Modern.az

"Uzaq Qafqaz ümidi - Azərbaycanda alman izləri"

"Uzaq Qafqaz ümidi - Azərbaycanda alman izləri"

22 Aprel 2010, 17:50

Almaniyanın Ştutqart şəhərində "Uzaq Qafqaz ümidi- Azərbaycanda alman izləri" sənədli filminin təqdimatı olub. Film Azərbaycanın “Salnamə” studiyası və Almaniyanın “Züdost” informasiya (mətbuat) agentliyinin birgə iştirakı ilə çəkilib. Alman dilində hazırlanmış 82 dəqiqəlik bu filmin rejissoru Mojkan Ehraridir. Qeyd edək ki, filmin hazırlanmasına Azərbaycanın Almaniyadakı səfirliyi də dəstək verib. Məsləhətçilər arasında Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru Samirə Patzer-İsmayılovanın da adı var.  "Uzaq Qafqaz ümidi-Azərbaycanda alman izləri" sənədli filminin məzmunu beledir: “Hadisələr Qafqaz sıra dağlarının ətəyində yerləşən bir alman kəndinə-Azərbaycanın Göygöl rayonundakı Helenendorf kəndinə aiddir. 80 il əvvəl bu kənddə, həyatı ciddi qayda-qanunla nizamlanmış alman koloniyasında Otto Hurr və Günter Hummel doğulub. Söylədiklərinə görə, onlar axar çay kənarında sonsuz oyunlarla, “toyuq-cücə oğurluğu”, yeni tikilmiş musiqi məktəbində fortepiano dərsləri ilə yaddaşa həkk olan xoşbəxt uşaqlıq çağları yaşayıblar. XIX əsrdə Vürttemberq əyalətinin şəhər və kəndlərindən Azərbaycana pənah gətirmiş alman köçkünləri milli adət-ənənələrini də özləri ilə birgə gətiriblər. Burada böyüyən nəsil öz mədəniyyətindən, milli ənənələrindən uzaqlaşmayıb. Lakin xoşbəxt uşaqlıq o dövrlərdə SSRİ-də baş alıb gedən faciəvi deportasiya ilə sona çatıb. 1941-ci ildə İ.Stalinin əmri ilə Azərbaycanda məskən salmış 20 min almanın artıq bu ölkədə doğulmuş, böyümüş nəsli Qazaxıstan və Sibirə sürgün olunub. Bu gün sürgündən sağ çıxan almanların Rusiya almanları adlandırılan gənc nəsli Almaniyada yaşayır. Onlar köçkün yoxsa yerli əhalidir? Azərbaycandakı almanlarının bu günkü davamçıları ölkəmizdə indiyə qədər yaşayan həmvətənlərinin izlərini axtarırlar. Onlar Helenendorfun-Azərbaycandakı alman kəndinin salnaməsini yazmaq fikrindədirlər. 71 yaşlı Gizela Rasper və onun 18 yaşlı nəvəsi Sara həmin izləri bərpa edən almanlardandır.” Sənədli filmin müəllifləri Alman və Azərbaycan tarixçiləri, həmin kəndin əhalisi və canlı şahidlər vasitəsilə şərabçılıqla məşhur olmuş Helenendorf kəndinin həyatını yenidən canlandırmağa çalışıblar.

Bu layihəni Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Almaniyanın Xarici İşlər Nazirliyi və “EnBV” Enerji Baden-Vürttemberq AG maliyələşdirib. Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir