Modern.az

İlin sonuna kimi pay-pointlərin sayı 2 dəfə artırılacaq

İlin sonuna kimi pay-pointlərin sayı 2 dəfə artırılacaq

27 Sentyabr 2013, 10:18


Bu gün ölkədə kommunal xərclərin böyük hissəsi ticarət, biznes mərkəzlərində, metro stansiyalarında, supermarketlərdə, hava limanında, vağzallarda quraşdırılan ödəniş köşkləri (pay-point) vasitəsilə həyata keçirilir. Ödəniş terminalları ideyası istifadəçilərin rahatlığı üçün düşünülmüş və elmi-texniki inkişafın amillərindən biri kimi çıxış edir.

“Komtec” şirkətinin servis brendi olan pay-pointlər ölkəmizdə ilk dəfə 2009-cu ildən fəaliyyətə başlanılıb. Şİrkətin  strateji inkişaf üzrə direktoru Fərid İsmayılzadənin Modern.az-a verdiyi məlumata görə, hazırda ölkə ərazisində 500-ə qədər ödəniş köşkü fəaliyyət göstərir, ilin sonuna kimi onların sayının 1000-ə çatdırılması nəzərdə tutulur.

“Ödəniş köşklərinin üstün cəhətlərindən biri odur ki, ödəniş etmək üçün poçta və ya provayderin ofisinə getmək, vaxt itirmək, maşını saxlamağa yer axtarmaq lazım deyil. Sadəcə, ödəniş terminalına yaxınlaşaraq “bir pəncərə” prinsipi ilə 2-3 dəqiqə vaxt sərf etməklə bütün ödənişləri həyata keçirmək mümkündür. Terminallarda bütün ödənişlər onlayn qaydada həyata keçirilir və ödənilən pul vəsaiti dərhal istifadəçinin balansına və ya şəxsi hesabına köçürülür”.

Şirkət rəsmisinin sözlərinə görə, artıq ödəniş köşkləri vasitəsilə vətəndaşlar nəinki kommunal, hətta kredit ödənişlərini həyata keçirə bilirlər. “Hazırda pay-point terminalları vasitəsi ilə “Dəmirbank” və “Turanbank”ın kreditlərinin ödənilməsi mümkündür. Növbəti mərhələdə “Agbank”, “Bank of Baku”, “Bank Respublika”, “ASB Bank”, “SilkWay bank” və “Unibank”ın sistemə qoşulması gözlənilir. Həmçinin,  ölkənin iki böyük qeyri-bank kredit müəssisəsi – “AzərKredit” və “Finka” ilə sistemə qoşulmaq haqqında müqavilə imzalanıb”.

F.İsmayılzadə əhaliyə kütləvi xidmətlər göstərilməsi sahəsində ixtisaslaşan təxminən 40 şirkətin pay-point sisteminə qoşulduğunu bildirir: “Bütün internet provayderləri, mobil rabitə və kabel TV, şəhər telefon və kommunal xidmət operatorları adından ödənişləri qəbul edirik və göstərdiyimiz xidmətlərin siyahısı daim artır. Məsələn, yaxın vaxtlarda bizim köşklər vasitəsi ilə “Azərloto” lotereyası alaraq bəxtinizi sınamaq mümkün olacaq. Onlayn oyun həvəskarlarını da sürpriz gözləyir: bu bölməyə populyar oyunlar əlavə ediləcəkdir. Hələlik terminal yalnız nağd ödənişləri qəbul edir. Hazırda mütəxəssislərimiz nağdsız ödənişlərin, yəni bank kartları vasitəsi ilə ödənişlərin qəbul edilməsinin tətbiqi üzərində çalışırlar. Bundan əlavə, yaxın vaxtlarda sistemdə “elektron pulqabı” adlandırılan xidmət növü istifadəyə veriləcəkdir ki, abunəçilər onun sayəsində öz xərclərini evdən və ya ofisdən planlaşdıra bilərlər.

Vətəndaşlar ödənişləri PC-kassirlər işləyən yerlərdə və ölkənin 30 bankında həyata keçirə bilərlər. Biz AgentPay adlandırılan xüsusi proqram təminatı hazırlamışıq. Onun sayəsində 30-dan artıq bankın bütün filiallarında bizim sistemdə təmsil olunan operatorların adından ödənişlər qəbul olunur. Bunun üçün sadəcə PC-kassirə və ya bankın əməliyyatçısına ödənilən xidməti və həmin xidmətdə öz kodunuzu (istifadəçi adı, müqavilənin nömrəsi və ya abunəçi kodu) bildirməyiniz kifayətdir”.

Gültəkin ƏLƏSGƏR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı