Gəncədə “II Beynəlxalq Şərab Festivalı” keçiriləcək. Bu haqda Gəncə Şəhər İcra Hakimiyyətinin sözçüsü Kənan Məmmədov məlumat verib.
Festival Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, həmçinin, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Fransadakı Səfirliyi tərəfindən birgə təşkil edilir.
“II Beynəlxalq Şərab Festivalı” çərçivəsində, tədbirlər planına müvafiq olaraq, 01 noyabr 2013-cü il tarixdə, III Bakı Beynəlxalq Humanitar Forumunun qonaqları Gəncə şəhərinə səfər edəcək, şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşəcəklər. Onlar Göygöl rayonunun Mixaylovka qəsəbəsində şərab istehsalı layihəsinin reallaşmasına dair “Anlaşma Memorandumu”nun imzalanması və təməlqoyma mərasimində iştirak edəcək, “Gəncə Şərab-2”, ADAU-nun Aqrotexnologiya fakültəsinin Qida Texnologiyası laboratoriyası ilə tanış olacaq, şərabların dequstasiyası və Göygöl şərab istehsalı müəssisəsinə baş çəkəcəklər.
02 noyabr 2013-cü iltarixində isə şəhər gəzintisi, eləcə də tarixi abidələrin ziyarət edilməsi, o cümlədən, Xan Bağı, qədim Gəncə ilə tanışlıq, Xəmsə kompleksi, Şah Abbas məscidi, Cavadxan türbəsi, Çökək Hamam, Azərbaycanın dahi şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət, Gəncənin Təndir çörəyi istehsalı turistik layihəsinin və yerli pendirinin dequstasiyası, Azərbaycanın görkəmli şairəsi Məhsəti Gəncəvi yaradıcılığının 900 illik yubileyinə həsr olunmuş sərgiyə baxış və müvafiq konfransda iştirak, Cavadxan küçəsində təşkil olunacaq şərab festivalında iştirak və qonaqların şərəfinə M.C.Paşayev muzeyində poeziya axşamının və konsertin təşkil edilməsi planlaşdırılır.
Bununla əlaqədar olaraq, şərabçılıq mədəniyyətinin formalaşması, onun ənənələrinin təbliğ olunması üçün bu festivalda respublikamızda fəaliyyət göstərən şərab müəssisələrinin, həmçinin, Fransa, İtaliya, İspaniya, Rumıniya, Çexiya, Gürcüstan, Moldova, Türkiyə, Ukrayna, Rusiya, Almaniya, Çin, Avstriya, ABŞ, İsveçrə və İsraildən şərabçılar ittifaqlarının və assosiasiyaların, eləcə də şərab istehsalçılarının istehsal etdikləri şərab məhsulları ilə iştirakı da nəzərdə tutulur.
Qeyd edək ki, sözügedən festivalda gələcəkdə Gəncədə Fransız çörəyi (boulangerie) layihəsinin reallaşmasına dair müzakirələrin aparılması da planlaşdırılır.
Modern.az