Modern.az

Nadir Bədəlov: “Məgər İsa Həbibbəyli Həmidə xanımdan çox bilir?!” - MÜSAHİBƏ

Nadir Bədəlov: “Məgər İsa Həbibbəyli Həmidə xanımdan çox bilir?!” - MÜSAHİBƏ

5 Aprel 2013, 11:48

“İndi heç kim etiraf etməz ki, Xudayar bəy mənim babam olub” 

  

Modern.az-da “Molla Nəsrəddin” jurnalı və Mirzə Cəlillə bağlı fikirlərinə irad tutulmuş Nadir Bədəlov polemikaya bir daha qatıldı. Kinoşünas, telejurnalist, “Dahilərin divanı” verilişinin aparıcısı kimi tanıdığımız N. Bədəlov İsa Həbibbəylinin fikirləri ilə qətiyən razılaşmır. O, “Mola Nəsrəddin” araşdırmaçısının özü özünü danması qənaətindədir.

  – “Molla Nəsrəddin” jurnalının 107-ci ildönümü münasibətilə Modern.az və başqa saytlarda, eləcə də televiziya kanallarında müzakirələr gedirsə, deməli, Mirzə Cəlilin özü də divana düşür. Bizim hamımız divana düşəcəyik. Əməllərimizə görə mütləq qiymət alacağıq. Ya gələcək nəsillər tərəfindən, ya da Qiyamət Günü. Amma “əməl” deyəndə yalnız pis əməlləri nəzərdə tutmuruq ki. Yaxşı əməllər də var. Divanda yaxşı əməllər də deyilməlidir.

– Elə bir imkanınız olsaydı, sözün həqiqi mənasında kimi divana çəkərdiniz?  

– (fikirləşir) İsveç yazıçısı Fridrix Dürrenmattın “Qəza” adlı əsəri ilə tanış olmuşdum. Bu əsərdə gecə vaxtı hansısa ucqar yerdə, bir moteldə adamlar darıxdığından məhkəmə oyunu oynayırlar. Motelə təzə gəlmiş adamı rəmzi olaraq məhkəməyə çəkirdilər. Real məhkəmənin bütün proseduralarına əməl edib təqsirləndirəndə görürlər ki, həmin faktlar oyunda müqəssir elan olunmuş adamın həyatı ilə həqiqətən üst-üstə düşür. Görürlər ki, sonradan bu oyun elə həqiqətin özü imiş. Yəni əslində biz həyatda hqiqətimizi oynayırıq. Və bu oyunda özümüzü gizlədə bilmərik.

Modern.az-ın polemikasına qatılanda bildirdiniz ki, “Molla Nəsrəddin”də bəzi yazılar reytinq naminə sensasiya, qalmaqal xətrinə yazılıb… 

Bəzi yox, əksər yazılar. Əgər görkəmli bir şəxsi meymun şəklində çəkiblərsə, bu qalmaqal deyil, bəs nədir!? Əhməd bəy Ağaoğlu “İrşad” qəzetinin tirajının aşağı düşməsi ilə bağlı bir məqalə yazmışdı. Orda bildirirdi: “Müsəlmanlar arasında qəzet oxumağa imkan verməyən iki səbəb var. Onlardan biri mollalardır, o biri isə Molla Nəsrəddin”. Mirzə Cəlil “Molla Nəsrəddin”in növbəti nömrəsində buna çox kəskin cavab vermişdi. Əhməd bəy Ağayevin daimi tənqid obyekti “Molla Nəsrəddin” idi. Onu hər hansı konkret əsasdan çıxış edərək tənqid edirdi. Amma “Molla Nəsrəddin” də Əhməd bəyi çox kəskin tənqid edirdi. Bəs o hansı əsasdan çıxış edirdi? Bax bunun ətrafında düşünmək lazımdır. Əhməd bəyin iradları barədə də düşünmək lazımdır. Nəyə görə o bu iki səbəbi göstəriridi? Mollaları bildik. Bəs “Molla Nəsrəddin”? Qoy “molla nəsrəddin”çi alimlər və Mirzə Cəlili araşdıranlar bu suallara cavab versinlər. Ola bilər ki, mən də nəyisə başa düşmürəm. Onların cavabından sonra başa düşərəm.

