Modern.az

Heydər müəllimin sağlığına - Qabilin zarafatları - VİDEOLAR

Heydər müəllimin sağlığına - Qabilin zarafatları - VİDEOLAR

11 May 2021, 02:51

İşdə idim. Gördüm zəng gəlir. Atam idi:

- Tez, təcili, güllə kimi gəl evə.

- Nə olub?

- Prezident yubiley hədiyyəsi göndərir.

Sevindim. Tez taksiyə minib gəldim evə. Gördüm ki, həyəcanlıdır.

- Bu gün Heydər müəllim (atam prezidentə həmişə “Heydər müəllim” deyə müraciət edirdi) zəng eləmişdi. 75 yaşımı təbrik elədi. Soruşdu ki, “Qabil, yenə də yeyib-içirsən?” Dedim ki, hə. Dedi “onda evdə ol. Hədiyyəni göndərirəm”. Mən də səni çağırdım ki, qonaqlara qulluq edəsən. Anan yaxşı ki, hazırlıq görmüşdü. Plov dəmdədir.

Uçmağa qolum-qanadım yox idi. “Prezident hədiyyə göndərir”. Xəyalımdan nələr keçmədi: Şəhərin mərkəzində 4 otaqlı “novostroyka”nın açarları. (Hələ mənzil verilməmişdi. 2001-ci il idi). Xarici maşın (16 ilin QAZ-24-dən canım qurtaracaqdı). Daha nələr, nələr...  Əvvəlcədən şərt də kəsdim.

- Bax, papa, ev, maşın olsa mənimdir.

Bircə “hamısı səninkidir” dedi. Deməyim də artıq idi. Axı evin yeganə övladı mən idim. Atama qalanda isə onun üçün hədiyyənin böyüklüyü-kiçikliyi, nə olması vacib deyildi, hədiyyənin kim tərəfindən göndərilməsiydi, qiymətləndirilməsiydi. Özü demişkən “müsbət emosiya”. Onu yaşadan bu idi. Mənim isə bunu başa düşməyimə hələ çox vardı.

Qapı döyüldü. İki nəfər içəri girdi. Atama Prezident Heydər Əliyevin vizitkasıyla qızılgül buketi təqdim etdi. Təbriklərini çatdırdı. Qoltuğundakı əllə toxunma, nəfis xalçanı açıb göstərdi. İkinci adam isə iri bir yeşiyi yerə qoydu. Atam onları ha  süfrəyə dəvət elədi, oturmadılar. Üzrxahlıq edib getdilər. Gələnlərin getməyini gözləyirdim. Qapıdan çıxan kimi, dərhal şığıdım yeşiyin üstünə. Atam isə divanda oturub sakitcə tamaşa edirdi. Demirdi, amma baxışlarından “görməmiş” sözünü oxuyurdum.
Qutunu açdım. Üstdə eksporta gedən 100 qramlıq qara kürü bankaları idi. İkinci qatda cürbəcür araqlar. Üçüncü qatda şərablar. Dördüncü qatda “Şirvan” konyakları və şokolad qutusu. Səliqəylə kağıza bükülmüş halda ki, sınmasın. Qutunu ələk-vələk elədim. Mənim xəyalımda olanların heç birini tapmadım. Pərt olmuşdum. Atam isə gülümsəyirdi. Prezidentin göndərdiyi hədiyyələr ləzzət eləmişdi ona...

- Gördün, ay oğul, yeyib-içənçün Allah yetirər deyiblər.

Anam süfrəni düzəltdi. Atam qara kürü bankalarından və hədiyyə araqlardan    birini açdı. Zakuska kimi qara çörəyin üstünə yağ və kürü çəkdi. Badələri doldurdu. Ayaq üstə:

- Prezidentimizin payı çox olsun. Heydər müəllimin sağlığına!

Əvvəl axır mən də arzuma çatdım. 2003-cü ildə prezident hədiyyəsi olan, tam    təmirli “novostroyka”nın açarları cibimdəydi. Bu mənimçün ev idi. Atam üçünsə qiymət, prezident və dost hədiyyəsi...
 
“Heydər müəllim, gedəyin yüz-yüz vurayın”



Atamın 70 yaşı tamam olurdu. Prezident Heydər Əliyev evə zəng vurub, atamı təbrik etdi. Dedi ki, “axşam saat 8-də “Xəbərlər”ə bax. Sənə təbrik məktubu ünvanlamışam. Həm də “Şöhrət” ordeniylə təltif etmişəm. Yubileyini də    Respublika sarayında keçirəcəyik. Hazırlaş” . Prezidentin sözü ağzında qaldı.

- Yox, mən sarayı istəmirəm. Mən “Muzkomediya”nı istəyirəm. Səməd Vurğunun yubileyi orda olub, Süleyman Rüstəmin, Mirzə İbrahimovun, Məmməd Rahimin, Rəsul Rzanın... “Muzkomediya” yaxşıdır. Mən o boyda sarayı necə dolduracağam. Mənim o qədər qonağım yoxdur”.
Prezident atamla razılaşdı. Bir daha təbrik elədi. Sağollaşdı.

1997-ci il yanvarın 7-də təntənəli yubiley mərasimi keçirildi. Prezident Heydər Əliyev, hökumət və dövlət nümayəndələriylə birlikdə yığıncaqda iştirak etdi. Sonda isə atamı və ailə üzvlərini qəbul etdi. Görüşdən sadəcə bir məqamı çatdırmaq istəyirəm. Söhbətin sonunda atam yubiley mərasimini “İnturist”in “mərmər zalı”nda davam etdirəcəklərini bildirdi və prezidenti ora dəvət etdi.

- Heydər müəllim, uşaqlar yaxşı qutab bişiriblər. Gedəyin, bir yüz-yüz vurayın.
Belə hadisə 70 ildə bir dəfə olur. Hamınızı dəvət edirəm. Mənim özümü də dəvət ediblər.
Prezidentimiz də bunu gülə-gülə və çox səmimiyyətlə qarşıladı, minnətdarlığını bildirdi:

“Mən başqa vaxt səninlə yüz-yüz vuraram. Amma bu gün bu işi tapşırıram Anara”. Güldü. Atamı təbrik elədi, getdi.

Mən onda AzTV-də işləyirdim. Tədbiri lentə alan da iş yoldaşım Sakit Ocaqlı idi. O da fikirləşib ki, “Qabildir də, şairdir. Prezidentə, özü də Heydər Əliyev kimi adama belə söz demək olar? Desə də bunu efirə vermək olmaz”.
Montaj prosesində “100 qram” əhvalatını çıxarıb. Gecə saat 12-də “Xüsusi buraxılış” efirə gedəndən sonra aləm dəyib bir-birinə. Prezident əsəbi şəkildə sədrimiz Nizami Xudiyevə zəng edib, “qayçılanan” lentin bərpa olunması    göstərişini verib: “Mən Qabillə səmimi söhbət etmişəm, zarafatlaşmışam. Nə ixtiyarla həmin yerləri efirə verməmisiniz?”

Beləliklə montaj prosesi yenidən aparıldı. Heydər Əliyevlə Qabilin zarafat dolu, səmimi söhbəti ertəsi gün səhər, günorta, axşam, gecə buraxılışlarında tam şəkildə efirə getdi. 
 
Heydər yaxşı bilir...

Axşam çağı idi. Evdə oturmuşdu. Telefon zəngi gəldi. Uşaqlıq dostu, qonşumuz Nəbi Xəzri idi:

- Qabil, tədbirə gedirəm. Maşın var. Gəl səni də aparım.

Nəbi Xəzri qısa desəm “Dostluq” cəmiyyətinin sədri idi. Hökumət maşını vardı.

- Nə tədbir?

- Necə yəni nə tədbir. Türkiyənin baş naziri Məsud Yılmaz gəlib. Sarayda dövlət tədbiridir. Heydər Əliyevin iştirakıyla.
Yadından çıxıb?

- Məni saraya tədbirə-zada çağırmayıblar.

- Necə yəni çağrılmayıblar?

Elə dövlət tədbiri olmazdı ki, ora Qabil, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə dəvət olunmasınlar. Bu artıq protokol idi.

- Nəbi, çağırmayıblar da. Sən get. Axşam “Gülüstan” sarayında görüşərik. Prezident Heydər Əliyevin baş nazir Məsud Yılmazın şərəfinə verdiyi ziyafətdə.

- Nə “Gülüstan” sarayı... Məni ora çağırmayıblar, axı.

-  Ay, Nəbi. Heydər yaxşı bilir yeyib-içən Qabili hara çağırır, səni hara.

Səhəri Nəbi Xəzri tezdən yenə zəng elədi:

- Qabil, dövlət qəzeti alarsan.

- Niyə?

- Bilirsən nə oldu? Məsud Yılmaz böyük bir məruzə etdi. Sonda dedi ki, “bakılı şair Qabil Allahverdi oğlu demişkən”... və çıxışını sənin Azərbaycan-Türkiyə dostluğuna həsr olunmuş şeirindən bir parçayla bitirdi.

- Görürsən də Nəbi, sən orda olmusan, amma şeirini oxumayıblar. Mən isə evdə çay içirdim, amma orda şeirimi oxuyurdular.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...