Tanınmış hüquqşünas Aslan İsmayılov Azərbaycan Sosial-Demokrat Partiyasının prezidentliyə namizədi Araz Əlizadənin vətən xaini, özünü separatçı “Talış Muğan Respublikasının” rəhbəri elan etmiş Ələkrəm Hümmətovla əlaqəsi barədə danışıb.
Modern.az-ın xəbərinə görə, A.İsmayılov bu barədə deyib:
”Araz Əlizadə Ələkrəm Hümmətovla əməkdaşlığını təkzib etməsə, bu mövzuya toxunmazdım. 1993-cü ilin 7 iyun tarixində işlədiyim Prezident Aparatından ictimai-siyasi vəziyyəti öyrənmək üçün Lənkərana ezamiyyətə göndərildim. Elə həmin gün rayonun bütün rəhbərliyi ilə və Ələkrəm Hümmətovla ayrı-ayrılıqda söhbətlərim oldu. Xüsusilə Ələkrəm Hümmətovla görüşdə durumun faciəli olduğunu anladım. Səhəri gün rayon aktivi ilə görüşdən sonra xəbər aldıq ki, bir neçə nəfər polis işçisini Hümmətovun adamları oğurlayıb, dağlara çəkiliblər. O dövr polis rəisi olan Əlövsət Abbasov başda olmaqla heç kim polisləri azad edə bilmirdi. Elə bu məqamda Araz Əlizadə peyda oldu və söz verdi ki, Ələkrəm Hümmətovla danışıb, polisləri azad edəcək. Düzü buna inanmadım. Ancaq Arazın Ələkrəmlə söhbətindən az sonra polislər azad edildi. Bundan sonra Arazın Ələləkrəmlə münasibətini araşdırdıqda onların bir komandada olduğuna əmin oldum.
Ancaq çox heyf ki, qayıtdıqdan sonra Ələkrəmin və havadarlarının Azərbaycanı parçalamaq, "Talış-Muğan Respublikası" yaratmaq haqqındakı fikirlərimi ciddiyə alan olmadı”.
Ə.Hümmətov 1993-cü ildə elan etdiyi sepatçı “Talış-Muğan Respublikası” qısa bir vaxt ərzində Azərbaycanda ciddi etirazla qarşılanıb və bu avantüra suqut edib. Ə.Hümmətov uzun illər həbsdə qaldıqdan sonra 2004-cü ildə vətəndaşlıqdan məhrum edilərək, ölkədən deportasiya olunub. O, hazırda hollandiyada yaşayır.
Bir neçə gün öncə Ermənistana və Dağlıq Qarabağa səfər edən Ələkrəm Hümmətov Azərbaycanın düşmənlərilə öpüşüb-görüşərək, bir daha vətən xaini olduğunu nümayiş etdirdi.
Modern.az