“Ümumtəhsil məktəblərində dərslik çatışmazlığı problemi yoxdur”. Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilir. “Lakin bəzi məktəblərin, xüsusilə I sinif şagirdlərinin sayı ilə bağlı verdiyi proqnozlardakı uyğunsuzluqlarla və 6 yaşı dekabrın sonunadək tamam olacaq xüsusi istedadlı uşaqların I sinfə qəbulu ilə əlaqədar, yuxarı siniflərdə isə yerdəyişmə və digər səbəblərdən dərsliklərin çatdırılmasında ləngimələr var və bunu nəzərə almaq lazımdır. Bu məsələ az müddətdə həllini tapacaqdır və nazirliyin nəzarətindədir. Nazirliyin sifarişi hesabına çap olunan dərsliklər məktəblərə verilir və kodlaşdırılır”.
Nazirlik eyni zamanda Gürcüstanda olan azərbaycandilli məktəblərdə dərsliklərin çatışmazlığı məsələsinə də aydınlqı gətirib. “2009-2010-cu tədris ilinədək hər il Gürcüstandakı azərbaycandilli məktəblər lazım olan bütün dərsliklərlə Təhsil Nazirliyi tərəfindən təmin olunub. Son 3 ildə bizdən asılı olmayan səbəblərdən Gürcüstana dərslik verilməsində problemlər yaranıb və bu iş dayanıb. Hökumətlərarası razılaşma əldə edildikdən sonra ayrı-ayrı siniflər üçün 28015 ədəd “Azərbaycan dili” və “Ədəbiyyat” dərslikləri sənədləşdirilib və bu günlərdə ünvanına çatdırılacaq”.
Təhsil Nazirliyi eyni zamanda ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi ilə bağlı yeni qaydaların ictimaiyyətə açıqlanacağını bildirib. Qeyd edilib ki, Təhsil Nazirliyi tərəfindən tələbələrin köçürülməsi ilə bağlı yeni qaydaların layihəsi hazırlanıb və hazırda müvafiq struktur bölmələrində geniş müzakirə olunur. Həmin layihə təsdiq edildikdən sonra onun əsas müddəaları geniş ictimaiyyətə çatdırılacaq.
Aytən ƏLİYEVA