Modern.az

Jurnalistin harayı - Bizi bu ölkədə doğulmağımıza peşman elədiniz, yazıqlar olsun…

Jurnalistin harayı - Bizi bu ölkədə doğulmağımıza peşman elədiniz, yazıqlar olsun…

Media

27 İyul 2013, 14:19

Aysel Əlizadə

Deməli belə...Bu gün dostlarımdan xeyli xoş sözlər eşitdim. “Aysel xanım, bu ev məsələsində bir kəlmə danışmadınız, illərlə mediada çalışmanız, gördüyünüz işlər bir kənara dursun, nikahı pozulmuş, əliuşaqlı tək ana kimi ən çox sizin haqqınızdı ev almaq, amma heç söz etmədiniz bu mövzuda” - dedilər. Birdən fikirləşdim ki, gerçəkdən heç ağlıma da gəlməyib bütün bunlar.

Ətəyini başına çəkən kişilərdən fərqli doğrudan da heç danışmamışam, heç düşünməmişəm bu haqda. Ev istəmək...əsla! Ancaq axşam gələndə anam məni sarsıdan, doğrudan doğruya içimi alt-üst edən bir xəbər verdi. Sizə “binamızı təmir edirlər, dırıltıdan aylardı nə gündüzümüz, nə gecəmiz var” demişdim. Hələ pəncərələrimizə geydirilən qara şüşələrin gün işığından bizi məhrum elədiyini, binanın dəxilsiz alkopan üzlüyünü kənara qoyaq.

Bu gün hansısa “ciddi” nümayəndə gəlib anama deyib ki, “evinizin artırmasını sökəcəyik, hazırlaşın”. Mən 35 illik ömrünü şərəflə müəllimlik edən bir qadının övladıyam. O isə ömrünün 55 ilini müəllim olan alim ananın övladı. 90 illik zəhmətdi bu mənzil! Mənim bütün nəslim müəllim, jurnalist, ziyalıdı. Bir məmləkət üçün necə vətəndaş olmaq və necə çalışmaq lazımdı ki, sənin özəl evinə kimsə burun soxmasın?!

Özüm barədə də çox şeyi bilir hər kəs. İllərlə çalışımışıq bu ölkədə, hər xırda işdən dövlətə vergi ödəmişik. İcazə veriblər, biz də eyvanımızı bir metr artırmışıq. Bu evdə iki ziyalı qadın və bir körpə yaşayır. İndi bu bir metr necə oldu ki, qəfildən qanunsuz sayıldı və sökülməli oldu?! Bu söküntü zamanı biz nə yaşayacağıq, bu toz-torpaq, dağılmış eyvan və açıqda qalmış mənzilə görə kim hesab verəcək? Niyə durduq yerdə bu məmləkətdə evimizin içində gəlib əsəblərimizdə oynayırlar? Kimə ünvanlanmalıdı bu suallar, buna nə ad verilməlidi, gerçəkdən bilmirəm.

Əvvəlcə icazələr sonra qadağalar olan yerdə sorumlu kimdi? Bilirəm ki, torpaq-torpaq, sahə-sahə, mərtəbə-mərtəbə evləri, mülkləri, obyektləri olanların nəfsi, dünyagörüşü, arzuları və özləri bizə çox-çox yaddı. Biz onların ucsuz-bucaqsız sahələrindən, xalqın boğazından, cibindən kəsilib də sahib olduqları yerlərdən pay istəmirik. Bu barədə heç kafa yormuruq. Halal xoşları, onlar da həyatı o cür dərk edirlər, o cür qavrayırlar.

Mən sadəcə dostluğumda olan media nümayəndələrinə, KİV-lərdə çalışan həmkarlarıma üz tuturam. Bu məsələni ictimailəşdirmək istəyirəm. Ən azı bu durumda olan, eyni gərginliyi yaşayan vətəndaşların səsinə səs vermək üçün. Əsəbiyəm, yorğunam, prezidentin belə bir qərarı var, yoxdu- onu araşdırmaq həvəsində deyiləm. Bircə eşitmişəm deyib ki, söküntü işlərini elə aparın vətəndaşlar narahat olmasın və böyük olmayan artırmaları sökməyin. Bizimki isə vur-tut 1 metrdi. (Azadlıq pr. 28/ 188. (8 mkr. Binəqədi rayonu) Mənə ev-zad lazım deyil, eyvanıma dəyməyin!

P.S. Bizi bu ölkədə doğulmağımıza peşman elədiniz, yazıqlar olsun…

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı