"Rusiya Qərb dövlətlərinin, ABŞ və onun peyklərinin Moskva ilə bağlı regionda geosiyasi problemlərini həll etmək üçün Ermənistana təzyiq göstərdiyini başa düşür".
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin bəyan edib.
O, ikitərəfli münasibətlərdəki bəzi tendensiyalardan narahatlığını ifadə edib. Xüsusilə İrəvanın xarici və müdafiə siyasətinin şaxələndirilməsi ilə bağlı sualı cavablandıran səfir qeyd edib ki, xarici siyasət kursunun qurulması hər bir dövlətin suveren hüququdur, lakin Rusiya Federasiyasının səfiri kimi o, bu çərçivədə öz ölkəsinə münasibətdə olan proseslə bağlı mövqe tutmaqda daha çox maraqlıdır:
"Müəyyən suallar var, müəyyən narahatlıq var, çünki bəzən diversifikasiya kursu istər-istəməz Rusiyadan xeyli dərəcədə uzaqlaşma kimi qəbul edilir. Mənim üçün iki ölkə arasında müttəfiqlik və qardaşlıq münasibətlərini saxlamaq və gücləndirmək vəzifəsi daşıyan bir səfir kimi, bu cür tendensiya narahatlıq doğurur”.
Diplomat ABŞ Dövlət Departamentinin rəsmi nümayəndələrinin son illər və aylarda verdiyi bəyanatları xatırladıb: "Amerikalılar Ermənistanla münasibətləri açıq şəkildə Rusiya və İranın təsirinə qarşı mübarizə kontekstində qururlar".
Kopırkinin sözlərinə görə, o, Ermənistan rəhbərliyindən bu məsələ ilə bağlı heç bir şərh eşitməyib. Diplomat əmin edib ki, Rusiya rəhbərliyi Ermənistan və erməni xalqı ilə münasibətləri yüksək qiymətləndirir: "Rusiya Federasiyası bütün sahələrdə əməkdaşlığı nəinki qorumaq, həm də inkişaf etdirmək və gücləndirmək üçün mümkün olan hər şeyi etməyə hazırdır".
"Bildiyiniz kimi, Rusiya tərəfi Ermənistanın baş nazirinin İrəvanın Avrasiya İqtisadi İttifaqında sədrliyi çərçivəsində bəyan etdiyi bütün prioritetləri yüksək qiymətləndirib. Bu, Rusiyanın Ermənistanla münasibətlərdə niyyət və məqsədləri barədə çox mühüm siqnaldır. Lakin, təbii ki, tanqo rəqsinə iki partnyor lazımdır və biz gözləyirik ki, burada Ermənistan tərəfində siyasi iradə nümayiş etdiriləcək”, - Kopırkin bildirib.
Onun sözlərinə görə, Rusiya "beynəlxalq birliyin məsuliyyətli üzvü kimi" regionda "sülh və sabitliyin əldə olunmasına" yönəlmiş xətt tutacaq və Moskva isə İrəvana bu məsələdə çox vacib və dəyərli tərəfdaş kimi baxır.
Son aylar ekspertlər Ermənistan-Rusiya münasibətlərinin ardıcıl pisləşməsini qeyd ediblər. Ermənistan KTMT-nin təlimlərində iştirak etmir və bu təşkilatın baş katibinin müavini kvotasından imtina edib. Bütün bunlar bəzən qarşılıqlı ittihamlarla, diplomatik notalarla müşayiət olunur. Lakin dekabrın 25-26-da Ermənistanın baş naziri Nikol Paşinyan Sankt-Peterburqa səfər edib, burada Ali Avrasiya İqtisadi Birliyinin iclasında və MDB-nin qeyri-rəsmi sammitində iştirak edib.