Modern.az

“Teatr direktoru Elçin Əfəndiyevlə Kamal Abdullanın da üzünə qapıları bağlayacaq”

“Teatr direktoru Elçin Əfəndiyevlə Kamal Abdullanın da üzünə qapıları bağlayacaq”

17 Sentyabr 2013, 11:23

Yazıçı-dramaturq Firuz Mustafa Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib. Modern.az-a açıqlamasında F. Mustafa deyib ki, ötən il 33 pyesinin premyerası olub:

“Dram Teatrının direktoru İsrafil İsrafilov deyib ki, “mən Firuz Mustafanın pyesini tamaşaya qoymaq istəyirdim. 12 pyesini oxudum və gördüm, yox, bu pyeslərdən birini də tamaşa qoya bilmərik”. İsrafil İsrafilov səbəbini açıqlamır. Mənə belə gəlir ki, o ya özünü hələ bu əsərləri tamaşaya qoymağa hazır, ya da oxuduğu əsərlərin mahiyyətini dərk edə bilmir”.

F. Mustafa bildirib ki, onun İsrafil İsrafilovla nə şəxsi ədavəti, nə də düz-əməlli tanışlığı var:

“Bir dəfə ötəri görüşmüşük. Əsərim repertuar planına daxil edilmişdi. Onda İsrafilov teatra təzəcə direktor təyin olunmuşdu. Aradan bir az keçmiş eşitdim ki, pyesi repertuardan çıxarıb. Səbəb nədir, bilinmir. Əsərə rejissor Ağakişi Kazımov quruluş verməli idi, bəlkə onunla baxışları haçalanıb”.

Dramaturq hesab edir ki, hamı basmaqəlib təxəyyüllü, trafaret düşüncəli, monoton baxışlı İsrafilov kimi olmamalıdır. Hər bir yaradıcı adamın bu dünyaya özəl, fərqli bir baxışı var.

“İsrafilov gələndən “Azdrama”da bir normal tamaşa hazırlanmayıb. Orada ən “gənc” müəllifin yaşı 65-i keçib. O, daha çox kimin əsərini tamaşaya qoyur və ya buna can atır? Vəzifəli adamların. Elçin Əfəndiyev və Kamal Abdulla istedadlı dramaturqlardır. Amma sabah onlar da vəzifədən getsələr, İsrafilov onların üzünə qapıları bağlayacaq. Bu adam özünü teatrşünas hesab etsə də, uzun müddət məmur işləyib. Heç kəsi bəyənməmək, özünü hamıdan ağıllı hesab etmək, – görünür, bu da bir xəstəlikdir”.

 

İntiqam Valehoğlu 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu