Modern.az

Erməni əsirliyindən qayıdan azərbaycanlı: “Mən necə əsir düşdüm… - Dəhşətli gerçəklik

Erməni əsirliyindən qayıdan azərbaycanlı: “Mən necə əsir düşdüm… - Dəhşətli gerçəklik

22 Aprel 2013, 16:50

Aqil Əhmədov 1976-cı il 23 aprel tarixində Zaqatala rayonunda doğulub. 1993-cü ildə məktəbi əla qiymətlərlə bitirib. 1995-ci ildə Zaqatala rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Həmin gündən etibarən xüsusi təyinatlı hərbi hissədə qulluq edib. 1997-ci ilə qədər həmin hərbi hissənin tərkibində ermənilərlə döyüşüb. 1997-ci il aprelin 10-da cəbhənin Xocavənd rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən yaralanıb və əsir götürülüb.
Sonralar əsirlikdən azad olunan Adil Əhmədov düşmən əsarətində yaşadıqlarını Modern.az-la bölüşüb.

“Ali təhsilim yarımçıq qaldı”

- On birinci sinfi bitirdikdən sonra Dağıstanda instituta qəbul olundum. Orada Pedaqoji İnstitutda bir il oxudum. Sonra məni hərbi qulluğa çağırdılar. Möhlət hüququ barəsində arayış gətirsəm də,  qəbul olunmadı. Ona görə də təhsili yarımçıq qoyub 1995-ci ildə əsgərliyə getdim. 1997-ci il aprel ayının 10-dan 1999-cu il mart ayının 10-a kimi-iki il erməni əsirliyində qalmışam. Dəyişildikdən sonra 6 ay Müdafiə Nazirliyinin Hərbi Kliniki Hospitalında müalicə olunmuşam. Hazırda birinci qrup Qarabağ əliliyəm və müntəzəm müalicə olunuram. Ciddi əməliyyata ehtiyacım var. Səhhətim tədricən pisləşməyə doğru gedir və həkimlərin dediyinə görə bu pis nəticələnə bilər.

“Ermənilərə necə əsir düşdüm…”

- Çətin döyüş yolu keçmişəm. Axşamlar problem yarana bilər deyə, qumbaranı açıb əlimizdə hazır saxlayırdıq. Günlərlə yuxusuz qalırdıq. Elə olurdu ki, ayaqüstü 10 dəqiqə mürgüləməklə kifayətlənirdik. Bir dəfə komandirimə dedim ki, mən daha dözə bilmirəm. Bədənim titrəyir. 15-20 dəqiqə mürgüləmək istəyirəm. Qumbaranın halqasını açdım, bıçağı torpağa keçirdim, avtomatı açıq qoydum, bürünüb 10 dəqiqəlik huşa getdim. Elə o an bir də gördüm ki, rəhmətlik əsgər yoldaşım Vüqar çiynimə bir təpik vurdu. Nə isə dedi. O qədər yorğun idim ki, bütün ətrafı qırmızı rəngdə gördüm. İkinci təpikdə durdum, dedi, qalx bizi mühasirəyə alıblar. Gördüm o səngərə baxan birinə güllə atdı. Sən demə ermənilər istəyiblər bizi diri tutsunlar. Gördük ermənilər üzük qaşı şəklində düzülüblər. Artıq biz səngərdən çıxmaq məcburiyyətində idik. Çünki üstümüzə gəlirdilər. İstədik qaçıb Horadiz kəndinin qarışıq bir yerinə girək. Təpəyə çıxıb qaçanda bilmirəm güllənin küləyindən idi, yoxsa qorxudan idi, silah əlimdən düşdü, yerə yıxıldım. Tərpənmədən yerdə qaldım. Əlimi ayağımı yoxladım gördüm işləyir. Çöndüm ki, ermənilərlə bizim aramızda haradasa 50 metr qalıb. Onlar təpəni düşürlər sonra qalxacaqlar. Tez ayağa qalxdım və qaçmağa başladım. Təpəni çıxdım gördüm uşaqların hamısı təpənin o biri tərəfindədirlər. Həmin an adam tanıdıqları yaxın insanları görəndə lap ürəklənir, dəyişir, əvvəl buradan ora hoppana bilməzdinsə, o an elə bil ki, başqa cür olursan, uçursan. Fizuli-Horadiz yolunun üstünə çıxdıq, gördük ki, 3 nəfər erməni gəlir. Komandirimizə işarə etdim ki, gəlirlər. Geriyə döndük, birmərtəbəli, dağılmış bir balaca evə girdik. Heç nəyi yox idi, sadəcə divarları qalmışdı evin... Hamımız içəri doluşduq. Öz aləmimizdə onları azdırıb mövqe dəyişmək istəyirdik. Hamımız bir yerdəyik, heç kəs yaralanmamışdı. Balaca bir deşik var idi, oradan çölə baxırdım. Ermənilərin evi mühasirəyə aldıqlarını gördüm. Komandir Elxana dedim nə edək? Ya hamımız özümüzü bir yerdə öldürməliydik ya da bayaqki kimi davam etməli, qaçmalıydıq. Dedim, komandirimiz sənsən, qərarı sən ver. Heç nə demədi. O dinmədikcə adamda gərginlik daha da artırdı ki, artıq axırıncı variantımız qalıb. Balaca bir daşın üstündə yer tapıb oturdum. Dedim artıq komandirin də deməyə sözü qalmayıb, axırıncı dəfə insan kimi rahat oturum. İxtiyarsız saata baxdım, günorta saat bir radələri olardı. Komandir Elxan əlini açıb dua etməyə başladı. Biz də hamımız ona qoşulduq, nə bilirdiksə, etdik. Əsgər yoldaşım Dinar dedi ki, ermənilər bizi gördü. O vaxt bizi yağış kimi atəşə tutdular. Elxan qumbaranı çıxarıb ermənilər tərəfə atdı. Biz isə evdən çıxıb əks tərəfə qaçmağa başladıq. Kim nə bacarırdısa, hərə bir istiqamət tutdu. Biz qumbaraları atanda ermənilər arasında bir hay-həşir var idi ki. Yəqin ki, onlar da qorxurdular, yanaşmağa risk etmirdilər. Sağ tərəfdən çıxdım gördüm ermənilər arasında əmr edən biri var, onu vurdum. Səsləri kəsildi xeyli müddət. Evin qabağından çıxan anda gördük ki, bir “Niva” keçdi. Elxan atdı, amma maşına dəymədi. Əks istiqamətdə gedən yük maşınını vurduq, o partladı amma “Niva”  aradan çıxdı. Məndən əsirlikdə soruşurdular ki, “Niva”ya kim atdı. Dedim, mən atmamışam, bilmirəm. Sən demə “Niva”nın içində də bunların böyük zabiti olub. Kaş ki, onu vura biləydik. Onda belə müsibətlər də yaşamazdıq. “Niva”nın içindəki zabit ölsəydi qarışıqlıq yarana bilərdi və bizim qaçmaq şansımız daha çox olardı. Nə isə... Təpə var idi ki, bir tərəfi ilə yol qalxır, yolun bir hissəsini də kanal kimi ediblər ki, su yolu xarab etməsin. Həmin təpəyə qalxanda yoldaşımız Anarı topuğundan vurdular. Onu yaralı vəziyyətdə xeyli daşıdıq.
Daha sonra kanal kimi yerdə uzandım başladım sürünməyə. Həmin hissəni süründüm. Dostların bir neçəsi məndən qabada idi. Arxada qalan vardı, yoxdu bilmədim. Geridə qaldığıma görə uzandım ki, güllə dəyməsin, süründüm. Birdən sanki bədənimi elektrik vurdu. Ayaqlarım yığıldı. Düşündüm ki, güllə dəydi .Arxaya dönəndə məni vuran ermənini gördüm. Amma nəfəs ala bilmirəm. Əlimi atdım qarnıma, gördüm ki, heç nə his etmirəm, key kimidir. Əlimi gəzdirdim bədənimə, barmağıma qan dəydi, elə bil belim, onurğam şişirdi. Dedim hələ ki, ölməmişəm davam edim. Bir az da süründüm, gördüm əvvəlki adam deyiləm, güc qalmayıb. Sürünüb təpəni qalxanda həmin “Niva”nı gördüm, haradasa 2 km uzaqlıqda idi. Uşaqlar da xeyli aralıda idi. Fikirləşdim ki, mən o boyda yolu necə sürünüb, onlara çataram. Həmin an yadımda qalanlardan biri bu idi ki, komandir Elxan əli ilə torpaqda nə isə qazırdı. Çünki üstündə xəritə filan və s. var idi . Bəzi şeyləri gizlətmək istəyirdi. O vaxt Elxanı vurdular təpəni aşıb o biri üzə düşdü. Başımı aşağı saldım ki, daha biz batdıq, komandiri vurdular. Başımı qaldıranda gördüm ki, komandir yenə durub yanımıza gəlir. Gördüm boğuluram artıq, paltarlarımı çıxartmağa başladım. Amma qaça bilmədim. Arxaya çöndüm, gördüm rəhmətlik Fariz gəlir. Əlimlə başa saldım ki, mənə kömək eləsin, paltarı çıxarım. Çünki danışmağa da halım qalmamışdı. Fariz də çox əlləşdi aça bilmədi. Aralandı, sonra necə oldu bilmədim. Elxan yaxınlaşdı ki, Əhmədi də aparaq, o da yaralıydı. Dedim mən artıq bacarmıram, gələ bilmirəm, məndən sizə heç bir xeyir yoxdur. Komandirin özü də ağır yaralı idi, ancaq yenə də əsgərlərinin hayında idi. Ermənilər isə atırdılar. Nizami pulemyotu qaldırıb erməniləri atəşə tutdu. Ermənilər bunu gözləmirdilər. Amma qəfildən Nizaminin patronu qurtardı. Tətiyin boş səsini eşitdim. Həmin an yuxarı baxdım, gömgöy səma idi. Dedim, ay Allah, hər şey yuxarıda nə gözəldir. İnsanın qanadı olsa idi uçardı, belə bir vəziyyətdən çıxardı. Aşağı baxırsan haray-həşir. Uşaqlar təpənin o biri üzünü keçdilər, yoxsa yox, artıq onlardan xəbərim yox idi. Gördüm tək qalmışam. Arxa tərəfdə nə isə partladı. Partlayanda dönüb baxdım. Gördüm bizim uşaqlardan hansınınsa arxa və ya ön hissəsi açılıb. İçalatı tam görünür. Sonralar mən ayılanda onun tikələrinin qırıntılarını saçımda gördüm... Ətrafımda heç kimi görmürdüm. Qorxdum ki, ya hamı ölüb ya da hamı qaçıb, mən qalmışam. Büküldüm, başladım bir də hərəkət etməyə ki, qoy vursunlar. Yaralanmaq rahat imiş, gedə-gedə onu-bunu görürsən, adamı lap dəhşət bürüyür həmin an. Qulaqlarıma “Allahu-əkbər” səsi gəlirdi. Vüqar öləndə ağzında qumbaranın həlqəsi qalmışdı. Uşaqlarımızdan 4-5 nəfər bir yerə yığışıb özlərini partladıb öldürmüşdülər. Fariz əllərini qaldırıb, deyib ki, tabe olur, ermənilər yaxına gələndə boynunda gizlətdiyi qumbaranı ermənilərin üstünə atıb. Elə mənim yaxınlığımda partlayan da o olub... Huşumu itirdim, ayılanda gördüm dizlərim xeyli cırılıb. Bildim ki, əsir götürülmüşəm.

“Canımdam bezmişdim...”

- Əsirlikdə keçən iki il ərzində canımdan bezmişdim. Təsəvvür edin, iki il onlar ermənicə danışırlar, sən eşidirsən, qəbul edə bilmirsən. Adamın Azərabaycan dili üçün burnunun ucu göynəyir. O qədər iyrənmişdim ki, sözdə tapa bilmirəm ki, təsəvvür edim necə millətdirlər.
Onların arsında bizim dili də bilənlər var idi. Bizimlə ələxüsus rus dilində danışırdlar. Eləsi var idi Azərbaycanı, azərbaycanlıları pisləmirdilər. Çünki burada gün görmüşdülər, orada gedib nə yaşayırlar ki? Onların oradakı yaşayışı yaşayış deyil ki.
Mənlə ilk söhbətləri ordu ilə bağlı oldu. Orduda nə geyinmişik, nə yemişik, nə təlim olub? Dəyişilib gələndə boş-boşuna evə buraxılmamışam ki. Hamısı xəbərdardılar, bilirlər, orada özümü necə aparmışam, necə olub. Bizim tərəf də məlumatlıdırlar, çox gözəl bilirlər. İndi Azərbaycan zəif ölkə deyil ki, nə isə bilməsin.

Əsirlikdə saxlanıldığım yer eni 2,5, uzunluğu 3,5 metr olan bir kamera idi. Harasa aparanda gözübağlı çıxarıb, gözübağlı qaytarırdılar. Səma işığı heç görmürdüm. Bilmirdim, hara gedib, hara gəlirəm. Qaranlıq yer, ancaq lampa işığı, vəssalam. Mənim günəşim yox idi.

Əvvəl-əvvəl, təzə yaralandığım vaxt sən demə onların hospitalında yatırmışam. Orada yemək-filan verirdilər. Mən elə bilirdim elə də olacaq. Dedim əşi heç nə yoxdur da, belə yeyərəm, sonra dəyişərlər çıxıb gələrəm. Sən demə qara günlərimi kameraya saxlayırmışlar. Elə olurdu ki, iki-üç  gün yaddan çıxırdım, çörək vermirdilər. Yaram baxımsızlıqdan çürümüşdü. O qədər baxımsız qalmışdım ki, adi su ilə özüm yuyurdum yaramı. Özüm dəyişirdim. Yəni orada heç bir təmizlikdən söhbət gedə bilməzdi. Xəstəxanada qaldığım müddət heç bir ay çəkmədi. 15-20 günə yaram bitişdi. Tikişləri sökdülər, ondan sonra kameraya saldılar.

“Bir tibb bacısı lap qaba davranırdı”

- Xəstəxanada bir baş tibb bacısı var idi ki, lap qaba davranırdı. Qalanaları isə həkim idilər, heç bir reaksiya göstərmirdilər. Çox vaxt otağa gələn olmurdu. Bəzən elə olurdu ki, praktikant qızlara həmin tibb bacısı iynəni necə vurmağı mənim üzərimdə göstərirdi. Elə olurdu ki, 7 dəfə eyni iynəni çıxarıb, vururdu, onlara öyrədirdi. Əsirlik çox çətin məsələdir. O da qala azərbaycanlı olaraq erməni əsirliyində olasan. Olmazın əzabını verirlər sənə... Palatada tək idim, kamerada isə məndən sonra üç nəfər azərbaycanlı da gətirdilər. Onlar məndən sonra əsir düşmüşdülər.
 
Deyim ki, əvvəldən son dəqiqəyə qədər azad olunacağıma ümidim olmayıb. Yanımda olan azərbaycanlı əsirləri döyürdülər. Aparıb işlədirdilər. Mən yaralı idim deyə, 5-10 dəfə çıxarıb həyətdə işlədirdilər. Göz qoyurdular, diqqətləri elə məndə idi. Bir neçə dəfə qaçma barədə plan qurdum, alınmadı. Fikirləşirdim ki, ya qaçaram ya da ki, ölərəm. O qədər bezmişdim, boğaza yığılmışdım. Sonralar Qırmızı Xaç Cəmiyyətinin nümayəndəsi gəlirdi, ermənilər bir az ondan ehtiyat edirdilər. Siqaret, geyim gətirirdi. Geyim verirdilər onların yanında əlimizdə olurdu, kameraya düşəndən sonra tutub alırdılar.
Bir dəfə “Qırmızı xaç”ın nümayəndəsindən “Quran” kitabı istədim. Gətirdilər. Yəqin ki, Azərbaycandan göndərmişdilər. Quranın bütün ayələrini həm uşaqlar, həm də özüm üçün ucadan oxuyurdum. Beləcə ümidim yaşamağa artırdı... Allah sevgisi, oxuduqca isinirdim ona, içimdə qaynayırdım. Yaşayırdım...

“Evə birinci məktubu özüm yazmadım...


- Bizim geyimimiz heç vaxt dəyişilmirdi. Mən birinci dəfə 3 ay yarımdan sonra yuyunmuşam. 4 və ya 5 aydan sonra da saçımı kəsdirdim.
“Nadzor” başımızın üstündə dayanırdı, biz qayçı ilə tez biri-birimizin saçını necə gəldi kəsirdik.
Fiziki işgəncələr çox olub. Ən birinci gözümü açanda gecə vaxtı idi. Gördüm bir nəfər əlində avtomatla oturub, belini də divara söykəyib. Hiss etdim ki, sağ tərəfdə lampa yanır. Üzünə, paltarına baxdım gördüm bizim formadan deyil. Necə olubsa, mən bundan su istəmişəm. O anları indi yuxu kimi xatırlayıram. Yadımdadır ki, o mənə dedi ki, “su sənə olmaz”. Sonra qorxdum gözümü yumdum. Dedim yəqin ölmüşəm. Sonra yenidən yuxuya getmişəm. Bir də ayıldım ki, üzümü kimsə şillələyir. Gözümü açanda gördüm ağ xalatlı bir həkimdir. Gördüm ki, bu ayrı dildə danışır. Onda yadıma düşdü ki, döyüş gedəndə mən yaralanmışdım. Həmin döyüş səhnələrini tez xatırladım. Ondan sonrası yadımda deyil. Anladım ki, əsir düşmüşəm. Həmin gün gəlib məni sual-cavab etmək istəyirdilər. Gördüm videokamera ilə də çəkirlər. Dedim kameranı götürün, yoxsa bir kəlmə də danışmayacam. Başqa variantım yox idi, nə etməli idim? Mən orada 3 gün ərzində heç yaşamaq istəməmişəm. Fikirləşmişəm ki, o vəziyyətdən necə çıxım. Axırı nə ilə qurtaracaq? Axırda dedim nə olar, olar... Cəhənnəmə öldürürlər, öldürsünlər.

Videokameranı apardılar, ikinci qrupumuz barəsində soruşanda gözümü yumub qaldım. Mən bu suala cavab verməyə hazır deyildim. Bilmirdim ki, necə etməliyəm ki, mən rahat olum. Gözümü yummaqla fikirləşmək üçün vaxt qazandım. Onda həkim onlara nə isə dedi, otağı boşaltdılar. Fikirləşdim ki, yəqin dedi, əsir özündən gedib və s. Məni böyük bir otağa keçirtdilər. Yarımçıq döşəkli çarpayıda əllərimi, ayaqlarımı bağladılar. Adımı, soyadımı soruşdular. Hamısını ayrı cür dedim. Bir az oradan, bir az buradan deyib qarışdırdım. Bir-iki gün keçəndən sonra Qırmızı Xaç Cəmiyyətinin nümayəndəsi gəldi. Mən o zaman heç bilmirdim “Qırmıızı xaç nədir. Gördüm ki, bu da başqa xarici dildə danışır. Adı da Stefan Müller. Dedi ki, bəs evinizlə əlaqə saxlayıb məktub yazmaq lazımdır. Dedim mən heç nə yazmıram, istəyirsən özün yaz. Birinci məktubu elə özü yazdı.

(Ardı var)

Şahanə Rəhimli

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir