“Kilsə zənglərinin azan səsindən çox olması ilə bağlı fikir səsləndirən insanın tolerantlığına şübhə ilə yanaşmaq lazımdır. Azərbaycan dinindən, milli mənsubiyyətindən asılı olmayaraq hər kəsin birgə yaşadığı gözəl məkandır”. Bunu Modern.az-a açıqlamasında Milli Məclisinin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib. O, Ədalət Partiyasından prezidentliyə namizəd, millət vəkili İlyas İsmayılovun səlahiyyətli nümayəndəsi Mütəllim Rəhimlinin kilsə zənglərinin azan səsindən çox olması barədə dediklərinə münasibət bildirərkən qeyd edib ki, Azərbaycan həmişə bütün dinlərə hörmət edib.
“Sivilizasiyaların kəsişməsində yerləşən Azərbaycan dinlərə hörmət etdiyini dünyaya bəyan edir. Azərbaycanda məscidlərlə yanaşı, xristian dini obyektləri də mövcuddur və onlar da azad fəaliyyət göstərir”.
Komitə sədri vurğulayıb ki, xristian dininin ardıcılları da öz dini məbədlərində ibadət edir, ayinləri icra edirlər. Millət vəkili vurğulayıb ki, bu, dövlətin vətəndaşlara verdiyi hüquqdur. Konstitusiyanın müddəalarını xatırladan deputatın sözlərinə görə hər bir ölkə vətəndaşı istədiyi dinə etiqad edir. “Bu baxımdan Azərbaycanda olan dini məbədlər, xristian kilsələri, yəhudi dini icmalarına məxsus sinaqoqlar sərbəst fəaliyyət göstərir və onların işinə müdaxilə yolverilməzdir. Ölkəmizdə azanın səsi ilə bərabər, kilsə zənginin olması da normal bir haldır. Öz dininə hörmət edən hər bir kəs başqasının da dini əqidəsinə böyük hörmətlə yanaşmalıdır”.
R. Aslanova bildirib ki, dini ayrı-seçkilik qarşıdurma yaratmaq cəhdlərinə xidmət edir. İstər azan, istərsə də kilsə səsi insanı saflığa, müqəddəsliyə, ülvi hisslərə çağırır. “Nə gözəl olardı ki, insanların bu səsləri eşitmək qabiliyyətləri olsun. Buna görə də heç bir qorxuya ehtiyac yoxdur. Azərbaycanda qorxurlar ki, xristian dininin tərəfdarlarının sayı artar. Bu ölkədə azan səsləri də yüksələcək, kilsə zəngləri də ucaldılacaq”.
Aqşin Kərimov