Modern.az

Araz Əlizadə: “Ələkrəm Hümmətovun yerini camaatdan soraqlaşıb tapdım”

Araz Əlizadə: “Ələkrəm Hümmətovun yerini camaatdan soraqlaşıb tapdım”

Təhsil

1 Oktyabr 2013, 16:06

“Ələkrəm Hümmətov kommunist və AXC-nin İdarə Heyətinin üzvlərindən biri olub. Ondan sonra isə o ASDP-yə gəlib”. Bunu Modern.az saytına açıqlamasında ASDP sədri Araz Əlizadə hüquqşünas Aslan İsmayılovun onun barəsində dediklərini şərh edərkən deyib.

Onun sözlərinə görə Ə.Hümmətov 1992-ci ildə orduya göndəriləndən sonra ASDP-dən çıxıb. “Sonradan Əbülfəz Elçibəy onu müdafiə nazirinin müavini təyin etdi. Mən Lənkəranda Zərdüşt Əlizadə və Arzu Abdullayeva ilə birgə rayon təşkilatımızın  partiya konfransını  keçirirdik. Həmin vaxt mənə bir polis mayoru yaxınlaşdı və dedi ki, Lənkəranın polis rəisi Əlövsət Əliyev  mənimlə görüşmək istəyir”-deyə A.Əlizadə bildirib. O qeyd edib ki, polis rəisi Ə.Hümmətovun meşəyə çəkildiyini xəbər verib.
“Əlövsət Əliyev mənə dedi ki, Ələkrəm Hümmətov polis işçilərini girov götürüb. O məndən kömək istədi ki, girovluqda olan polisləri azad edək. Mən Ələkrəmin yerini camaatdan soraqlaşa-soraqlaşa tapdım. Orda Ələkrəmlə danışdım və başa saldım ki, polislərin heç bir günahı yoxdur. Onu dilə tutandan sonra polisləri buraxdı”-deyə partiya rəhbəri vurğulayıb. O  bildirib ki, bu işdə heç bir qəbahət yoxdur.

A.Əlizadə öz növbəsində Aslan İsmayılov haqqında ittiham səsləndirməklə onun ünvanına təhqiramiz ifadələr işlədib. “Milli Şura və ona bağlı qruplar mənimlə bacarmırlar, buna görə də mənə böhtan atırlar. Bu həmin Aslan İsmayılovdur ki, Krasnodarda ermənilərlə birgə işləyib. Ondan sonra İlyas İsmayılov onu Respublika Prokurorluğuna gətirdi. Aslan İsmayılov Sumqayıt hadisələrinə görə azərbaycanlılara qarşı qəddarcasına hökmlər tələb edirdi. Bir neçə il bundan qabaq o, İlham Əliyevlə görüşəndən sonra prezidentə məddahlıq etməyə başladı. Sonra gördü ki, deputat seçilmir, başladı dövlət başçısını tənqid etməyə. Bunlar ikiüzlü, simasız insanlardır”.

Qeyd edək ki,  tanınmış hüquqşünas Aslan İsmayılov ASDP-nin prezidentliyə namizədi Araz Əlizadənin vətən xaini, özünü separatçı “Talış Muğan Respublikasının” rəhbəri elan etmiş Ələkrəm Hümmətovla əlaqəsi barədə danışarkən qeyd edib ki, onların hər ikisi eyni komandada təmsil olunub.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?