Modern.az

Mehriban Zəki “legionerdir” - “Xəzər Lənkəran”dan qat-qat güclüdür

Mehriban Zəki “legionerdir” - “Xəzər Lənkəran”dan qat-qat güclüdür

26 İyul 2013, 22:47

/file/articles/Futbol və teatr-kino sənəti. İkisiylə də uşaqlıqdan çox maraqlanıram. Həyatda iki sənətin sahibi olmağı daha çox arzulamışdım. Biri  artistlik idi, biri də futbolçuluq. Bu arzularım digər uşaqlıq xülyalarım kimi keçmişdə qaldı. Amma marağım azalmadı, əksinə artdı.

Azərbaycanın futbol komandalarında zənciləri və digər xalqların nümayəndələrini görəndə mənə qəribə gəlirdi. Amma sonra mənə başa saldılar ki, bunlar legionerdirlər. Və Azərbaycanın futbol qanunları ona icazə verir ki, hər komandada 8 legioner və 3 yerli futbolçu oynasın. Daha sonra bu qanun bir az da sərtləşdirildi. Mütənasiblik 7-nin 4-ə oldu. Yəqin yaxın illərdə bu nisbət yerli futbolçuların xeyrinə dəyişəcək. Bəs böyük pullar töküb xarici futbolçuları transfer edərək respublikaya gətirmək futbolumuza nələr vəd edirdi?

Loru dildə desək, xaricilər oynamalıydı, yaxşıca pullar qazanmalıydı, yeyib-içməliydilər. Bizimkilər isə onların aldığı pula, yedikləri yeməyə baxıb ağızlarının suyu axa-axa  öyrənməli, yetişməliydilər. Beləcə illər keçdi. Nəticə necə oldu? Deyə bilmərəm. Desəm bəlkə də məni qeyri-peşəkarlıqda suçlayarlar. Amma  məni bu yazını yazmağa “Xəzər Lənkəran”ın öz meydanında 0-8 hesabı ilə uduzması oldu.  Bilmirəm layiqli hesabdır, ya yox? Amma heyf Mübariz Mənsimovun bu sahəyə xərclədiyi pullardan. Daha doğrusu havaya sovurduğu milyonlardan.

“Mübariz Mənsimov” ad-soyadının yerinə futbol klubu sahibləri olan digər oliqarx və milyonerlərin adını da yazmaq olar. Mahiyyət və məna dəyişməyəcək. Futbolumuz yerində sayır. Daha doğrusu 7  legioner 4 azərbaycanlıya təsir etməkdənsə, 4 nəfər milli futbolçumuz 7 yazıq xaricinin  bildiklərini, təcrübələrini, sabaha inamlarını heçə endirib. Vətənlərinə qayıdanlar acından ölür.
“Azərbaycanda yaxşı idi. Yaxşı pul verirdilər. Burda – Kiprdə isə heç nə yoxdur. Nə perspektiv var, nə də pul”. Bu mənim dostum, “Bakı” futbol klubunun şərəfini qorumuş Marko Şarliyanın sözləridir.

Göründüyü kimi, biz azərbaycanlılar çox güclüyük. İstənilən xaricini öz ampluasından çıxarırıq. Çoxlu pul veririk ki, həm yaxşı oynayıb, həm də yaxşı öyrətsinlər. Nəticədə isə pul qalib gəlir. Nə yaxşı oynayırlar, nə də öyrədirlər. Legionerlikdən çevrilib milliləşirlər. Onlar pulu yox, pul onları idarə etməyə başlayır. Nəsə çox uzatdım. Bəs görəsən legioner futbolçularımızla, ümumiyyətlə futbolun əməkdar artist Mehriban Zəkiylə nə əlaqəsi?

İstər türk, istərsə də rus seriallarını diqqətlə, maraqla izləyirəm. Fikirləşirəm ki, görəsən milyonlarla büdcəsi olan AzTV niyə bu cür əsərlər lentə ala bilmir? Yaxud da ki, prezidentimizin serial çəkilişinə yönəltdiyi pullar niyə öz layiqli bəhrəsini vermir? Hamısı da yeni, tanımadığımız aktyorlar, rejissorlar. Bəzən serialın ssenari müəllifi də, rejissoru da, köməkçisi də, montajoru da, baş rolunun ifaçısı da eyni adam olur. Görəsən çəkilişlərə tanınmış aktyorları niyə cəlb etmirlər?

Məşhur Sovet aktyoru Armen Cigərxanyandan soruşurlar ki, “niyə filmlərə çəkilmirsiniz?” Cavab verir ki, “rejissorlardan mənə təkliflər gəlir. Mən mənə layiq olan qonorarı tələb edəndə qaçırlar. Mənə verəcəkləri qonarara 10 aktyor dəvət edib filmi ərsəyə gətirirlər. Beləliklə də qabağa düşürlər”. Əgər rus kino industriyasında vəziyyət belədirsə, onda Azərbaycandan danışmağa dəyməz. Mən də belə düşünürdüm. Dünənəcən. “Xəzər Lənkəran” öz meydançasında 0-8 hesabıyla uduzanacan. İndi isə nikbinəm.

Televiziyada “Sirr” seialı gedir. Musiqisi də gözəldir. Bütövlükdə serial baxımlıdır. Baş rolda əməkdar artist Mehriban Zəki çəkilib. Böyük aktyor kollektivi içindən bircə onu tanıyıram. Gözəl oynayır. “Pərvanələrin rəqsi” serialına da baxıram. Gözəl aktyor kollektivi var. İçərisində bircə xalq artisti Ramiz Novruzu tanıyıram. O biri aktyorlar tanınmasalar da, oyunlarına söz ola bilməz.

Belə çıxır ki, seriala bir tanınmış artistin dəvəti bütövlükdə serialın səviyyəsini yuxarı qaldırırmış. Bəs onda bir seriala beş-altı tanınmış aktyor dəvət olunsa necə olar? Əlbəttə ki, onlara yüksək qonorar verilməlidir. Bu aydındır. Amma əvəzində bu,  yeni istedadlı  aktyor nəslinin yetişməsinə təkan verməzmi? Əgər əməkdar artist Mehriban Zəki və ya xalq artisti Ramiz Novruz tərəf müqabili kimi çəkiliş meydançasında gənclərə master-klas keçə biliblərsə, nəticədə isə meydana normal bir serial gəlibsə, deməli fikirləşməyə dəyər.

Futbolumuzda 7 legioner 4 milli oyunçuya dərs keçə bilmir. Futbolumuz da biabır ola-ola gedir. Bir əməkdar artist Mehriban Zəki, yaxud da xalq artisti Ramiz Novruz isə yeni yaranan seriallarımızda  təkbaşına “legionerlik” missiyasını ləyaqətlə yerinə yetirirlər.

Bir haşiyə çıxım. Televizorda hərdən  Əliağa Vahiddən bəhs edən “Qəzəlxan” filminə baxıram. Sponsoru “Vahid Xeyriyyə cəmiyyəti”dir. Başçısı da türmədədir. Loru dildə desək “maşennikdir”. Amma adı filmin üstündədir. Filmlə tarixdə qalıb. Özü də əbədi.

Hörmətli oliqarx və milyonerlərimiz, bəlkə kinomuza da diqqət ayırasınız.  Mehriban Zəki kimi “legioner”lərimizin sayının artmasına kömək edəsiniz. Bəlkə onda adınız tarixdə qala. “Qızıl Fond”umuzda  qızıl hərflərlə həkk olunmaq istəyirsinizmi? İstəmirsinizsə... onda 8-0 Mahir Qabiloğlunun xeyrinə!

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu