Modern.az

Emin Sabitoğlunun “ikinci baharı” - FOTOLAR

Emin Sabitoğlunun “ikinci baharı” - FOTOLAR

Reportaj

9 Sentyabr 2013, 06:35

Modern.az saytının “İkinci bahar” adlı rubrikasında ictimai, siyasi, mədəni, idman və digər sahələrdə tanınmış simaların birinci və ikinci evliliyindən söhbət açılır...

Bəzən birinci evlilikdə oxu daşa dəyən qadın və ya kişiyə tale irəli yaşlarda “ikinci bahar” adlandırılan ikinci evlilik yaşamaq nəsib edir. Və o zaman əsl ailə xoşbəxtliyinə qovuşan insan həyatın yalnız qara və ağdan ibarət olmadığını anlayır. Keçmişin mənfi düşüncələrindən azad olur, yeni gün, yeni arzu və istəklə həyata bağlanır...

Rubrikamızın budəfəki təqdimatı Azərbaycanın xalq artisti, bir çox məşhur mahnıların müəllifi,  mərhum bəstəkar Emin Sabitoğlu barəsindədir. O Emin Sabiroğlu ki, musiqinin müxtəlif janrlarında bir çox dəyərli əsərlərin müəllifidir və həmin əsərlər bu gün də sevə-sevə dinlənilir, mahnıları dillər əzbəridir.


600-dən çox mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyən bəstəkarın tamaşalara yazdığı musiqilərsə o qədər çoxdur ki, deyilənə gröə onların sayını heç özü də doğru-dürüst bilmirdi.
”Dərələr", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Dağlar", "İnsaf da yaxşı şeydir" və dillər əzbəri olan neçə-neçə mahnılar Emin Sabitoğlu həyatda olmasa da, onun yaradıcılığını bu gün də yaşatmaqdadır...

Böyük şöhrətə gedən yol...

Emin Sabit oğlu Mahmudov 1937-ci il noyabrın 2-də yazıçı-dramaturq, əməkdar incəsənət xadimi Sabit Rəhmanın ailəsində doğulub. Ailədə Eminin özündən başqa iki bacısı da doğulub.

Emin Sabitoğlu ilk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki onillik orta ixtisas musiqi məktəbinin fortepiano sinfində alıb. İlk bəstələri 7-ci sinifdə – Midhət Əhmədovun uşaq yaradıcılığı sinfində oxuyarkən yaranıb. Sonra o, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə – dahi bəstəkar Qara Qarayevin sinfinə daxil olub, iki ildən sonra P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirərək görkəmli rus bəstəkarı, professor Y.Şaporinin sinfini müvəffəqiyyətlə bitirib.


Sabit Rəhman kimi tanınmış ədəbiyyat xadiminin ailəsində böyümək, evlərində daim məşhur şair və yazıçıları görmək, dinləmək sözsüz ki, Emin Sabitoğlunun insan və sənətkar kimi formalaşmasına da böyük təsir göstərib.

Onun yaradıcılığı milli musiqi mədəniyyəti salnaməmizin dəyərli səhifələrini təşkil edir
E.Sabitoğlu 40 ildən artıq davam etmiş yaradıcılıq dövründə musiqinin müxtəlif janrlarında çalışıb. Lakin bəstəkar mahnı, musiqili komediya, kino və teatr musiqisi sahələrində xüsusilə məhsuldar işləyib.

Bəstəkarın mahnıları Şövkət Ələkbərova, Flora Kərimova, Rəşid Behbudov, Yalçın Rzazadə, Hüseynağa Hadıyev, Mirzə Babayev, Zeynəb Xanlarova, Akif İslamzadə, Xədicə Abbasova, Azər Zeynaov, Anatollu Qəniyev kimi dəyərli sənətkarların repertuarında aparıcı yer tutub.

Bəstəkarın musiqi yaradıcılığı ilə yanaşı, respublikamızda musiqiçi kadrların yetişdirilməsi sahəsindəki pedaqoji fəaliyyəti də səmərəli və təqdirəlayiq olub. O, uzun illər Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq kafedrasında çalışaraq müəllimlikdən Konservatoriyanın professorluğuna qədər yüksəlib.

E. Sabitoğlu 1994-cü ildən ömrünün sonunadək Türkiyə Respublikasında öz pedaqoji fəaliyyətini davam etdirərək İstanbul Texniki Universitetinin «Türk xalq musiqisi» şöbəsində çalışıb.
Ömrünün son altı ilini Türkiyədə keçirən Emin Sabitoğlu 18 noyabr 2000-ci il tarixində Bakıda vəfat edib.


İlk evlilik... tək övlad


Emin Sabitoğlunun ilk həyat yoldaşı Cəmilə xanım olub. Onlar hələ kiçik yaşlarından tanış idilər, Bülbül adına məktəbdə bir sinifdə oxuyublar. Aralarındakı dostluq, sevgi münasibətləri də elə məktəb illərindən yaranmışdı.

Bülbül adına musiqi məktəbi qurtarandan sonra Emin və Cəmilə cütlüyü konservatoriyaya daxil olur. 1962-ci ildə isə uzun müddət br-birini sevən cütlük evlənirlər.

1964-cü ildə bu evlilikdən onların bir qız övladı dünyaya gəlib. Emin Sabitoğlu qızı Ceyranı öz sənəti, peşəkarlığı, musiqiyə münasibəti, davranışı və həyata baxışı ilə tərbiyə edib.

Görkəmli bəstəkarla bağlı bölüşülən xatirələrdə onun sakit və qapalı, eyni zamanda qayğıkeş, yorulmadan çalışqan insan olduğu bildirilir.

Övlad xatirələri...

Ceyran Mahmudova Emin Sabitoğlunun yeganə övladı olub.

"Mən tək övlad olmuşam. Mənim tərbiyəmlə, təhsilimlə daha çox anam Cəmilə xanım məşğul olub. Atam gur yaradıcılıq həyatı yaşadığı üçün bu işə bilavasitə vaxt ayıra bilmirdi”-deyə Ceyran Mahmudova atası ilə bağlı xatirələrini bölüşərkən qeyd edib.


“...Atam çox istedadlı insan idi. Moskva Konservatoriyasına imtahan verərkən onun simfoniyası “əla” qiymətləndirilmişdi. Ötən əsrin altmışıncı illərində isə Moskvada “əla” qiymət almaq hər adamın işi deyildi...
.... Atamın sayəsində mən lap kiçik yaşlarımdan ən gözəl musiqi sədalarını dinləmişəm. Xüsusən Üzeyir bəyin musiqisi evimizdən əskik olmurdu. Onun çevrəsi də çox maraqlı insanlardan ibarət idi. Anar, Vaqif Səmədoğlu, Araz Dadaşzadə. Ataların dostluğu övladlarına keçmişdi. Özü də onlar ədəbiyyat adamı, atam isə musiqiçi olduğu üçün söhbətləri lap yaxşı tuturdu. Evimizdə daim yeni bədii əsərin müzakirəsi olurdu....
... Emin Sabitoğlu nadir bəstəkarlardandı ki, onun mahnılarında melodiya ilə mətn arasında mütləq bir harmoniya var. Atam sanki bütünlüklə melodiyadan ibarət idi. Mahnılarını çox rahat bəstələyirdi. Vəzifəpərəst, intriqalara meylli insan olmadığı üçün fikri yalnız musiqi ilə məşğul idi. Əlinin altında nə olsaydı, notları onun üstünə qeyd edirdi. Hər dəfə də mahnı hazır olandan sonra bizim üçün çalırdı. Deyirdi, qulaq asın görün, hansısa başqa mahnıya oxşamır ki? Bu, onun üçün prinsipial məsələ idi – heç kimə bənzəməmək...”.

Qeyd edək ki, mərhum bəstəkarın qızı Ceyran Mahmudova hazırda xalq musiqisi tarixi və nəzəriyyəsi üzrə Bakı Musiqi Akademiyasının müəllimi, professorudur. Musiqişünas eyni zamanda “Mədəniyyət kanalı”ndakı "Musiqi Xəzinəsi" verilişinin aparıcısıdır.


... və ayrılıq...

Emin Sabitoğlu, eləcə də ailə üzvləri şəxsi həyat barədə heç vaxt geniş danışmaq istəməyib və bununla bağlı suallardan əksər hallarda yayınıblar. Onun birinci həyat yoldaşı ilə ayrılmasına səbəb bir vaxtların tanınmış müğənnisi Xədicə Abbasova ilə münasibətlərini rəsmiləşdirməsi olub.

Emin Sabitoğlu birinci həyat yoldaşından ayrılsa da, onunla, çox istədiyi yeganə övladı ilə əlaqəni heç vaxt kəsməyib.

Qızı Ceyran xanımın sözlərinə görə, ömrünün son altı ilini Türkiyədə yaşayan Emin Sabitoğlu o illərdə hər bazar günü Bakıya zəng edib onların dolanışığı, səhhəti ilə maraqlanırmış.

Bəstəkarın “ikinci bahar”ı


Emin Sabitoğlunun həyatında dəyişiklik tanınmış müğənni Xədicə Abbasova ilə münasibətləri yaranandan sonra baş verib. Və o, Xədicə xanımla yeni münasibətlərini rəsmiləşdirir.

Ailəsi, həyat yoldaşı, qızı bu hadisəni yaxşı qarşılamasa da, Xədicə Abbasovaya olan məhəbbəti Emin Sabitoğlunu yolundan döndərmir və onu qəti addım atmağa məcbur edir, bəstəkarın “ikinci baharı” başlayır.
Beləcə Xədicə Abbasova ilə evləndikdən sonra bəstəkarın həyatı dəyişir. 1994-cü ildə isə onlar yenicə müstəqillik qazanmış Azərbaycanı tərk edərək qardaş ölkəyə - Türkiyəyə çalışmağa gedirlər.
Bəstəkar 1994-cü ildən ömrünün sonunadək Türkiyədə pedaqoji fəaliyyətini davam etdirərək İstanbul Texniki Universitetinin «Türk xalq musiqisi» şöbəsində işləyir.

Xədicə xanım isə universitetlərin birində ingilis dili müəllimi kimi çalışır. 2000-ci ildə bəstəkarın vəfat etməsi Xədicə Abbasovanı da tədricən musiqi aləmindən uzaq salır.

Emin Sabitoğlunun vəfatından bir müddət sonra Xədicə Abbasova müğənniliyi ataraq biznes fəaliyyətilə məşğul olmağa başlayır. Bu gün artıq o, işgüzar xanım kimi fəaliyyət göstərir.



Müsahibələrinin birində Xədicə Abbasova Azərbaycanla yaradıcılıq əlaqələrini bərpa etməyi düşünmədiyini də bildirib.


"Musiqi ilə, demək olar ki, məşğul olmuram. Çünki işgüzar fəaliyyətim buna imkan vermir. Amma boş vaxtlarımda Eminin bəstələrini, öz lent yazılarımı dinləyirəm. Dostların məclisində hərdən oxuyuram. Musiqidən özümü təcrid etməyi düşünmürəm. Maddi durum üzündən, yaradıcılıqdan müvəqqəti uzaqlaşa bilərəm, amma bu, daimi olmayacaq".

Bir dəfə Türkiyənin "Star" telekanalına müsahibəsində Xədicə Abbasova doğma vətəni Azərbaycanda konsert vermək istədiyini və bunu təmənnasız olaraq gerçəkləşdirmək arzusunda olduğunu dilə gətirir. Lakin hansı səbəbdənsə müğənni bunu həyata keçirə bilmir.
O, biznes fəaliyyətilə əlaqədar bir ara Afrikada yaşayır, eyni zamanda Türkiyə ilə əlaqələrini də kəsmir.
Hazırda Azərbaycandan çox-çox uzaqlarda yaşayan Xədicə Abbasovanın nə vaxtsa vətənə dönəcəyi istisna deyil... O özü ömrünün sonlarını duğulduğu torpaqda keçirmək istədiyini söyləyib...


A.Qorxmaz

***
Həmçinin oxu

Fransız qadının dünyaya gətirdiyi dahi azərbaycanlı haqqında bilmədiklərimiz - FOTOLAR
//modern.az/articles/40683/1/


Rüstəm İbrahimbəyovun “İkinci bahar”ı - FOTOLAR
//modern.az/articles/41430/1/

Rafiq Hüseynovun “İkinci bahar”ı - FOTOLAR+VİDEO
//modern.az/articles/41664/1/

Müslüm Maqomayevin “İkinci baharı” - FOTOLAR
//modern.az/articles/42824/1/

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?