Martın 7-si səhər saatlarına olan məlumata görə, Ukrayna-Polşa sərhədində 2300 yük maşını növbə gözləyir.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin spikeri Andrey Demçenko telemarafonda məlumat verib.
“Bu gün səhər saatlarına olan məlumata görə, təxminən 2300 yük maşını sərhəddən keçmək üçün növbəyə dayanıb. Bu, polşalı fermerlərin yük maşınlarının hərəkətini əngəlləməkdə davam etdiyi bütün altı istiqamətdədir. Ən çox növbə Krakovets və Yaqodin keçid məntəqələrində yaranıb”, - deyə o bildirib.
Demçenko qeyd edib ki, polşalı fermerlər Ukraynadan Polşa istiqamətində yük maşınlarının hərəkətini tamamilə əngəlləməkdə davam edirlər. Son 24 saat ərzində sərhədi yalnız 50-yə yaxın yük avtomobili keçə bilib.
Xatırladaq ki, fevralın 9-da polşalı fermerlər Ukrayna ilə sərhəddə üç keçid məntəqəsini bağlayıb, yük maşınlarının və qatarların hərəkəti çətinləşib. Sonradan Ukrayna ilə sərhəddəki keçid məntəqələrindən biri açılıb. Fevralın 12-də polşalı fermerlər Ukrayna ilə sərhəddə daha iki keçid məntəqəsini bağlayıblar.
Hazırda Polşa ilə sərhəddəki 9 keçid məntəqəsindən 6-sı bağlanıb.