Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu erməni xəbər saytı “news.am”-a müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra məqamlara toxunub. O, müzakirələrin hər iki ölkənin ziyalılar səviyyəsində aparılmasının vacibliyindən də söz açıb.
P. Bülbüloğlu təəssüflə bildirib ki, Azərbaycan və Ermənistan ziyalıları səviyyəsində qarşılıqlı əlverişli atmosferin yaradılması yönündə səylərin davamı gəlməyib.
Məsələ ilə bağlı Modern.az-a danışan Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü, millət vəkili Rövşən Rzayev isə qeyd edib ki, ziyalılar, mədəniyyət adamları formatında görüşlər zaman-zaman baş tutub. “Bununla yanaşı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının da yeni təşəbbüsləri mövcuddur. Biz çox maraqlıyıq ki, Dağlıq Qarabağın erməni icması ilə bizim icmanın görüşləri reallaşsın”.
İcma təmsilçisi vurğulayıb ki, erməni tərəfi bir çox səbəblər üzündən belə görüşlərdən qaçır. “Ancaq bu çox çəkməyəcək və məsələ həllini tapacaq. Rəsmi Yerevan öz yalançı siyasətilə Dağlıq Qarabağın erməni icmasını kənarda saxlamaq niyyətindədir”.
Aqşin Kərimov