Modern.az

Qalib jurnalistlərin yazıları: "525-ci qəzet"

Qalib jurnalistlərin yazıları: "525-ci qəzet"

16 Mart 2010, 13:59

Martın 15-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Novruz bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazılarının mükafatlandırılması müsabiqəsinin nəticələrini elan edib. 49 yazıdan 15-i yüksək bal topladığına görə qalib elan edilib. Modern.az-a göndərilən oxucu şərhlərinin bir çoxunda qalib jurnalistlərin yazılarının saytımızda yerləşdirilməsi xahiş olunub. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun razılığı ilə qaliblərin yazılarını təqdim edirik. Pərvanə Sultanova, "525-ci qəzet" Cəmiyyətin inkişafı insan haqları və demokratiyaya hörmət olmadan mümkün deyil

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra demokratik, dünyəvi, hüquq dövlət quruculuğunu özünün inkişaf yolu seçdi. Baxmayaraq ki, Azərbaycan müstəqilliyinin ilk illərində çətin günlərini yaşayırdı, bir tərəfdən daxildə vəziyyət vətəndaş müharibəsi həddinə çatmışdı, digər tərəfdən isə erməni işğalı genişlənirdi, bununla belə gənc müstəqil dövlət tutduğu yolda inamla irəlləyirdi.

1993-cü ildə milli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkədə daxili sabitliyin təmin olunması üçün atılan addımlar, milli dövlətçiliyimizin möhkəmləndirilməsi heç şübhəsiz insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş hüquq sisteminin qurulmasına da imkan verdi.

Ümumiyyətlə, insan hüquqlarına yanaşma, humanizm Heydər Əliyevin qurduğu dövlətin əsas mahiyyətini təşkil edirdi. Bu səbəbdəndir ki, milli liderin hakimiyyətə gəldiyi il, yəni 1993-cü ildə ilk qərarlarından biri məhz ölüm cəzasının tətbiqi üzərində moratorium qoyması oldu. Bu həm də yaşamaq hüququna verilən böyük önəmin göstəricisi idi. 1995-ci ildə referendum yolu ilə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkədə hüquq islahatlarının aparılması üçün zəmin də yaratdı. Konstitusiyada xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, dövlətin demokratik, hüquqi və dünyəviliyi, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkili kimi təməl prinsiplər təsbit edilib. Əsas qanunumuzda insan hüquq və azadlıqlarına geniş yer verilib. Bir il sonra isə Heydər Əliyevin sədrliyi ilə hüquq islahatlar komissiyası yaradıldı.

1995-ci ildən həmçinin ölkədə əfv və amnistiya təsisatları bərpa olundu. Xatırladaq ki, bu günə kimi Azərbaycanda 50-yə yaxın  əfv fərmanı və 9 amnistiya aktı qəbul edilib. Bu qərarların həyata keçirilməsi nəticəsində minlərlə insan vaxtından tez azadlığa çıxaraq ailəsinə qovuşub.

Ölkədə geniş vüsət alan islahatlar, iqtisadi inkişafın başlanması, həm də Azərbaycanın Avropaya inteqrasiyasına təkan verirdi. Görülən işlər də Avropa ölkələrinin, beynəlxalq qurumların diqqətindən yayınmırdı. Beynəlxalq qurumlar arasında Avropa Şurası hər zaman Heydər Əliyevin diqqət mərkəzində idi. Çünki əgər Avropada Avropa təhlükəsizlik arxitekturasının əsasında NATO dayanırsa, insan hüquq və azadlıqları, demokratiyanın inkişafı baxımından Avropa Şurası öndə durur. Başqa tərəfdən, insan haqları, demokratiya və qanunun aliliyi məhz bu təşkilatın vacib dəyərləridir. Azərbaycanın da Avropa Şurasına üzv olmaq niyyətini ortaya qoyması, dövlətin bu dəyərlərə sadiqliyini, eyni zamanda özünü Şərqli olmaqla yanaşı Avropanın bir parçası saymasının göstəricisi idi.

Azərbaycan Avropa Şurası əlaqələrində mühüm hadisə isə 1996-cı il iyunun 28-də, ölkənin AŞPA-da xüsusi dəvətli qonaq statusu alması ilə oldu. İyulun 13-də isə Azərbaycan rəhbərliyi tamhüquqlu üzv olmaq üçün Avropa Şurasına rəsmən müraciət etdi. Lakin bunlar Strasburqa aparan yolda belə demək mümkünsə, gənc Azərbaycan dövlətinin keçdiyi ilk baryerlər idi. Yolun qət edilməli olan əsas məsafəsi isə hələ qarşıda dururdu. Avropa Şurasına üzv dövlət və hökumət başçılarının 1997-ci ilin oktyabrında Strasburqda keçirilən ikinci zirvə görüşündə ulu öndərin iştirakı isə Azərbaycan-Avropa Şurası əməkdaşlığının tarixində yeni dövrün başlanması ilə əlamətdar oldu. Heydər Əliyevin oradakı çıxışında Azərbaycan müstəqil olandan bəri ölkədə demokratik hüquqi dünyəvi dövlət quruculuğu sahəsində görülmüş işlərdən danışdı, ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsi, onun doğurduğu nəticələr, münaqişənin sülh yolu ilə aradan qaldırılması sahəsində Azərbaycanın mövqeyini bir daha bəyan etdi. Həmin zirvə görüşündən sonra öləkəmizin Avropa Şurasına inteqrasiyası istiqamətində böyük işlər görüldü, qanuvericiliyin Avropa standartlarına uyğunlaşması intensivləşdi. 1998-ci il 10 fevralda isə ölkədə ölüm hökmü ləğv olundu. Heydər Əliyevin bununla bağlı müraciətində deyilirdi: «Mən cinayət hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq ölkəmizdə ölüm cəzasını ləğv edilməsi qənaətinə gəlib bu bəyanatı vermişəm».

Ölüm hökmününü ləğvi heç şübəsiz ki, Azərbaycanın hüquqi demokratik dövlət quruculuğu yolunda olmasını bir daha sübut etdi. Bununla da Şərqdə qadınlara ilk seçki hüququ verən, ilk dəfə respublika üsul idarəsi quran Azərbaycan həm də Şərqdə ölüm hökmünü qadağan edən ilk dövlət kimi tarixə düşdü. 1998-ci ildə milli lider digər mühüm qərarlar da qəbul etdi. Azərbaycanda ilk dəfə olaraq insan hüquqlarına dair dövlət proqramı təsdiqləndi. Sənəddə insan hüquqlarının müdafiəsi sahəsində tədbirlərin səmərəliliyinin artırılması nəzərdə tutulurdu. Eyni zamanda həmin il mətbuat üzərindən senzura götürüldü. Bununla da mətbuat qarşısındakı ən böyük maneə aradan qaldırıldı. Bu qərar ölkə mətbuatı tərəfindən çox müsbət qarşılandı. Çünki senzuranın ləğvi Azərbaycan mətbuatının yeni inkişafına təkan verdi, azad sözün bərqərar olmasına yol açdı.

Görülən işlər nəticəsində 2001-ci ilin yanvarın 25-dən etibarən Azərbaycan Avropa Şurasının (AŞ) bərabərhüquqlu üzvü oldu. Bu hadisə yeni əsrin əvvəllərində ölkəmizin və xalqımızın taleyində baş verən ən mühüm hadisələrdən biri kimi qiymətləndirilməlidir. Həmin il Azərbaycan Avropa İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında Konvensiyasını ratifikasiya etdi. Ölkəmizin Avropa İnsan Haqları Məhkəməsinin yuridiksiyasına daxil olması isə daxili məhkəmələrin qərarlarından narazı qalan hər bir vətəndaşa rahat şəkildə Strasburq Məhkəməsinə müraciət imkanı verdi.

Şübhəsiz, Avropa Şurasına daxil olmaq Azərbaycanın son məqsədi deyildi. Avropa Şurasına daxil olmaq Azərbaycanda gedən demokratikləşmə prosesini daha surətlə irəlilətmək üçün bir imkan oldu.

Azərbaycan AŞ-nın üzvü olandan sonra insan hüquqlarının, söz azadlığının təmini, qanunun aliliyi  sahəsində üzərinə götürdüyü öhdəliklərin bu gün demək olar ki, böyük əksəriyyətini yerinə yetirib. Bu öhdəliklərin icrası isə təkcə Avropa qurumlarını razı salmağa deyil, Azərbaycanda demokratik nkişafın surətlənməsinə, vətəndaşların rahat yaşamasına, hüquq və azadlıqlarının qorunmasına, azad mətbuatın mövcudluğuna hesablanıb. Başqa sözlə, demokratiya Azərbaycan dövlətinin seçdiyi yoldur və bu yolda ölkə bütün çətinlikləri dəf etməyə hazır olduğunu da dəfələrlə bəyan edib. Təsadüfi deyil ki, indiyə qədər AŞ çərçivəsində Azərbaycan 200-dək beynəlxalq hüquqi akt qəbul edib, bunların da əksəriyyəti insan hüquqları ilə bağlıdır. İşgəncələrin və qeyri-insani rəftarın qarşısının alınması, Avropa Sosial Xartiyasının imzalanması və ratifikasiya edilməsi, 14 saylı protokolun təsdiqi və digər sənədlər buna sübutdur.

Qeyd edək ki, 14 saylı protokol məhz Avropa İnsan Haqları Məhkəməsinin iş yükünü azaltmaq, məhkəməyə nəzarət mexanizmini artırmaq məqsədini daşıyır. Azərbaycan bu protokolu imzalayan ilk dövlətlərdən biri olub. AŞ qarşısında götürülmüş öhdəliklərdən biri kimi, ölkəmizdə İnsan Hüquqları üzrə Müvəkkil təsisatı yaradılıb və bu institut ölkənin Avropa məkanına inteqrasiyasının dərinləşdirilməsi, Avropa standartlarının daxili qanunvericilik sistemində təsbiti, götürülmüş digər öhdəliklərin yerinə yetirilməsi prosesinin sürətləndirilməsi istiqamətində tədbirlər həyata keçirir. Eyni zamanda bu gün Azərbayca vətəndaşları pozulmuş hüquqları ilə bağlı məhkəmələrlə yanaşı ombudsmana da müraciət edirlər.

Demokratiya daim inkişafda olan bir prosesdir. Bu proses cəmiyyət mövcud olduqca davam edir. Bu gün rezident İlham Əliyev milli liderin bütün sahələrdə olduğu kimi bu istiqamətdə də siyasətini davam etdirir.

Ölkədə məhkəmə sisteminin təkminləşməsi, qanunların Avropa standartlarına uyğunlaşdırılması sahəsində davamlı işlər görülür. Qeyd edək ki, 2002-ci ildə və 2009-cu ildə keçirilən referendumlar nəticəsində Azərbaycan Konstitusiyası daha da təkminləşib, insan hüquq və azadlıqlarının qorunması Əsas Qanunumuzda daha geniş təsbit olunub. Eyni zamanda Azərbaycan vətəndaşları Konstitusiya Məhkəməsinə fərdi şikayət etməsi mexanizmi yaradılıb. Yerlərdə apelyasiya məhkəmələrinin təşkili, hakimlərin seçilməsi qaydaları və s. tədbirlər də yalnız insanların hüquqlarını daha rahat reallaşdırmasına hesablanıb.

2006-cı ildə qəbul edilən insan hüquqlarına dair Milli Fəaliyyət Planına dair Ombudsmanın təşəbbüsü ilə paytaxtda, həm də bölgələrdə silsilə maarifləndirmə tədbirləri keçirilmiş və vətəndaşlara bu proqram, orada nəzərdə tutulan istiqamətlər barədə ətraflı məlumatlar verilib.

Penetensiar sistemdə də geniş islahatlar aparılır, məhbusların saxlanma şərati Avropa stanldartlarına uyğunlaşdırılır. Bütün bunlar isə Azərbaycan dövlətinin hər bir vətəndaşına fərdi yanaşmasının göstəricisidir.

Ölkədə vətəndaş cəmiyyətinin, QHT sektorunun inkişafı üçün də dövlət tərəfindən mühüm addımlar atılır. QHT-lərə Dövlət Dəstəyi Şurasının, eyni zamanda KİV-in İnkişafına Dövlət Dəstəyi Fondununun yaradılması vətəndaş cəmiyyətinin və azad mətbuatın inkişafına, iqtisadi durumunun yaxşılaşmasına yönəlik tədbirlərdir. Heç şübhəsiz ki, bu tədbirlər demokratik cəmiyyətlərin əsas göstəricilərindən olan üçüncü sektorun və azad mətbuatın güclənməsinə gətirib çıxaracaq.

O da məlumdur ki, sülh, əmin-amanlıq olmadan insan haqlarını tam reallaşdırmaq da mümkün olmur. Təəssüf ki, Ermənistanın Azərbaycana qarşı 20 ildən artıqdır davam edən hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub, bir milyona yaxın insan qaçqın və məcburi köçkün düşərək adi insan hüquqlarından məhrum ediliblər. Ümumdünya İnsan Haqları bəyannaməsində deyilir ki, heç kəs işgəncəyə, yaxud amansız, qeyri-insani, yaxud onun ləyaqətini alçaldan davranışa və cəzaya məruz qalmamalıdır. Amma ermənilərin apardığı amansız, soyqırım siyasəti nəticəsində minlərlə azərbaycanlı xüsusi qəddarlıqla, işgəncələrlə həyatdan məhrum edilib. Ermənilərin yeni bir erməni dövləti qurmaq cəhdlərinə baxmayaraq Azərbaycan ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır və qəbul olunur. Azərbaycan prezidenti beynəlxalq hüquq normalarından çıxış edərək Dağlıq Qarabağ münaqişəsinə dair sülh danışıqlarında iştirak etməklə bir daha münaqişənin sülh, barışla həllinin tərəfdarı olduğunu isbatlayır. Bu gün bütün xalq, həmin bir milyon qaçqın və məcburi köçkünlərimiz  pozulmuş hüquqlarının bərpasını gözləyir, eyni zamanda dünyadan bu problemə daha ədalətli yanaşma tələb edirlər. Axı hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var...

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı