Modern.az

Priqojinin qiyamı Putinin populyarlığını artırmaq üçün idi - Britaniyadan özəl şərh

Priqojinin qiyamı Putinin populyarlığını artırmaq üçün idi - Britaniyadan özəl şərh

25 İyun 2023, 13:34

Ötən gün "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldıraraq, Prezident Vladimir Putini devirəcəklərini bildiriblər. Dünən səhər saatlarında dünyanın gündəmini dəyişən olayla bağlı xalqa müraciət edən Putin "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib.

 

"Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, ardınca Lipetsk vilayətini ələ keçiriblər. Daha sonra Priqojin hakimiyyətlə razılığa gələrək, qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bəyan edib.

 

Məlum olub ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Bundan sonra hərbi qiyam dayandırılıb, "Vaqner"çilər ələ keçirdikləri əraziləri tərk edərək, öz düşərgələrinə qayıdıblar. 

 

 

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında Priqojinə qarşı açılmış cinayət işinə xitam veriləcəyini, onun Belarus ərazisinə məskunlaşacağını bildirib. 

 

Rusiyada hərbi qiyamın cəmi bir gün davam etməsi, bu müddət ərzində güc strukturlarının "Vaqner"in qarşısına çıxmaması şübhəli məqamların olmasına dair müzakirələri aktuallaşdırıb. Bəzi ekspertlər Rusiyadakı qiyam məsələsinin hakimiyyətin siyasi oyunu olduğunu düşünür. 

 

Maraqlıdır, əgər deyilənlər doğrudursa, belə bir tamaşa Moskvaya nə üçün lazımdır? 

 

 

Rusiyadakı son hadisələri Modern.az-a şərh edən britaniyalı məşhur politoloq Neil Uatson bildirib ki, dünən baş verən olayların çevriliş cəhdi olduğuna dərin şübhə ilə yanaşır.

 

“Aydındır ki, Priqojin uzun müddətdir hərbi rəhbərlərin müharibə strategiyasını tərtib etməsindən narazı idi və muzdluları üçün çıxış yolu axtarırdı. Son zamanlar Prezident Putinin populyarlığını artırmaq və mediada xoş təəssürat yaratmaq üçün hansısa tədbirə ehtiyacı var idi. Məncə, çevriliş hadisəsi bir növ buna hesablanmışdı. Bir damla qan tökülməməsi və Priqojinin cəzalandırılmaması məlum hadisənin hər iki tərəfə xeyir vermək üçün əvvəlcədən təşkil edildiyini deməyə əsas verir. Şübhəli məqamlar var. Lakin son hadisələr Rusiya tərəfində çarəsizlik elementinin olduğunu və rus xalqının münaqişədən bezdiyini göstərir”, - deyə  Neil Watson vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...