Modern.az

YAP Siyasi Şurasının üzvü: “Prezidentin qorunması ilə bağlı qanuna ehtiyac var” - AÇIQLAMA

YAP Siyasi Şurasının üzvü: “Prezidentin qorunması ilə bağlı qanuna ehtiyac var” - AÇIQLAMA

Təhsil

1 Oktyabr 2013, 14:26


“Konstitusiyanın müvafiq maddəsinə əsasən, prezidentin şərəf və ləyaqətini qoruyan bir qanun olmalıdır. Ancaq indiyə qədər bu qanun qəbul edilməyib”. Bunu Modern.az saytına açıqlamasında YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə  vitse-spiker Ziyafət Əsgərovun prezidenti hüquqi cəhətdən qoruya bilməməklə bağlı səsləndirdiyi fikrə münasibət bildirərkən deyib. O bildirib ki, Azərbaycan cəmiyyətində dövlətin simvolu kimi dövlət başçılarına hörmət olub.
“Hesab edirəm ki, bir müddət əvvəl ölkə rəhbəri İlham Əliyevin təşəbbüsü ilə eks-prezidentlərin sosial müdafiəsi haqqında qanunun qəbul olunması prezidentlərə olan hörmətin bariz nümunəsidir. Ancaq müəyyən zamanlarda bəzi şəxslər demokratiya anlayışına tamam fərqli yanaşıb dövlət başçısının ünvanına təhqir, xarici mətbuatda həqiqətə uyğun olmayan məlumatları səsləndirməyi özlərinə şərəf bilirlər”-deyən YAP-çı deputat vurğulayıb ki, belə məsələlərə hüquqi qiymət verən sənəd ortada yoxdur.
“Söhbət kimisə cəzalandırmaqdan, kimisə bu məsələyə görə məsuliyyətə cəlb etməkdən getmir. İndiyə qədər prezidentin ünvanına təhqirlər, həqiqətə söykənməyən iddialar səslənsə də, kimlərinsə məsuliyyətə cəlb olunması ilə bağlı məhkəmə presedenti olmayıb”.

A. Mirzəzadənin fikrincə, prezidentin hüquqlarını qorumaqla bağlı qanunun qəbuluna ehtiyac var. “Kimlərinsə, tənqidi təhqirlə qarışdırmasına, demokratiyadan sui-istifadə edərək məsələyə qeyri-etik yanaşmasına hüquqi qiymət verilməlidir”-deyə A.Mirzəzadə söyləyib.

Qeyd edək ki, Milli Məclisin ötən günkü iclasında  vitse-spikeri Ziyafət Əsgərov seçki debatları zamanı dövlət başçısına qarşı yönələn təhqirlərdən ciddi narazılıq bildirib. Parlament rəsmisi  dövlət başçısını hüquqi müstəvidə müdafiə edilməsinin zəruri olduğunu vurğulayıb.  “Biz prezidenti hüquqi cəhətdən qoruya bilmirik. Təklif edirəm ki, bu məsələlərlə bağlı hüquqi müstəvidə ciddi addım atılsın. Dövlət başçısının qanunla nəzərdə tutulmuş səlahiyyətlərinə hamı hörmət etməlidir”-deyə Z. Əsgərov qeyd edib.

Aqşin Kərimov

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?