Qarabağdakı separatçı qüvvələrin rəhbərinin “baş müşaviri”, keçmiş “müdafiə naziri” Mikayel Arzumanyanın həbsinin detalları məlum olub.
Ermənistan İstintaq Komitəsi ötən gün onun həbsi barədə məlumat yayıb. Bildirilib ki, Arzumanyan hərbi xidmətdə yol verdiyi səhlənkarlığa görə saxlanılıb. Onun haqqında həbs qətimkan tədbiri seçilib.
Komitənin yaydığı məlumatda qeyd olunub ki, Arzumanyan hərbi vəziyyət dövründə Şuşa şəhərinin və ətraf rayonların "müdafiəsinin" təşkili zamanı öz xidməti "vəzifəsinə" səhlənkar yanaşıb və "vəzifələrini" lazımınca yerinə yetirməyib.
Şuşa iki ildir azad olunub,bəs Arzumanyanı indi niyə həbs ediblər?

Modern.az-ın məlumatına görə, politoloq Elxan Şahinoğlu hesab edir ki, bu həbsin baş nazir Nikol Paşinyanın təlimatıyla həyata keçirildiyini vurğulamaq mümkündür.
"Bunu həbslə bağlı yayılan mətndən aşkarlamaq olar. Ermənistan İstintaq Komitəsi Şuşanın "müdafiəsinin" necə yararsız təşkil olunduğunu detallarına qədər açıqlayıb. Mətndə hansı silahlı qrupların Şuşada və ətrafda necə yerləşdiyi, döyüşlərə necə cəlb olunduğu, o cümlədən döyüşçülərin sayına qədər yayımlanıb. İrəvan Şuşa döyüşlərinin gedişatı ilə bağlı ilk dəfədir detallı açıqlama yayımlayıb. Baş nazir Nikol Paşinyan Arzumanyanın həbsi və Şuşanın hansı şəraitdə işğaldan azad olunmasıyla bağlı detallı məlumat yayımlamağı əmr etməklə məğlubiyyətə görə məsuliyyəti Qarabağ separatçılarının və onların yarıtmaz “müdafiə nazirinin” boynuna yükləmək istəyir, - deyə politoloq son prosesləri şərh edib.