Bir arqumentiniz də bu idi ki, “Molla Nəsrəddin “Xiyabaninin düşmənləri ilə dostluq edib… 
 
Xiyabanini çox faciəvi şəkildə qətlə yetirmişdilər və nəşini şəhərbəşəhər gəzdirmişdilər. Bunu da edən Müxbirüssəltənə idi. Ertəsi gün Cəlil Məmmədquluzadə gəlib onunla dostcasına söhbət edirdi. Ondan sonra məhz həmin adamın xeyir-duası ilə “Molla Nəsrəddin” Təbrizdə fəaliyyətə başlayır.  

Amma İsa Həbibbəyli bu faktı da yanlış adlandırır və bildirir ki, Mirzə Cəlil ora qardaşı Ələkbər Məmmədquluzadəyə görə gedib. “Molla Nəsrəddin”in Təbrizdə nəşrində isə onun bir həkim dostunun və digərlərinin köməyi olub.

Mən dediyim faktları Həmidə xanım Məmmədquluzadənin xatirələrindən oxumuşam. Deməli, əgər bu qeydlər səhvdirsə, qoy İsa Həbibbəyli səhvi isbat eləsin. Həmidə xanım Mirzə Cəlilin arvadı idi və mən onun qeydlərinə istinad edirəm. Müxbirüssəltənə Mirzə Cəlilə deyir ki, siz Tiflisdə işləyərkən məni jurnalınızda qəribə bir məxluq kimi təsvir etmişdiniz. Buna baxmayaraq, sizin üçün keçirəm, jurnalınızı buraxa bilərsiniz.

– Mirzə Cəlil haqda yazanlardan biri də AYB sədri Anardır. Bir kinoşünas kimi Mirzə Cəlilə həsr olunmuş “Qəm pəncərəsi” filmini necə qiymətləndirisiniz?

 

Bu filmdə Xudayar bəy obrazının Vaqif İbrahimoğluna həvalə olunması Anarın tapıntısı idi. Mən heç gözləməzdim. Amma kinoşünas olaraq “Qəm pəncərəsin”ə uğurlu film kimi baxmıram. Mirzə Cəlil ensiklopediyası burda alınmadı. Mən Anar çox gözəl yazıçıdır, amma rejissor deyil.

 

Mirzə Cəlilin “Qəm pəncərəsi”ndən baxanda indiki Azərbaycan necə görünər?

 

– (gülür). Mirzə Cəlil hər şeyə pis baxırdı. “Dahilərin divanı”nda hamı Sabirə tərif deyirdi. Sual verdim: “Sabirin tənqid etdiyi qırmızısaqqallar bizim babalarımız deyil? Dedilər ki, yox bizim babamız deyil! Necə yəni, mənim babam deyil, sənin baban deyil, bəs kimin babasıdır!? Axı bu gün kim deyər ki, mənim babam Xudayar bəy olub. Heç kim bunu öz üzərinə götürməyəcək.

 

– Yəqin hamı Kefli İsgəndəri özünə baba götürəcək...

 

– (gülür). Bəli, ya Kefli İsgəndəri, ya da başqa bir müsbət obrazı.


– Mİrzə Cəlil kimi kənardan gəlmə meyllərə valeh olma hansı faciələri yaradacaq?

 

– Mən qatı dindar deyiləm. Amma bu gün Qərbdə qadın qadını sevirsə, kişi kişiylə evlənirsə, bu, artıq faciədir. Bizim çox kövrək və gözəl mədəniyyətimiz var. Belə şeyləri mədəniyyətimizə yaxın buraxmaq olmaz. Kənardan gəlmələrə valeh olma ənənəsini Axundov yaratdı. Ondan başladı bu dalğa. Başa düşürəm ki, Axundov dönəmində gerilik var idi. İnsanlar sənayeləşdirmə dövrünün tələblərinə cavab verə bilmirdi. Ermənilər arasında ziyalı bizim ziyalılardan daha çox idi. Amma bu da düzgün deyil ki, bütün dəyərləri kökündən vurub baltalayasan. Mirzə Cəlil də həmçinin hansı ənənəni qoruyub saxlayıb ki?!

 

– Mirzə Cəlil və “Molla Nəsrəddin”dən danışdıq. Bir az da onunla əks qütbdə olan “Füyuzat” üslubunda danışsaq, bu daha xoş olar?   – Yox. Bu gün “Molla Nəsrəddin” barədə söhbət ediriksə, deməli, “Molla Nəsrəddin” həqiqətən də dəyərlidir.   

 


 Elmin NURİ
Elçin Ağayev 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır