Xəbər verildiyi kimi, oktyabrın 16-da Qusar şəhərində naməlum şəxslər valyutadəyişmə məntəqəsinin işçisi Sadir Mustafayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirərək üzərindəki 6000 manatı qarət yolu ilə ələ keçiriblər.
Daxili İşlər, Milli Təhlükəsizlik və Baş Prokurorluq Qusarda qarətçilərin tapılması üçün keçirilmiş xüsusi əməliyyat barədə birgə məlumat yayıb.
DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, "isti iz"lərlə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisəni törədənlərdən biri-şəhər sakini Edik Rüstəmov saxlanılıb.
Cinayət yolu ilə əldə edilmiş pulun götürülməsi üçün rayon Polis Şöbəsinin əməkdaşları şəhər kənarındakı meşə zolağına daxil olarkən E.Rüstəmovla cinayətkar əlaqələri olan 2 naməlum şəxs tərəfindən odlu silahdan açılan atəş nəticəsində polis mayoru Qalib Quliyev həlak olmuş, digər 3 əməkdaş isə müxtəlif dərəcəli xəsarətlər almışdı.
Sonrakı əməliyyat-axtarış tədbirləri ilə silahlı hücumun Qusar sakinləri Faiq Şahmuradov və Ramiz Rəhimxanov tərəfindən törədilməsi müəyyən edilib. Hüquq-mühafizə orqanları əməkdaşlarının birgə həyata keçirdikləri intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində onların gizləndikləri yer müəyyən olunub.
Silahlı cinayətkarların zərərsizləşdirilməsi üçün xüsusi əməliyyat tədbiri keçirilib, bu zaman həmin şəxslər avtomat, tapança və əl qumbaralarından istifadə etməklə şiddətli müqavimət göstəriblər. Nəticədə Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qrupu tərəfindən Faiq Şahmuradov və Ramiz Rəhimxanov məhv edilib.
Onların meşə massivində gizləndikləri xüsusi hazırlanmış siğınacağa baxış zamanı 1 avtomat, 2 tapança, çoxlu sayda əl qumbaraları, süngü-bıçaqlar və digər döyüş sursatları, həmçinin xeyli miqdarda müxtəlif ərzaq məhsulları götürülüb.
Göstərilən faktlar üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Modern.az