Modern.az

Prezident andiçmədə nədən danışdı? - TƏFƏRRÜAT

Prezident andiçmədə nədən danışdı? - TƏFƏRRÜAT

Təhsil

19 Oktyabr 2013, 16:33

B
Bu gün Milli Məclisdəki andiçmə mərasimində çıxış edən prezident İlham Əliyev ona yenidən etimad göstərən Azərbaycan xalqına minnətdarlığını bildirib. Modern.az AzTV-yə istinadən xəbər verir ki, dövlət başçısı bundan sonra da xalqın rifahı üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

“Prezident seçkiləri və bu seçkilərin nəticələri dövlət müstəqilliyinə xalq tərəfindən verilən növbəti qiymətdir” deyən İlham Əliyev seçkilərin azad şəkildə keçirildiyini və Azərbaycan xalqının iradəsini əks etdirdiyini qeyd edib. Dövlət başçısı vurğulayıb ki, 10 il əvvəl birinci dəfə prezident vəzifəsinə seçilərkən Heydər Əliyev siyasətinə sadiq qalacağına and içmişdi və bu dəfəki prezident seçkiləri Azərbaycan xalqının bu siyasətə dəstək verdiyini bir daha nümayiş etdirib.
Son 10 ilidə əldə edilən uğurlar barədə danışan prezident İlham Əliyev qeyd edib ki, ölkədə sabitliyin təmin edilməsinə ilk növbədə xalqla iqtidar arasında olan birlik səbəb olub.

”10 ildə irəli sürülən təşəbbüslər ölkəmizi daha da gücləndirib və Azərbaycanın inamlı inkişaf dinamikası saxlanılıb”. Dövlət başçısı son 10  ildə Azərbaycanın dinlərarası münasibətlərdə dünya üçün örnək olduğunu bildirib, beynəlxalq əlaqələrimizin gücləndiyini, Azərbaycan 39 ölkədə səfirliyinin açıldığını diqqətə çatdırıb. Bu dövrdə Azərbaycanın mötəbər beyənlxalq təşkilatlarda maraqlarını yüksək səviyyədə müdafiə etdiyini deyən İlham Əliyev bu gün dünyada bizimlə əməkdaşlıq etmək istəyənlərin artdığını bildirib.
Xarici siyasətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin prioritet olduğunu deyən dövlət başçısı onu da diqqətə çatdırıb ki, münaqişənin həll olunmamasının əsas səbəbi Ermənistanın riyakar qeyri-konstruktiv mövqeyi və beynəlxalq birliyin laqeydliyidir.

“Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bunu bütün dünya tanıyır. Ərazi bütövlüyü məsələsində heç bir güzəştdən söhbət gedə bilməz” deyən prezident İlham Əliyev qarşıdakı dövrdə də Azərbaycanın hücum diplomatiyasını davam etdirəcəyini diqqətə çatdırıb.

Azərbaycanın son 10 ildəki iqtisadi uğurlarından danışan İlham Əliyev bu dövrdə ölkə iqtisadiyyatının 3,4 dəfə artdığını, 1 milyon 200 mindən çox yeni iş yerinin açıldığını, işsizliyin və yoxsulluğun səviyyəsinin aşağı düşdüyünü, iki regional inkişaf proqramının icra olunduğunu bildirib. Qeyd edib ki, son 10 ildə ölkə iqtisadiyyatına 150 milyard dollar sərmayə qoyulub, əmək haqları, pensiyalar artırılıb, valyuta ehtiyatları 50 milyard dollara çatıb, sahibkarlığın inkişafı ilə bağlı mühüm tədbirlər görülüb, uğurlu sənayeşmə siyasətinə başlanılıb. Son illərdə Azərbaycanda yeni qaz yataqları kəşf edilib, TANAP və Transadriatik qaz boru kəmərləri layihələrinin icrasına start verilib, bununla da Azərbaycanın iqtisadi müstəqilliyi təmin olunub, Azərbaycanda böyük enerji potensialının yaradılıb.
Prezident deyib ki, sosial sahədə də mühüm addımların atılıb, yeni məktəblər, xəstəxanalar və olimpiya mərkəzləri tikilib. Bundan əlavə, ordu quruculuğu da diqqətdə saxlanılıb, hərbi büdcəmiz 20 dəfədən çox artıb, ölkədə hərbi sənaye kompleksi yaradılıb. Azərbaycan kosmik dövlətlər siyahısına daxil olub, son 10 ildə Azərbaycan əhalisi 9,4 milyon nəfərə çatıb.

Növbəti 5 ildə qarşıda duran vəzifələrdən danışan Prezident İlham Əliyev vurğulayıb ki, xarici siyasət sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdiriləcək. Bunun üçün iqtisadi faktordan istifadə olunacaq. İqtisadiyyatın şaxələndirilməsi, sosial siyasət və sənayeləşmə prosesi, o cümlədən ərzaq təhlükəsizliyinin tam təmin olunması, İKT-nin inkişafı istiqamətində işlər davam etdiriləcək. Dövlət başçısı korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi, elektron xidmətlərin sayının artırılması ilə bağlı fikirlərini bildirib və bu məsələlərə nail olunacağına əminliyini ifadə edib. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat