“Azərsu” Açıq Səhmdar Cəmiyyəti "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq şəhər və rayon mərkəzlərində, eləcə də kənd yaşayış məntəqələrində içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulması üzrə genişmiqyaslı işlər həyata keçirir. Belə layihələrdən biri içməli sudan əziyyət çəkən Salyan rayonunun Xıdırlı kəndində icra edilmiş və oktyabrın 1-də kəndə su verilməsi münasibəti ilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Salyan rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov uzun illər Xıdırlı kəndində içməli su probleminin olduğunu qeyd edib, “Azərsu” ASC tərəfindən həyata keçirilmiş layihənin icrası nəticəsində qısa müddətdə kəndin su təchizatının yaxşılaşdırıldığını diqqətə çatdırıb. O, gələcəkdə rayonun digər kəndlərində də içməli su layihələrinin icra ediləcəyini bildirib. “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq içməli su çatışmazlığı müşahidə olunan yüzlərlə yaşayış məntəqələrində yeni infrastrukturların yaradıldığını bildirib: “Möhtərəm Prezident İlham Əliyevin əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq içməli su problemi müşahidə olunan kəndlərdə təxirəsalınmaz tədbirlər görülür. Bəzi kəndlərdə ilk dəfə olaraq mərkəzləşdirilmiş su təchizatı sistemi yaradılır, elə kəndlərimiz də var ki, həmin yerlərdə vaxtilə yaradılmış infrastruktur istismar müddətini başa vurduğundan əhalinin tələbatını ödəmək iqtidarında deyil. Xıdırlı kəndində də belə vəziyyət yaranmışdır və layihə çərçivəsində kəndə yeni magistral su xətti çəkilmiş və paylayıcı şəbəkə yaradılmaqdadır. 2013-cü ildə “Azərsu” ASC tərəfindən Masallı, Yardımlı, Lerik, Qusar, İsmayıllı, Qobustan, Balakən, Zaqatala, Gədəbəy və digər rayonların kəndlərində su layihələrinin icrasına başlanmış və bəzi yaşayış məntəqələrində işlər yekunlaşmışdır”.Qeyd edək ki, Xıdırlı kəndinin su təchizatı sistemi ötən əsrin 70-80-ci illərində yaradılıb. Uzun müddətdir istifadə olunan magistral və paylayıcı su xətləri, anbarlar və nasos stansiyası istismara yararsız vəziyyətə düşüb. Üstəlik həmin infrastruktur kəndin yalnız 30 faizini əhatə edirdi və mərkəzləşmiş qaydada içməli su ilə təmin olunan istehlakçılar sutka ərzində cəmi 1-2 saat su alırdı.