Gürcüstanın paytaxtı Tiflisin küçələrində 30 150 sahibsiz it yaşayır.
Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə "Mayhew Georgia" təşkilatının araşdırmasının nəticələri dərc olunub.
Onların təxminən üçdə biri sterilizasiya (qısırlaşdırma) olunub - 10 500. Tədqiqatın məqsədi şəhər rəhbərliyinə sahibsiz heyvan populyasiyasının effektiv idarə olunması proqramının hazırlanmasına kömək etməkdir.
"Mayhew Georgia"nın məlumatına görə, küçə itlərinin rəqəmsal xəritəsi və məlumat bazası yaradılıb. Tədqiqat zamanı heyvanların yaşı, cinsi və vəziyyəti qeydə alınıb. Tədqiqat məlumatları operativdir, vəziyyət çox tez dəyişir, lakin toplanmış məlumatlar vəziyyət haqqında ümumi fikir verir.
"Mayhew Georgia" Böyük Britaniyanın "The Mayhew Home" xeyriyyə təşkilatının Gürcüstan filialıdır. Onun məqsədi evsiz heyvanlara kömək etmək, baytarlara təlim keçmək və itlərin pulsuz sterilizasiyası və peyvənd edilməsini təmin etməkdir.
2024-cü ildə təşkilat Tiflisdəki Aqrar Universitetinin ərazisində yerləşən klinikada sahibsiz itləri sterilizasiya etməyi öz prioriteti elan edib.