdman Nazirliyinin yaranması onun uzaqgörən siyasi kursunun göstərici idi. O çıxışlarında, gənclərlə görüşlərində gənclərin ölkənin gələcəyi olduğunu qeyd edirdi. “Gənclərə imkan vermək lazımdır”.

1996-cı ildə Azərbaycan Gənclərinin 1-ci Forumundan sonra, gənclər siyasəti ilə bağlı qanunuvericiliyin yaradılması fikri yarandı. Azərbaycanda belə praktika yox idi. İlk dəfə olaraq gənclər təşkilatlarının dövlət tərəfindən maliyyələşdirilməsi gündəmə gəldi. O praktikanı Gənclər və İdman Nazirliyi başladı. Ondan sonra Prezident yanında Qeyri Hökumət TəşkilatlarınaDövlət Dəstəyi Şurası yaradıldı, bunun davamı olaraq bu yaxınlarda Gənclər Fondu fəaliyətə başladı və digər fondları da sadalamaq olar. 21-ci əsrin əvvəlləri gənclər siyasətinin yaranması, formalaşması dövrü idisə, bu gün artıq inkişafdan danışırıq. Çünki artıq əlimizdə nəticələr var. Gənclər siyasəti ilə bağlı qanunvericilik bazası tam formalaşıb.

Bu gün dünyada barmaqla sayılacaq ölkə var ki, orada gənclər siyasəti ilə bağlı Gənclər Fondu fəaliyyət göstərir. 2007-ci ildə parlamentin üzvi olaraq gənclər siyasəti ilə bağlı qanuna əlavə və dəyişiklikər edilməsini təklif etmişdik. O müzakirələrdə Gənclər Fondunun yaradılması məsələsini qaldırdıq. O zaman bizə çox iradlar tutuldu. Yenə struktur təşkilat yaratmaqla dövlət büdcəsindən pul qoparmaq, dövlət büdcəsinə yük olmaq məsələsi ortaya çıxarılırdı. Biz müqayisələr apardıq ki, bu fond kiçik vəsaitlə ölkənin gələcəyinə yönəlmiş yatırımdır. Digər təşkilat və qurumlarla bunu müqayisə etmək olmaz. O zaman bizə dedilər ki, nümunə göstərək, hansı ölkənin praktikasında bu özünü doğruldub. Mən o zaman düşünmədən buna ehtiyacın olmadığını vurğuladım və bildirdim ki, hansısa ölkənin praktikasına müraciət etməyə ehtiyac yoxdur. Qoy başqa ölkələr bizdən nümunə götürsünlər. Düzdür, Avropada beynəlxalq təşkilatların nəzdində belə praktika mövcuddur. Ona görə biz belə Fondun yaradılmasını qanunvericiliklə əsasını formalaşdırdıq, cənab Prezident də 2011-ci ildə bu fondun yaradılması haqqqında sərəncam verdi. Fond uğurlu layihələrə imza atıb. Ümid edirəm ki, gələcəkdə də fondun imkanlarından gənclər yararlana biləcəklər. Bütün bunları təsadüfən sadalamadım. Sadəcə olaraq gənclər siyasətinin hansı səviyyəyə gəlib çıxdığını göstərmək istədim. 1990-ci illərin sonunda ölkəmizdə 20-30 gənclər təşkilatı fəaliyyət göstərirdisə, bu gün onların sayı 200-dən çoxdur. Bu isə inkişafın bir göstəricisidir. Deməli bu təşkilatların fəaliyyəti üçün münbit şərait var ki, yeni təşkilatlar yaranıb. Yeni ideyalar ortaya çıxır. Gənclər və İdman Nazirliyi hazırda regionlarda Gənclər Evinin yaranması və bu şəbəkənin formalaşmasını həyata keçirir. Onu qeyd edim ki, gənclər siyasətinin uğurlu həyata keçirilməsində və əldə etdiyimiz nailiyyətlərdə nazirliyin yeri və rolu danılmazdır. Bu da sevindirici haldır ki, nazirlik üzərinə qoyulan vəzifələri layiqincə yerinə yetirir. Gənclər və İdman Nazirliyinin bir funksiyası da o idi ki, gənclərin hərbi vətənpərvərlik ruhunun aşılanması, onların asudə vaxtlarının səmərəli keçirilməsi, QHT- lərin fəaliyyətinə dəstəyi təmin etsin. İndi bütün bunlar gerçəkləşib.

- O zaman belə bir sual ortaya çıxır, Azərbaycan gəncinin obrazı sizi qane edirmi?

 

- Bu gün arzuladığımız Azərbaycan gəncinin obrazı tam formalaşıb. Bizim layiqli gənclərimiz var. Artıq Azərbaycan gəncliyi layiqli insanlarla təmsil olunur. 1990-cı illərin ortalarında xarici səfərə biz nümayəndə göndərmək üçün çətin vəziyyətlə üzləşirdik. Yadımdadır, 1996-cı ildə Batumda Azərbayacan, Ermənistan, və Gürcüstan gənclərinin görüşü olacaqdı. O zaman qərgin bir vəziyət yaranmışdı. İngilis və rus dillərini səlis bilmək şərt olduğundan, çox çətinliklərimiz oldu. Bu gün isə gənclər yüksək səviyyədə biliklərə malik olduğundan belə problemlərlə qarşılaşmırıq. Müxtəlif Beynəlxalq təşkilatlarda, simpoziumlarda artıq ixtisaslaşmış, peşəkar gənc kadrlarımızla təmsil olunuruq. Gənclərimizi digər ölkələrin gəncləri ilə müqayisə etdikdə üstün və zəif məqamların olduğunu təbii ki, görürük. Zəif cəhətləri araşdırır və bunları aradan qaldıraraq bütün sahələrdə aktiv fəaliyyətimizi realizə edirik. Bir şey də nəzərə alınmalıdır ki, bütün məsələlərdə yeniyik. Eorivision yarışmasını misal göstərərək deyə bilərik ki,qısa bir zamanda yarışlara qatıldıq ve bir neçə ildən sonra yüksək nəticəni əldə etdik. Hansısa sahələrdə aktiv fəaliyətimiz nəzərə çarpmırsa, bunu aradan qaldırmalıyıq. Birdən-birə yüksək nəticə əldə etmək çətin məsələdir.

- Amma o da var ki, sizin qeyd etdiyiniz gənclər az qala 70 yaşlı partokratlar kimi görünürlər. Onlarda inqilabi ruh yoxdur. Inqilabi ruhda olmayan gəncliklə gələcəyə necə getmək olar? Buna necə baxırsınız?

- Ümumiyətlə inqilab sovetlər imperiyasından bizə tanış olan ifadədir. Sosialist inqilabı və digər inqilabları görmüş bir xalq olaraq bu ifadə bizə mənfi çalarları xatırladır. Sovetlər dövründə beyində inqilab deyəndə düzgün anlaşılmırdı. İnqilabı ancaq iğtişaş , hökuməti devirmək kimi başa düşülürdü. Məsələn, sosialist inqilabı fəhlələrin hökuməti devirməsi kimi qəbul edilmişdi. Bunun nəticəsi olaraq bu gün Azərbaycanda iqilabla bağlı yaşlı nəsildə bir qorxu mövcuddur. Amma mən də tərəfdarıyam ki, beyinlərdə inqilab olmalıdır. Biz 1990-cı illərdə bu inqilabı etdik. İndi inkişaf haqqında düşünməliyik. Bütün fəaliyyətimizi inkişafa yönəltməliyik. İnkişafı təmin etmək üçün beynimizdə və həyatımızda inqilab etsək yaxşı olar. Amma bir məsələni də qeyd etmək istəyirəm, baxın, “Ərəb baharı” ərəb dünyasına nə verdi. Liviya kimi bir ölkənin indiki halından xəbəriniz varmı? Bu gün həmin ölkələr baş vermiş olayların qarşısını ala bilmirlər. İnqilab heç də həmişə insanlara xoşbəxtlik gətirmir.

- Bu gün Azərbaycanda sosial şəbəklər vasityəsilə çağırış edib müxtəlif aksiyalar edən gənclər də var. Elə əsgər ölümlərinə etiraz olaraq son aksiyaları buna misal göstərmək olar. Buna necə baxırsınız?

- Gənclərin son vaxtlar Azərbaycanda facebook üzərindən toplaşaraq aksiyalara cəhd etməsi qloballaşmanın bir təzahürüdür. Bu elmi-texniki tərəqqi ilə qloballaşan dünyanın göstəricisidir. Bu gün cəmiyyətin aktiv hissəsi olan gənclər sosial şəbəkələrin iştirakçısıdır.Bunların atdıqları hər hansı addımların qarşısını almaq olduqca yanlış fikirdir. Hər sahədə olduğu kimi bunun da müsbət və mənfi tərəfləri var. Belə götürsək bəzi televiziya proqramlarının da insanların psixologiyasına, tərbiyəsinə müsbət və mənfi təsiri var. Əgər mənfi təsirləri nəzərə alsaq onda ümumiyyətlə internet bağlanmalıdır. Buna görə də sosial şəbəkələrin müsbət tərəflərindən yararlanmaq lazımdır. Sosial şəbəkələrin məkan və zaman amilini aradan qaldıraraq ən sərfəli alternativ ünsiyyət vasitəsi olması bu gün danılmaz faktdır. Əgər bir qrup gənc sosial şəbəkə vasitəsi ilə harasa yığışırsa, şəbəkə haqqında mənfi rəy formalaşdırmaq düzgün deyil. Əsgər ölümləri ilə bağlı fakta mənim də münasibətim yaxşı deyil. Biz artıq uzun müddətdir ki, atəşkəs vəziyyətindəyik. Müharibə vəziyyətində olsaq da aktiv döyüşlər yoxdur. Bizim əsgərlərimiz də döyüşərək həlak olmurlar. Cəmiyyət, gənclər olaraq bunu pisləyirik. Amma küçələrə çıxaraq sabitliyi pozmaq kimi bir ixtiyar heç kimə verilməyib. Buna qədər müxtəlif sivil vasitələr var idi. Bu baxımdan sosial şəbəkələrin özləri sivil vasitə ola bilər. Bunun üçün toplantılar, KİV-lər var. Belə bir toplantı keçirib etiraz edə bilərlər. Küçə etirazı isə mübarizənin son həddidir. Mən bu vəziyyəti bu gün son hədd kimi qəbul etmirəm. Sözsüz ki, gənclər yaşıdlarından narahatdırlar. Əsgər ölümü ilə bağlı cəmiyyətdə bir narahatçılıq var. Amma bu mərhələni dəf etmək üçün gənclərimizə düzgün yol göstərmək lazımdır. Bu məsələlərdə qeyd edim ki, kiminsə əli ola bilər. Onu da inkar edə bilmərəm ki, bu məsələdə də maraqlı olan tərəflər var. Azərbaycan ordusunun gücü hər il artır. Cənab Prezidentin bəyanatı var ki, Azərbaycan ordusunun büdcəsi Ermənistanın dövlət büdcəsindən çox olacaq. Bu hal özü bəzi qüvvələrdə qıcıq yaradır. Birmənalı qarşılanmır. Bunu istəməyən xarici qüvvələr də var. Bəlkə də o qüvvələrdir ki, son hadisələrə səbəb olurlar, kənar təsirlər vasitəsi ilə gənclərin emosiyalarını istiqamətləndirirlər. Amma Azərbaycan gəncliyi hər zaman dövlətinə sədaqətli olmalıdır. Bu gənclik mütərəqqi bir gənclikdir. Bütün tarix boyu gənclik aktiv olaraq cəmiyyətin önündə gedib. İşıqlı bir yola aparan qüvvə olub. İnanmıram ki, bu günki Azərbaycan gəncliyi bu mənada öz tarixi keçmişinə xilaf çıxsın. Gənclik elmi biliyi inkişaf etdirməklə yanaşı dövlətinə sədaqətli olmalıdır, inkişafına maraqlı olan sosial bir təbəqədir. 

- Bu məsələ ilə bağlı bəzimediada Gənclər və İdman Nazirliyi qınaq obyektinə çevrildi.

- Cəmiyyətdə istənilən bir qrupun hansısa fəaliyyətini tələsik o işə məsul olan dövlət qurumunun adına yazmaq düzgün deyil. O cümlədən bir qrupun da neqativ fəaliyyətini Gənclər və İdman Nazirliyinin fəaliyyəti kimi qələmə vermək olmaz. Gənclər və İdman Nazirliyi ölkənin gənclər siyasətini müəyyənləşdirən və həyata keçirən bir qurumdur. Onda biz niyə danışmırıq ki, küçəyə çıxanların əksəriyyəti tələbələrdir. Bu baxımdan bu tələbələrlə oxuduqları universitetlərdə təşkilatlar və bu təşkilatlara rəhbərlik edən insanlar nəzarət etməlidirlər. Ona görə məsələyə münasibət bilıdirəndə obyektiv olmaq lazımdır. Gənclər və İdman Nazirliyi orduda olan gənclərlə bağlı hər hansısa bir fəaliyəti həyata keçirmək üçün Müdafiə Nazirliyi, təhsillə bağlı məsələlərdə isə Təhsil Nazirliyi ilə birgə səy göstərməlidir. Müxtəlif sahələrdə də belə işləmək lazımıdr. Yəni Gənclər və İdman Nazirliyi birmənalı olaraq bu işə məsul deyil. Nazirlik bütövlükdə ölkəmizdə yaşayan gənclərlə bağlı olan siyasəti müəyənləşdirir. Ammma gənclər müxtəlif sahələrdə, qurumlarda fəaliyyət göstərib çalışırlar. Buna gənclərlə bağlı birbaşa rəhbərlik edən qurumlar cavabdehdir. Mən bütün siyasi, ictimai fəaliyəti gənclərlə bağlı olan şəxs kimi deyə bilərəm ki, bu sahə ilə bağlı həmişə müxtəlif xoşagəlməyən fikirlər ortaya çıxıb. Müəyyən dövürlərdə Gənclər və İdman Nazirliyinin fəaliyyəti qısqanclıqla qarşılanıb. Həmin müəsssisələrə bizim girişimizin müəyyəm müddət qarşısı alınıb. Lakin Nazirliyin üzərinə qoyulan vəzifəni cətin də olsa, layiqincə həyata keçirib. Bu baxımdan KİV-lər diqqətli olaraq Nazirlik və onun rəhbərliyi haqqında subyektiv, araşdırılmamış fikirlər səsləndirməməlidirlər.

- Dediyinizdən belə çıxır ki, gənclər nəyəsə etiraz olaraq küçələrə çıxmamalıdırlar?

- Gənclər küçəyə çıxmamalıdır. Bu yol artıq 1980-ci illərdə qalıb. Küçə hərəkatı bizi geriyə aparır. Küçəyə çıxmaq, etiraz etmək inkişaf demək deyil. Əsgər ölümü ilə bağlı aksiyalarda konkret olaraq göründü ki, burada kimlərinsə siyasi maraqları var. Lakin əsgər ölümünü siyasi marağa çevirmək bizim vicdanımıza, əxlaqımıza sığmır, qeyri vətənpərvər hərəkətdır.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub